Reklam

Həm yol polisi, həm də peşəkar idmançı - "İradə və dözümlülük çox vacibdir"

Yol polisi 8 İyul 2018 01:49 Oxunub 7505
Həm yol polisi, həm də peşəkar idmançı - "İradə və dözümlülük çox vacibdir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərid Mayılov: “Polis olmaq nə qədər ağır olsa da, şərəfli peşədir"

Ölkəmizdə idmanın digər növləri kimi, əlbəyaxa döyüş növləri də inkişaf edir. İdmanın bu növündə kifayət qədər peşəkar və perspektivli idmançılarımız var. Onlar Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. Bu sözləri kunq-fu üzrə onikiqat Azərbaycan, ikiqat Avropa, altıqat dünya çempionu, Dünya Kubokunun ikiqat qalibi, məşqçi, Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişliyi şöbəsinin dövlət avtomobil müfəttişi, polis kapitanı Fərid Mayılov AZƏRTAC-a müsahibəsində deyib. Həm məşqçi, həm də idmançı kimi fəaliyyət göstərməyin uğur qazanmaqda çətinlik yaratmadığını diqqətə çatdıran F.Mayılov bildirib ki, ən əsası insanın öz işini sevməsidir. Əgər sevgi və istək olarsa, insan qarşısına uğur əldə etmək üçün məqsəd qoyarsa bütün çətinlikləri aşmaq asandır: “Yetirmələrim hər il Avropa və dünya çempionatlarında, irimiqyaslı turnirlərdə uğurlu nəticələr əldə edirlər. Yetirməm Elçin Eminov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medal qazanıb. Yelena Vıstropova ikiqat Avropa çempionu adına sahib olub. Perspektivli yetirmələrimdən boksçu Elmir Novruzovun adını xüsusi vurğulamaq istərdim. Elmir oktyabrda Anapada gənclər arasında təşkil olunacaq Avropa birinciliyində gücünü sınayacaq. İnanıram ki, o da mükafatçılar sırasında yer alacaq”.

İdmançı kimi oktyabrda Çexiyada güc strukturlarının nümayəndələri arasında əlbəyaxa döyüş növləri üzrə dünya çempionatında iştirak edəcəyini vurğulayan F.Mayılov bildirib ki, yaxın günlərdə mundialın hazırlığına start veriləcək. Bir müddət əvvəl güc strukturlarının əməkdaşları arasında Azərbaycan çempionatında fəxri kürsüdə yer aldığını vurğulayan idmançı yarışda 80 kiloqram çəki dərəcəsində birinci yeri tutduğunu qeyd edib. “Peşəkar idmançı olmaq üçün insanda iradə və dözümlülük çox vacibdir. İdmana sevgi də əsas göstəricilərdəndir. Əsl idmançı olmaq istəyən hər bir şəxs, ilk növbədə, nizam-intizama ciddi riayət etməlidir. Əgər bütün bu göstəricilər bir insanda cəmləşərsə onda uğur qazanmaq o qədər də çətin olmaz”, - deyə F.Mayılov əlavə edib.

Yaddaqalan döyüşlərindən danışan titullu idmançı Almaniyada kəmər uğrunda peşəkar görüşünün həyatında xüsusi yeri olduğunu deyib. Bildirib ki, həmin görüşdə belaruslu idmançını məğlub edərək kəmərə sahib oldum. Digər yadda qalan döyüşüm isə Bolqarıstanda olub. Finaladək inamla irəlilədim və həlledici görüşdə təəssüf ki, uduzdum. Məğlubiyyətə səbəb isə məndəki arxayınçılıq hissi idi.

Əvvəllər sambo və karate idman növləri ilə məşğul olduğunu qeyd edən F.Mayılov cüdoya marağının daim xüsusi maraq göstərdiyini bildirib. Qeyd edib ki, sambo və karate idman növlərinin fəndlərini uşu-sandada tətbiq edərək uğur qazanıb. Ona görə uşu-sanda idman növü onun üçün elə də çətin olmayıb. Əl-ayaqla mübarizə, güləş və karatenin vəhdəti əlbəyaxa döyüş növləri ilə məşğul olmaqda mühüm rol oynayıb. “Polis olmaq nə qədər ağır olsa da, şərəfli peşədir. Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. İdman isə sağlam həyatın təmsilçisi və ölkəmizin tanıdılması istiqamətində mühüm göstəricidir. İdmançı olaraq beynəlxalq arenada üçrəngli bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək əsas amalımızdır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Mən Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Daş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova təşəkkür edirəm ki, biz idmançılara həmişə diqqət və qayğı ilə yanaşırlar, şərait yaradırlar”, - deyə F.Mayılov qeyd edib.

İdmanın bu növü üzrə perspektivli atletlərdən Raul İsgəndərovu qeyd edən məşqçi bildirib: “Raul muay-tay idmanı ilə məşğul olur. Etiraf etməliyəm ki, onda özümü görürəm. Vaxt gələcək yaşla əlaqədar idmanla vidalaşmalı olacağam. İnanıram ki, Raul əzmkarlıq nümayiş etdirərək yeni uğurlar qazanacaq. Ölkə çempionatının qalibi olan Raul gələcəkdə dünya çempionu adını qazanaraq bizi sevindirəcək. Çünki muay-tay idmanı üzrə ölkəmizdə dünya çempionu yoxdur”.

İdmanın sağlamlığın rəmzi olduğunu vurğulayan F.Mayılov deyib: “İdmanı atsam daha tez qocalacağımı düşünürəm. Hər bir insana idmanla məşğul olmağı tövsiyə edirəm. Qeyri-Olimpiya idman növündə bütün titulları qazanmışam. Övladlarımı da idmana yazdırmışam. Onlar basketbol idman növü ilə məşğul olurlar. Ən böyük arzum onların Azərbaycan millisində yer alması və ölkəmizin qələbə qazanmasında pay sahibi olmalarını görməkdir. Döyüş növləri çətin olduğu üçün valideynlər övladlarının idmanın bu növü ilə məşğul olmasına icazə vermir. Mənim döyüşçü olmağımda əmim və dayımın çox böyük rolu olub. Onların hər ikisi sambo üzrə SSRİ çempionu və idman ustası olub”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh