Məmur hərisliyi piyadaya səkidə şərait yaratmağa imkan vermir - EKSPERT

Sosial 23 Fevral 2026 14:30
Məmur hərisliyi piyadaya səkidə şərait yaratmağa imkan vermir - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkədə avtomobil və digər nəqliyyat vasitələrinin sayı artdıqca, piyadaların hərəkət təhlükəsizliyi məsələsi önəmli problemə çevrilib. Piyada keçidləri, səkilər və yolların vəziyyəti, həmçinin piyadalar üçün yaradılan şərait bu sahədə diqqət mərkəzindədir. Bu səbəbdən ölkədə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni dövlət standartının hazırlanması və tətbiqi öz aktuallığını qoruyur.

Avtosfer.az xəbər verir ki, Azərbaycanda piyadaların hərəkət təhlükəsizliyi sahəsində yeni dövlət standartının hazırlanması yenidən gündəmdədir. “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər” adlı standartın yaxın zamanda qəbul ediləcəyi gözlənilir. Bu təşəbbüs, şəhər küçələrində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə atılan mühüm addım kimi qiymətləndirilir. Maraqlıdır ki, yeni standartda nələr diqqət mərkəzində saxlanılmalıdır?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, əgər doğrudan da bir siyasət yürüdülürsə, piyadalar üçün yollar, səkilər rahat və təhlükəsiz olmalıdır, elə bu istiqamətdə addım atmaq lazımdır:

“Azərbaycanda, onsuz da, son dövrlər piyada yönümlü şəhər siyasəti yürüdülür. Küçələrin, səkilərin piyadalar üçün əlçatan və rahat olması üçün müəyyən addımlar atılır. Amma bununla paralel həm də biz görürük ki, hansısa səki ticarət obyektləri tərəfindən zəbt olunur, hələ də avtomobil satılır, məmurun icazəsi ilə, icra başçının icazəsi ilə teras tikilir, çay evi tikilir, gül dibçəkləri ilə yollar kəsilir. Yəni, bunun fonunda digər məsələ itib batır. Bu özbaşınalıqların, məmur hərisliyinin fonunda piyadalar üçün müəyyən şərait yaradılması məsələsi arxa plana keçir. Bu da təbii ki, düzgün yanaşma deyil. Əgər yenə də səkiləri satıb ticarət qurmaq istəyiriksə, o zaman bu yanaşmanın heç bir mənası qalmır”.

Ekspert deyib ki, indiki halda avtomobil yolları və küçələr yenidən işlənilməli, yeni mərhələdə hansısa yeni yanaşmalar olmalıdır:
“Amma piyadaların hərəkəti üçün də təhlükəsiz mühit yaradılmalıdır. Bu, ən vacib şərtdir və bu şərtin başqa bir müzakirəsi olmamalıdır. Ancaq bəzi məmurların baxış bucağından baxanda görürük ki, səkiləri satırlar, onlar üçün münbit şərait yaradırlar: ticarət məkanları, çayxanalar, meyvə dükanları, gül dükanları, teras və s. Hələ də bu proses davam edir. Belə olan halda piyadalara bağlı yanaşma insanı narahat edir, çünki bu, ədalətli deyil. Yəni, əgər biz bunu sözdə edəcəyiksə, bir mənası qalmayacaq. Yox, əməldə olacaqsa, o zaman səkini ticarət məkanına çevirməyin mənası nədir? Ona nə ad qoymaq olar? Yanaşmalar fərqlidir. Yəni, səmimi yanaşma deyil. Sözdə “piyada təhlükəsizliyi”nin bizim üçün nə verəcəyini anlamıram. O, bizə lazım deyil. Əməldə olacaqsa, əlbəttə, bunu alqışlamaq lazımdır”.
Nurcan Babək

Oxunub : 206
ŞƏRH YAZ
Ad

E-mail

Şərh