Sürücü yatacaq, avtomobil özü gedəcək: Yeni qaydalar tətbiq olunur

Sosial 4 İyun 2026 22:03
Sürücü yatacaq, avtomobil özü gedəcək: Yeni qaydalar tətbiq olunur
WhatsApp kanalımıza abunə olun

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi gündəliyə salınıb. Layihədə avtonom, yəni sürücüsüz nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər də əksini tapır. Layihəyə əsasən, avtonom nəqliyyat vasitələri yalnız səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazilərdə və avtomobil yollarında hərəkət edə biləcək. Layihədə göstərilir ki, avtonom nəqliyyat vasitələrinin idarəetmə sistemləri xüsusi nəzarət mərkəzinə inteqrasiya olunacaq. Bu mərkəz onların hərəkətini izləyəcək, fəaliyyətlə bağlı məlumatları saxlayacaq və zəruri hallarda nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması barədə tədbirlər görəcək. Nəzarət mərkəzi nəqliyyat vasitəsində və ya idarəetmə sistemində nasazlıq aşkarlandıqda, müəyyən edilmiş marşrutdan kənara çıxıldıqda və ya yol şəraiti təhlükə yaratdıqda avtonom nəqliyyat vasitəsinin istismarını dayandıra biləcək.

Azərbaycanda sürücüsüz avtomobillər yoxdur. Bu halda belə bir qanun nədən ötrüdür? Ölkədə sürücüsüz avtomobillərin istismarına hazırlıq görülürmü?

Avtosfer.az-ın məlumatına görə, "Medianews"un sualını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyada texnologiyalar sürətlə inkişaf edir və Azərbaycan bu dəyişikliklərə həmişə hazır, açıq olmalıdır:

“Buraya qanunvericilik bazasının təkmilləşdirilməsi, möhkəmləndirilməsi tədbirləri də aiddir. Əslində bu cür avtomobillər artıq Azərbaycanda var və idarə olunur. Amma onların istismarı məsələsində müəyyən boşluqlar mövcuddur. Tutaq ki, sürücü sükan arxasında deyilsə, buna yanaşma necə olmalıdır? Axı bizim qanunvericiliyə görə, sürücü mütləq sükan arxasında oturmalı, əli də sükanda olmalıdır. Hətta sükandan əlini çəkmək belə məsuliyyət yaradır. Amma avtonom avtomobillərdə sistem elə qurulub ki, avtomatlaşdırılmış idarəetməni işə salıb sükan arxasında yata da bilərsən. Maşın öz-özünə gedir və səni əvvəldən naviqasiyaya yazdığın, proqramlaşdırdığın ünvana çatdırır. Bax, belə fərqli məqamlar var, ona görə bunların hamısı qanunda əksini tapmalıdır.

Avtonom nəqliyyat vasitəsini idarə edirsənsə, buna uyğun tələblər olmalıdır, hansı şərtlər çərçivəsində hərəkət etməli olduğunu bilməlisən. Məsələn, kimsə gəlib paytaxtın Neftçilər prospektində avtonom nəqliyyat vasitəsini idarə edə bilməz. Deyək ki, magistral yoldursa, bəli, orda idarə edə bilər. Dünyada bu cür avtomobillərə yanaşma belədir”.

E.Muradlının fikrincə, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklər tamamilə ədalətlidir: “Müvafiq qurumlar qaydaları müəyyənləşdirəcək, normativ hüquqi aktlar formalaşdırılacaq. Avtonom nəqliyyat vasitəsi hansı halda yol hərəkətindən kənarlaşdırılmalı, hərəkəti dayandırılmalı, sadə dildə desək, cərimə meydançasına aparılmalı, cərimə tətbiq olunmalıdır? Bu və digər məsələlərin qanunla tənzimlənməsi vacibdir və hazırda parlament komitəsinin gündəliyinə salınan düzəlişlər də buna xidmət edir”.

Oxunub : 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh