Banner

Qorxu filmləri hansı insanlar üçün təhlükəli hesab olunur? - AÇIQLAMA

Sosial 26 Dekabr 2025 18:00 Oxunub 128
Qorxu filmləri hansı insanlar üçün təhlükəli hesab olunur? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə qorxu filmlərinin sayı artmaqda davam edir və bu janrın izləyiciləri arasında heyrətlə gözləyən, maraqla, hətta həvəslə izləyən insanlar var. Qorxu filmləri həm estetik, həm də əyləncəli cəhətləri ilə tamaşaçıları cəlb edir. Lakin problem ondadır ki, bəzən yaş kateqoriyaları ciddi şəkildə nəzərə alınmadan bütün yaş qruplarından olan insanlar, o cümlədən uşaqlar və yeniyetmələr də qorxulu filmlərə baxırlar. Bu vəziyyət psixoloji təsirlərin artmasına, bəzən isə gündəlik davranışlarda problemlərin yaranmasına səbəb ola bilər. Beləliklə, qorxu filmlərinin artan populyarlığı və izləyici marağı, eyni zamanda düzgün tənzimlənmədikdə, müəyyən risklər də yarada bilir. Bəs qorxulu filmlərə baxan şəxslər hansı məqamlara diqqət etməlidirlər ki, onların sağlamlığı sual altında qalmasın?

Bununla bağlı psixoterapevt Orxan Şəfizadə Avtosfer.az-a bildirib ki, qorxu filmlərinin insan psixologiyasına təsiri uzun müddət araşdırılıb və bəzi riskləri üzə çıxarıb. Nəticə isə odnan ibarətdir ki, qorxu filmləri hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil:
“Əgər zəif psixoloji quruluşa malik insanlar varsa, xüsusilə uşaq və yeniyetmələr qorxu filmlərindən ciddi təsirlənə bilər. Qorxu səhnələri onların stress səviyyəsini artırır, yuxu problemlərinə, gecə qorxularına və hətta panik ataklara səbəb ola bilər. Realist və qrafik səhnələr bəzi insanlarda travma yarada bilər. Şiddət, ölüm və qan səhnələri uzun müddətli psixoloji iz buraxa bilər, bu da gündəlik həyatda sosial qorxu və təcridə gətirib çıxara bilər. Bəzi qorxu filmlərində qəhrəmanların riskli və təhlükəli davranışları qəhrəmanlaşdırılır. Psixoloji baxımdan daha həssas insanlar bunu normal və təqlid ediləsi bir davranış kimi qəbul edə bilər, nəticədə real həyatda riskli vəziyyətlər yarana bilər. Uşaqların psixoloji müdafiə mexanizmləri tam formalaşmayıb. Qorxu filmləri onların dünyagörüşünü qorxu və şübhə ilə doldura, həmçinin empati və sosial münasibətlərdə problemlərə yol aça bilər. Qorxu səhnələri adrenalin və kortizol səviyyəsini yüksəldir, bədənin “döyüş və ya qaç” reaksiyasını aktivləşdirir. Kabuslar, gecə qorxuları və yuxusuzluq kimi hallar baş verə bilər”.

Psixoloqun sözlərinə görə, qorxu filmlərinə yaşa və psixoloji həssaslığa görə məhdudiyyətlər qoyulması zəruridir. Məsələn, uşaq və yeniyetmələr üçün xüsusi reytinq sistemi tətbiq oluna bilər, qorxu səhnələrinin miqdarı və şiddəti monitorinq altında saxlanıla bilər. Bu yanaşma həm əyləncəni qoruyur, həm də psixoloji zərərlərin qarşısını alır.

Kinoşünas Aygün Aslanlının fikrincə, qorxu filmlərinə baxmaq insanın öz seçimidir:
“Qorxu filmləri incəsəntin, kinonun bir janrıdır. Həm bir sənət kimi həm də əyləncə kimi istifadə oluna bilər. Fikirləri ifadə etməyin bir çox yolu var. Qorxu filmləri də bunlardan biridir. Qorxu filmlərə “16+” və “18+” kimi kateqoriyalar qoyulur və tənzimlənir. Psixologiyası zəif olan şəxslər, uşaqlar qorxu filmlərə baxmasınlar. Əslində bu bir seçim məsələsidir. Kim nəyə istəyir ona da baxır. Zərərli olduğunu bilirlərsə, bu filmlərə baxmasınlar”.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh