Metroda qiymətlər dəyişəcək? - AÇIQLAMA

“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli metroda tarif siyasəti ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, bu sahədə analitik qiymətləndirmələr davam etdirilir. Onun sözlərinə görə, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzrə aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan yarada bilər. Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliklərinin əsas məqsədi gəlirlərin artırılması deyil, metro xidmətinin təhlükəsizliyinin, etibarlılığının və dayanıqlılığının təmin edilməsidir.
“Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha stabil və çevik qurulması, qatarlararası intervalın azaldılması, 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi, eləcə də stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətlərdir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında öz əksini tapacaq”, – deyə Kamal Hüseynli vurğulayıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə metroda diferensial tariflərin tətbiqinin hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün metro şəbəkəsi xeyli genişlənməlidir: “Diferensial tarifdən danışmaq üçün ən azı daha 10 metro stansiyasının tikilməsi lazımdır. Şəbəkə genişlənmədən bu model gündəmə gələ bilməz. İndiki mərhələdə əsas müzakirə mövzusu Brutto müqaviləyə keçid olmalıdır. Bu keçid 2026-cı il yanvarın 1-dən baş verib və əsas məqsəd müxtəlif nəqliyyat növlərinin inteqrasiyasını sürətləndirməkdir”.
Ekspert bildirib ki, bu model çərçivəsində gündəlik, aylıq və illik bilet paketləri, eləcə də güzəştli kateqoriyalar üçün xüsusi tariflər nəzərdə tutulur: “Güzəşt qruplarına tələbələr, təqaüdçülər, müharibə veteranları daxildir. Bu sistemdə 90 dəqiqəlik pulsuz tranzit vaxtı da önəmli yer tutur. Uzaq məsafədən – Sumqayıt, Ələt, Bilgəh kimi ərazilərdən gələn sərnişinlərin xərcləri daha çox olur. Onlar üçün gündəlik və aylıq güzəşt paketləri tətbiq edilə bilər. Sərnişin bir dəfə ödəniş edir və 90 dəqiqə ərzində həmin ödənişlə müxtəlif nəqliyyat vasitələrindən istifadə edə bilir. Bu da xərclərin optimallaşdırılması deməkdir”.
Rauf Ağamirzəyev qeyd edib ki, hazırda Bakı metrosunun 27 stansiyası fəaliyyət göstərir: “Bu proses daha çox 2030-cu ildən sonra mümkün görünür. Hazırkı mərhələdə tələskənliyə yol vermək olmaz. İndiki şəraitdə metroda diferensial tarif dəyişikliyini real hesab etmirəm”.
Qeyd edək ki, diferensial tarif modeli sərnişinlərin metrodan istifadə məsafəsinə, hərəkət zonalarına və sosial kateqoriyalarına (tələbə, təqaüdçü, işləyən sərnişinlər və s.) uyğun olaraq fərqli ödəniş etməsini nəzərdə tutur.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










