Qlobal istiləşmənin həcmini böyüdən amillər nələrdir - Ekoloq İZAH ETDİ

Qlobal istiləşmə müasir dövrün ən ciddi ekoloji problemlərindən biri kimi dünya gündəmində mühüm yer tutur. Bu anlayış Yer kürəsində orta temperaturun tədricən artması ilə xarakterizə olunur və iqlim sistemində uzunmüddətli dəyişikliklərə səbəb olur. Son onilliklərdə müşahidə olunan iqlim dəyişiklikləri, ekstremal hava hadisələrinin artması və təbii tarazlığın pozulması bu mövzunun aktuallığını daha da artırır.
Avtosfer.az xəbər verir ki, sənayeləşmə, urbanizasiya və texnoloji inkişaf fonunda ətraf mühitə təsirin artması qlobal istiləşmə ilə bağlı müzakirələri daha da intensivləşdirib. Bu proses təkcə qlobal səviyyədə deyil, ayrı-ayrı ölkələr və regionlar üçün də ciddi nəticələr doğura bilər. Ona görə də qlobal istiləşmə məsələsi həm elmi, həm də ictimai baxımdan geniş şəkildə araşdırılan və diqqət mərkəzində olan mövzulardan biridir.
Ekoloq Cəmşid Bəxtiyar Avtosfer.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmənin bir neçə səbəbləri var:

“Qlobal istiləşmə dedikdə Yer kürəsinin orta temperaturunun uzun müddət ərzində artması prosesi nəzərdə tutulur. Bu, əsasən atmosferdə istixana qazlarının – karbon qazı (CO₂), metan (CH₄) və digər qazların miqdarının artması nəticəsində baş verir. Bu qazlar istixana effekti adlanan hadisəni gücləndirir və nəticədə Yer səthinin temperaturu tədricən yüksəlir. Bunlardan birincisi fosil yanacaqların istifadəsidir. Neft, qaz və kömür kimi yanacaq növlərinin yandırılması zamanı böyük miqdarda karbon qazı atmosferə buraxılır və bu da istiləşmə prosesini sürətləndirir. İkinci mühüm amil meşələrin qırılmasıdır. Ağaclar karbon qazını udaraq atmosferin tarazlığını qoruyur. Meşələrin azalması isə karbon qazının udulmasını zəiflədir və nəticədə onun atmosferdə miqdarı artır. Digər amillərdən biri kənd təsərrüfatıdır. Xüsusilə heyvandarlıq sahəsində metan qazı emissiyaları müşahidə olunur. Lakin müasir texnologiyalar, məsələn, biqaz qurğularının tətbiqi ilə bu emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bu halda tullantılar emal olunur, metan tutulur və enerji mənbəyi kimi istifadə edilir”.
Ekoloqun sözlərinə görə, sənaye və istehsalat da dünyadakı qlobal istiləşmənin böyüməsində mühüm rol oynayır. Zavod və fabriklərdən atmosferə buraxılan qazlar qlobal istiləşməni artıran əsas mənbələrdəndir:
“Bundan əlavə, nəqliyyat vasitələri, xüsusilə daxili yanma mühərriki ilə işləyən avtomobillər və təyyarələr də istixana qazlarının mühüm mənbəyidir. Müasir elmi konsensusa görə qlobal istiləşmənin 90%-dən çoxu insan fəaliyyəti ilə bağlıdır. Xüsusilə XVIII əsrdə başlayan sənaye inqilabından sonra temperatur artımı daha da sürətlənmişdir. Günəş aktivliyi və vulkanlar kimi təbii amillər də mövcuddur, lakin onların təsiri nisbətən azdır. Azərbaycanda da qlobal istiləşmənin təsirləri hiss olunur. Son illərdə yay aylarında temperaturun artması, quraqlığın güclənməsi və su ehtiyatlarının azalması müşahidə edilir. Bu proseslər bir-biri ilə sıx bağlıdır və qarşılıqlı təsir göstərir. Bundan əlavə, Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər də iqlim dəyişiklikləri ilə əlaqələndirilir. Azərbaycan yarı-quraq iqlim qurşağında yerləşdiyinə görə iqlim dəyişikliklərinə qarşı daha həssasdır. Bu səbəbdən qlobal istiləşmənin yaratdığı problemlər ölkədə də açıq şəkildə müşahidə olunur və xüsusilə kənd təsərrüfatına mənfi təsir göstərir”.
Nurcan Babək
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qazdılar, əvvəlki halına qaytarmadılar - Bakıxanovda yol problemi - VİDEO
Keşlədə infrastruktur problemləri: Sakinlər çətinliklərlə üz-üzədir - VİDEO
Bakı sakinlərinə qurulan "ölüm tələ"si - "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!" - VİDEO
Birinci sinifə qəbul “mygov” üzərindən tətbiq olunsa, hansı çətinlikləri ortaya çıxacaq? – Ekspert AÇIQLADI
Plastik qablardan istifadə niyə təhlükəlidir? - Mütəxəssis AÇIQLADI
Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA
Dövlət yağışla bağlı necə yüz faizlik ehtiyat tədbiri görə bilər?
İlham Əliyev qanun imzaladı
İmtahan nəticələri AÇIQLANDI
Bakıda 1600 ev söküləcək - KOMPENSASİYA VERİLƏCƏK?










