“Gecə komandiri” və gecə “Tarqovı”da gəzən rəis - FOTO
Səbail rayonu. Fəvvarələr meydanı. Saat 22:30-dur. Bura, sözün əsl mənasında, qaynar qazandır. Elə gündüzləri də belədir. İnsan əlindən iynə atsan yerə düşməz. Hələ səhərə çox var. Bakı gecələrinin sehrinə düşən əcnəbilər, ölkəmizə gələn turistlər heç də özlərini yad kimi, qonaq kimi aparmırlar. Zəngin mədəniyyətimiz, min bir dərdin dərmanı olan nemətlərimiz, füsunkar təbiətimiz, həmçinin dosta, qonağa səmimiyyətimiz, ən ümdəsi, sabitlik adlı sərvətimiz Vətənimizə gələnlərin heyranlığına səbəb olan əsas özəlliklərdəndir.
Azərbaycanı dünyaya tanıtmaq üçün illər öncə atılan addımlar, uğurlu daxili və xarici siyasət bu gün öz bəhrəsini verir. Əgər dünyanın o biri üzündə Azərbaycan deyəndə, üç rəngli bayraq, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq, hər kəsin tolerant mühitdə yaşadığı, Şərqdə ilk demokratik dövlət quran məmləkət yada düşürsə və onu görmək üçün insanlar Azərbaycana, paytaxtımıza axışırsa, deməli, Vətənimiz dünyanın, belə deyək, ən görünən, sayılan və seçilən ölkələri sırasına çıxıbdır.
Azərbaycan inkişaf və sabitlik adasıdır. Elə bunu ölkəmizə gələn turistlərin dilindən tez-tez eşidirik. Bəli, sabitlik, əmin-amanlıq olan yerdə inkişaf da var, rifah da. Bu inkişafa, bu yüksəlişə töhfə verənlərin sırasında heç şübhəsiz ki, hüquq-mühafizə orqnlarının, eləcə də Azərbaycan Polisinin öz imzası, öz dəst-xətti var…
“Fəvvarəlr meydanı”ndayam. Onları müşahidə edirəm. Davranışları, ünsiyyətqurma bacarıqları, püxtələşmiş peşə vərdişləri diqqətimi çəkir. Dünyanın hər yerində belədir: Turistlərin müraciət etmək üçün ilk üz tutduqları ünvan polislərdir. Həm də gecənin bu vədəsində, bu saatda onların burda olması həm sakinlərimizdə, həm də turistlərin özündə arxayınlıq yaradır.
Yeri gəlmişkən, gecənin bu vaxtında RPİ-nin rəisi, polis polkovniki Şəmşir Kazımovun ərazidə gəzintiyə çıxması təəccübümə səbəb olsa da məni heyrətləndirmədi. Çünki təcrübəli polis zabiti yaxşı bilir ki, obrazlı desək, bir nömrəli rayonda xidməti təşkil və ona nəzarət etmək çətin, həm də məsuliyyətlidir. Məhz rəhbər şəxsin xidmətinə bu yanaşması Səbaildə, xüsusən də “Fəvvarəlr meydanı”nda hər hansı bir neqativin yaşanmamasının əsas göstəricisidir…
Bu fikir illərdir ki, öz təsdiqini tapıb: “Bayır xidməti polisin simasıdır”…
Səbail RPİ Post-Patrul Xidməti bölüyünün əməkdaşlarının əksəriyyətini, demək olar ki, tanıyıram. Məhz onların sayəsində ərazidə avaralıq və dilənçiliklə məşğul olanlara rast gəlinmir.
“Gecə komandiri”. RPİ-nin rəhbərliyi də, əməkdaşlar da ona belə deyirlər. Bəlkə də yazıya bu başlığı seçməyim və gec də olsa mətləb üstə gəlməyim sizləri yorsa da, inanıram ki, onu mənim kimi yaxından tanıyandan sonra “bərəkəllah”,- deyib polisə üzağlığı gətirən belə gənclərimizin bir deyil, beş deyil, onlarla, yüzlərlə olduğuna sevinəcəksiniz.
Tağım komandiri, polis leytenantı Rəşad Həziyev 1985-ci ildə Cəbrayılda doğulub. DİN-in Daxili Qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra 2010-cu ildə daxili işlər orqanlarına qəbul olunub. Polis nəfəri kimi verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyi, təşkilatçılıq bacarığı, komandirlik qabiliyyəti sonda onu Polis Aklademiyasına gətirib. 2012-2016-ci illərdə Akademiyada təhsil alıb.
Bilik və bacarığı, zəhmətsevərliyi sayəsində bu gün xidmətdə inamla irəliləyir. Səbaildə, özü də hər zaman diqqət mərkəzində olan rayonda gecə xidmətinin təşkilinin ona həvalə edilməsi haqqında yazdıqlarımızın sübutudur. Məsuliyyət, tələbkarlıq, inam və etibarı qorumaq onun həyat və xidmət devizidir. O, çoxumuzun rahat yatdığı uzun qış gecələrində, isti yay günlərində həmkarları-polis serjantları Faiq İbrahimovla, Elvin Süleymanovla, manqa komandiri Rüstəm Qurbanovla, Amil Manaflıyla və Təbriz Şıxəliyevlə birlikdə asayişin keşiyini çəkir.
Hafiz Təmirov,
polis mayoru