Vətəndaş şəhərin mərkəzinə necə gəlməlidir? - Ekspertdən AÇIQLAMA

Sosial 15 May 2026 14:06
Vətəndaş şəhərin mərkəzinə necə gəlməlidir? - Ekspertdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanovun ATV telekanalına müsahibəsində səsləndirdiyi fikirlər ictimaiyyət və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Qurum rəhbəri bildirib ki, hazırkı mərhələdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə birbaşa şəhər mərkəzinə bağlanması məqsədəuyğun deyil. Onun sözlərinə görə, ilk növbədə şəhər mərkəzində metro şəbəkəsinin şaxələndirilməsi daha vacibdir.

Bu mövqe bir sıra istifadəçilər və mütəxəssislər tərəfindən tənqid olunub. Tənqidlər əsasən metro genişlənməsinin ləngiməsi və ətraf qəsəbələrdə yaşayan sakinlərin nəqliyyat əlçatanlığının arxa plana keçməsi ilə bağlıdır.

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər yeni açılan platforma mərkəzi stansiyalara doğru sərnişin sıxlığını artırır:

"Görünən odur ki, burada Vüsal Aslanov fikrini tam ifadə edə bilməyib. Bir məntiq doğrudur ki, hər yeni açılan platforma mərkəzi stansiyalara doğru sıxlığı artırır. Məsələn, bu gün ‘Həzi Aslanov’ stansiyasından başlayırıqsa, sabah metro Günəşliyə açılsa, ‘Həzi Aslanov’a qədər qatar dolu olacaq. Əgər sərnişinlərin böyük hissəsinin məqsədi oradan ‘28 May’ stansiyasına gəlməkdirsə, mövcud infrastruktur bu yükü daşımaqda çətinlik çəkəcək”.

Ekspert hesab edir ki, əsas problem yeni stansiyaların yalnız bir xətt üzrə planlaşdırılmasıdır:

"Problem ondadır ki, metro stansiyaları əsasən bir xətt üzrə açılır. Halbuki keçid stansiyaları düzgün təşkil olunsa, bu daha məqsədəuyğun olar. Məsələn, Yeni Yasamala getmək istəyən vətəndaş da haradansa xəttə qoşularaq bu sistemdən faydalana bilər. Hazırda bizə daha çox üfüqi xəttlər deyil, perpendikulyar keçid stansiyaları lazımdır”.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, indiyə qədər nəqliyyat siyasətimiz çoxlu səhvlər üzərində qurulub:

"Hər bir insanın şəhərin istənilən yeri ilə ictimai nəqliyyat vasitəsilə əlaqəsi olmalıdır. Dövlətin şəhərətrafında yaşayan sakinlərin mərkəzə gəlmək imkanlarını məhdudlaşdırmaq kimi bir niyyəti ola bilməz. Hər bir vətəndaşın normal ictimai nəqliyyata tələbatı var və dövlətin borcu onu təmin etməkdir. Nəqliyyatla bağlı alternativ variantlar olmalıdır. İndiyə qədər nəqliyyat siyasətimiz çoxlu səhvlər üzərində qurulub. Hazırda bu problemlərin həlli istiqamətində bəzi addımlar atılır, dövlət proqramları qəbul olunur. Dövlət in əvvəl nəqliyyat siyasətini bərbad vəziyyətə salıb, indi isə "vətəndaş şəhərin mərkəzinə gəlməsin” demək düzgün deyil”.

Mövzu ətrafında müzakirələr davam edir və ictimaiyyət metro şəbəkəsinin gələcək inkişaf konsepsiyası ilə bağlı daha aydın izahların verilməsini gözləyir.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh