Tarix yazan, tarixdə qalan qəhrəman polislər – FOTOLAR

Yol polisi 27 Mart 2018 15:47 Oxunub 2314
Tarix yazan, tarixdə qalan qəhrəman polislər – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhid polislərimizi və onların qəhrəmanlıq yolunu davam etdirənlər var

Cəbhənin bir addımlığında olan Goranboyumuzu qarış-qarış gəzməsəm də burada barıt qoxusunu udub, əsl müharibə ab-havasını gördüm. Ərən oğullarımız əli tətikdə, gözü düşməndə gecəli-gündüzlü səngərlərə kürəyini söykəyib düşmənin atdığı bir gülləyə beş dəfə qarşılıq verməklə ona həddini bildirir, yerini göstərirlər. Əslində aprel döyüşləri bu yerlərdə vətəni qorumaq üçün əsgərin, polisin, bir sözlə, hər birimizin bir olduğunu bir daha sübut elədi.  

Goranboyun fəxri, igid oğullarından biri, Azərbaycanın Milli Qəhrəmanı, polis mayoru Ənvər Fərəcov haqqında deyilənlər, danışılanlar məni heyrətə gətirdi. Qəhramanımızın keçdiyi ömür yolu haqqında onun doğmalarının dilindən eşitmək istədim.  Ancaq haqqında az da olsa bilgiyə malik olmaq üçün internetdə axtarış verdim. Və 1991-ci ilin avqustunda yazılmış “Döyüşə gedirəm” adlı bu şeir parçası mənim bələdçim oldu…

 

Döyüşə gedirəm Vətən yolunda

Sinəmdə şerimlə, sazımlayam mən

Yollarım boranlı, tufanlı olsa

Gül-çiçək ətirli yazımlayam mən.

 

Vətənin şərəfi mənə əzizdir

Müqəddəs andımla, sözümləyəm mən

Sıldırım yoxuşlar keçməli olsam

Bükülməz qolumla, dizimləyəm mən

Keçdiyim yollara baxın, arayın

Hardan keçsəm orda izimləyəm mən.

 

Dağlıq Qarabağda vuruşda olsam

Çiçəkli Goranboy düzüyləyəm mən

Gəlməsəm sevgilim bil ki, ömürlük

Səninlə, Nemətlə, qızımlayam mən.

 

 

Şeirin birinci misrası bütün müharibələr üçün xarakterikdir. Yəni müharibə varsa, demək orda döyüş var, qan-qada var. Bəlkə də yuxumuza girməyən ölüm belə müharibədə hər addımda qənşərimizdə dayanır. Hətta bizi sınağa da çəkir. Çünki tətikdən çıxan hər güllə bir can üçün yola çıxır.  Sağ qalmaq isə dünyaya yenidən gəlmək deməkdir. Getdiyi yolun gedərgəlməzliyini özünə dərd eləməyən Ənvər Fərəcov sanki bu şeiri döyüşə gedən bütün oğulların adından yazıb və ölümü əbədi ayrılıq hesab etməyənlərin türküsü kimi onu həzin-həzin pıçıldayıb. Bəli, bu ruhsal şeiri Vətən andı içənlər yaza və oxuya bilər. Çünki yazmaq da, oxumaq da ürək istəyir…

Düzü, illər ötdükdən sonra həsrəti övladları ilə az qala yaşıd olan qəhrəmanımızın yadigarı Emma xanım ilə görüşməyə bir az tərəddüd etdim. Ana ürəyinin alovundan qorxdum. Bilirdim ki, danışdıqca həm özü yanacaq, həm də bizi yandıracaq. 

Şəhidimizin oğlu, polis polkovnik-leytenantı Nemət Fərəcovla telefon əlaqəsi saxlayanda məni evlərinə dəvət etdi. Vədələşdiyimiz yerdə görüşdük. Qapını üzümüzə qəhrəmanımızın ömür-gün yoldaşı Emma xanım açdı.

Ötənləri sanki indi olmuş kimi xatırlasa da Ənvər Fərəcov haqqında keçmiş zamanda danışmaq istəmir. Bu dərdli qadının siması payıza oxşayır. Və mənə elə gəldi ki, doğulandan onun gözlərində yaş olmayıb. Amma yox, o, Ənvərin yoxluğunu anıb ağlamaq istəmir. O, həmişə sağdı, o həmişə onlarladı... 

Qısa bir xatırlatma ilə qəhrəmanımızı tanıyaq və tanıdaq.  Polis mayoru Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulub. 1968-ci ildə Sarov kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə mexanizasiya fakültəsini bitirib Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1981-ci ildən isə həyatını daxili işlər orqanlarına bağlayıb. Türkmənistanın Bezmin şəhərində xüsusi komendaturanın müəssisədənkənar mühafizə şöbəsində növbətçi, sonra sahə müvəkkili vəzifəsində çalışıb. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-in sərəncamına göndərilib. Gəncə şəhər DİŞ-də rəis köməkçisi işləyib. 1991-ci ildə doğma yurda qayıtdqdan sonra Todan Polis Şöbəsində pasport-masa rəisi vəzifəsində çalışıb. Bir müddət burda xidmət etdikdən sonra onu Todan Polis bölməsinin rəisi təyin ediblər. Elə o gündən çətin və ağrılı günlərin bünövrəsi qoyulub…

18 avqust 1991-ci il... O, yoldaşlarını mühasirədən çıxartmaq üçün bir neçə silahdaşı ilə qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. Goranboya gəldiyi gündən erməni yaraqlılarına qarşı döyüşlərdə qüvvə və bacarığını əsirgəmir, Vətən torpağının hər qarışı üçün canından keçməyə hazır olduğunu bildirirdi.

11 sentyabr 1991-ci il... Yağı düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Polis dəstəsi sayca az olsa da, kəndlərin müdafiəsində sayıqlığı əldən vermirdi. Qeyri-bərabər döyüşdə düşmən xeyli tələfat versə də bu, Ə.Fərəcovun da son döyüşü idi və o, qəhrəmancasına həlak oldu…

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Qəhrəmanımız doğma torpağında, doğulduğu Goranboyda  dəfn edilib.

Şəhid polislərimizi və bu gün onların qəhrəmanlıq yolunu davam etdirərək ön cəbhədə xidmət aparan həmkarlarımızı xatırlamaq bizlərin borcudur. Bir sırada addımlayıb, öləndən sonra da geriyə deyil, bir addım irəli yıxılıb, öz boyu qədər Vətən torpağını qoruyan oğullar Vətən qədər əbədi və müqəddəsdirlər.

 

Hafiz Təmirov,

polis mayoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh