DYP-nin tağım komandirindən müraciət – Elə düşünməyin ki... - VİDEO
DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımı Cəlilabad şəhərindəki 1 saylı orta məktəbdə maatifləndirici tədbir keçirib. Tədbirdə müəllimlər, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Toplantıda çıxış edən 11-ci tağımın komandiri, polis mayoru Hikmət Qafarov bildirib ki, maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd insanların təhlükəsizliyinin təmin edilməsidir. «Biz hər birimiz yol hərəkəti iştirakçısıyıq. İstər sürücü olsun, istər piyada, istər velesipedçi - hər biri ayrı-ayrılıqda yol hərəkətinin iştirakçısıdır və təhlükəsizliyin təmin edilməsi zəruridir. Bunun üçün də hər bir yol hərəkəti iştirakçısı təhlükəsizlik qaydalarını bilməli və əməl etməlidir».
Tağım komandiri öncə yolun düzgün keçilməsi qaydasından danışıb. Bildirib ki, təhlükəsizliyin ilk şərti piyada keçidlərinə diqqət edilməsidir. “Sürücülər bu keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, dayanmalı və piyadaların təhlükəsiz şəkildə yolu keçməsinə şərait yaratmalıdır. Eyni zamanda, piyadaların da üzərinə düşən məsuliyyət budur ki, yolu keçərkən mütləq şəkildə keçidlərdən istifadə etsinlər”.
Tağım komandiri bildirib ki, piyadalar xüsusilə ehtiyyatlı olmalıdır. “Bəzən elə düşünürük ki, keçid varsa necə gəldi keçmək olar. Tam əmin olmaq lazımdır ki, nəqliyyat vasitəsi dayandı, sonra keçidddən keçmək olar. Bəzən piyadalar iri qabaritli avtomobilləri nəzərə almır. Yolun kənarında gözləyir və nəqliyyat vasitəsinin keçidə çatmasına 5 metr qalmış yola çıxır. Nəzərə almaq lazımdır ki, həmin avtomobil müəyyən sürətlə gəlir və dayanması üçün vaxt lazımdır. Yəni yük dolu avtomobil keçidə 5 metr qalmış əyləci nə qədər bassa da dayana bilməyəcək. Bunlara diqət yetirmək önəmlidir.”
Tağım komandiri bildirib ki, 2017-ci ildə baş verən yol qəzalarında 62 azyaşlı dünyasını dəyişib. “Bu, çox ağır faktdır. İndi təsəvvür edin ki, velosipedi düzgün yerdə idarə etmədikdə, yolu düzgün keçmədikdə hansı fəsadlar ortaya çıxır. Ümumiyyətlə, bəzən tələsmək ağır fəsadlar törədir. Bir neçə dəqiqə gözləmədikdə dünya ilə əbədi olaraq vidalaşmaq mümkündür. Yaxud da yolu düzgün keçməyən piyadanın ucbatından onu vurmamaq üçün hansısa avtomobil qəza törədir və insanlar xəsarət alır.”
Sərxoş sürücülər barədə danışan tağım komandiri bildirib ki, təəssüfedici hallardan biri də sükan arxasında belə məsuliyyətsiz şəxslərin olmasıdır. “Belə hallarda risk 5 dəfəyə qədər artır. Sərxoş sürücü ya özünə, ya da başqalarına ziyan vurur. Odur ki, bu cür sürücüləri də nəzərə almaq v yolu keçəndə ehtiyyatlı olmaq lazımdır”.
Tağım komandiri məktəblilərə də müraciət edib. Bildirib ki, yol hərəkəti qaydalarını öyrənmək və öyrətmək vacibdir. “Bu qaydaları öyrənin, dostlarınıza da öyrədin. Həmçinin, valieyinlərinizə də kömək edin. Məsələn, səhər evdən çıxanda “ata yolunu gözləyirik” deməklə onları daha ehtiyyatlı olmağa çağırın.”
Velosiped idarəçiləri barədə məlumat verən Hikmət Qafarov bildirib ki, burada da qaydalara riayət edilməlidir. “Bəzən biz velosiped alırıq və düşünürük ki, bu, avtomobil deyil və necə istəsək idarə edə bilərik. Amma burada da qaydalar var. Məsələn, gecə vaxtı əks olunan ön və arxa stop işıqları, güzgü və zəng olmalıdır. Həmçinin velosipedi tək əllə idarə etməyi bilmək lazımdır. Şünki sağ və sola dönərkən arxadan gələn nəliyyat vasitəsinə əlinizlə işarə etməlisiniz. Həmçinin, təhlükəsizlik qaydalarına uyğun olaraq xüsusi dəbilqə, dizlik və qolluq geyinmək vacibdir. Hətta deyərdim ki, velosipedi idarə etmək avtomobildən də çətindir. Bu, sizə asan gəlməsin.”
Tağım komandiri avomobildən yollara, küçələrə zibil və müxtəlif əşyalar atan sürücülər haqqında danışaraq bildirib ki, bu, həm ətraf mühitin çirkləməsinə, həm də digər nəqliyyat vasitələrinə təhlükə yaranmasına səbəb olur. “Məsələn, biri su içib qabını pəncərədən atır. Arxadan gələn sürücü də maneədən qaçmaq üçün manevr edir və qəza törədir. Bunu da nəzərə almaq lazımdır.”
Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara yol hərəkəti təhlükəsizliyi barədə materiallar paylanıb. Bu cür maarifləndirilmə işlərinin davamlı olacağı diqqətə çatdırılıb.
Orxan Əli