Banner

Alman mütəxəssis Çin avtomobilini tərifləyir: Yalan, yoxsa ikili standart?

Avtodünya 24 Dekabr 2024 08:30 Oxunub 166
Alman mütəxəssis Çin avtomobilini tərifləyir: Yalan, yoxsa ikili standart?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir almanın “Mercedes”, yaxud “Audi”ni tərifləməsi tamamilə təbiidir. Hər bir alman məşhur babaları - Rudolf Dizel, Qotlieb Daymler və Ferdinad Porşe kimi böyük mühəndislərlə fəxr edir. Amma bu günlərdə “Porsche” şirkətinin aparıcı mütəxəssislərindən birinin ad çəkmədən Çin avtomobilləri barədə müsbət fikir söyləməsi çaşqınlıq yaradıb. Məsələ avtomobil jurnalistlərinin də marağına səbəb olub.

Avtosfer.az xəbər verir ki, “Porsche”nin törəmə müəssisələrindən birinin aparıcı mütəxəssisi Oqustin Fridlen müsahibələrinin birində bildirib: “Çindən idxal edilən avtomobillərin keyfiyyəti 10-15 il əvvəlki kimi deyil. Avropaya idxal edilən modellər keyfiyyət və material baxımından bizim vərdiş etdiyimiz avtomobillərdən fərqlənmir”.
Alman mütəxəssis həmçin, əlavə edib ki, proqram təminatı və elektronika baxımından bəzi Çin modelləri hətta Avropa maşınlarını qabaqlayıb. 

Fikri hansısa avtomobil jurnalisti və ya distribütor söyləsəydi, reklam xarakterli olduğunu düşünmək olardı. Lakin danışan şəxsin statusu və vətəndaşlığına nəzər saldıqda onun səmimiliyinə şübhə qalmır.

Bu günlərdə Fransanın avtomobil jurnallarında maraqlı bir müqayisə qarşımıza çıxdı. Autojournal.fr saytı yazır ki, Çinin 2005-ci ildə Avropaya avtomobil ixracı planı tam uğursuzluğa düçar oldu. Sınaq üçün təqdim edilən “Landwind” krossoveri kraş-testdə heç bir bal da (müqayisə üçün deyək ki VAZ-2107 keyfiyyəti) toplaya bilmədi. Bu da çinli istehsalçıları seçim qarşısında qoydu: ya ucuz maşın istehsal edib üçüncü dünya ölkələri ilə kifayətlənmək, ya da keyfiyyəti və təhlükəsizliyi artırmaq. 

2024-cü ilin testlərində isə “Nio EL6” modeli maksimum nəticə göstərdi – 5 bal. Bu göstərici ilə o bir çox alman modelini də qabaqladı. Oxşar nəticəni Toyota C-HR də göstərdi.

İndi qayıdaq ölkəmizə: Azərbaycanda qəzadan sonra Çin avtomobillərinin vəziyyəti barədə tez-tez videolar yayılır. Çin şirkətlərinin inhisara aldığı Rusiyada isə insanlar yenə də Avropa avtomobili arzulayırlar. Rusiyada belə bir sabit fikir formalaşıb ki, Çin maşınları taksi xidmətinə ümumiyyətlə yaramır. 

Bəs belə ziddiyyətli fikrin yaranmasına səbəb nədir? Necə olur ki, Brüsseldə test zamanı Çİn avtomobili “Audi” və ya “Toyota” ilə eyni nəticə göstərir, bizdə isə bu ölkədən gələn avtomobillər ən kiçik qəzada yararsız hala düşür? Burada xüsusi araşdırmaya ehtiyac yoxdur. Sadəcə olaraq, standarta cavab verməyən avtomobillər Avropaya buraxılmır. Avropa bazarı üçün istehsal edilən modellər daha keyfiyyətli və təbii ki, daha baha olur. Bizə isə çox vaxt Avropa deyil, Çinin daxili bazarı və ya üçüncü dünya ölkələri üçün hazırlanan modellər gəlib çıxır. Bu ölkələr üçün hazırlanan modellərdə isə təhlükəsizlik deyil, qiymət əsas götürülür. Nəticə isə heç də hər zaman ürəkaçan olmur.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh