Almanlar niyə “Tesla” almaq istəmir? – RƏSMİ STATİSTİKA

Almaniyada aparılan son sorğu “Tesla” üçün ciddi riskləri üzə çıxarıb və şirkət üçün faktiki olaraq “fəlakət ssenarisi”ni ortaya qoyub. İctimai rəy isə olduqca sərtdir: “Tesla almaq? Heç vaxt”.
Avtosfer.az xəbər verir ki, Alman İqtisadiyyat İnstitutunun (IW) keçirdiyi son sorğu “Tesla” markasına münasibətdə kəskin mənfi tendensiyanı göstərir. Sorğunun nəticələrinə əsasən, almanların 75 faizindən çoxu “Tesla” avtomobili almaq fikrini qəti şəkildə rədd edir. Respondentlərin təxminən 60 faizi isə mövqeyini daha sərt ifadə edərək bildirib ki, “Tesla” almaq onlar üçün “qətiyyən mümkün deyil”.
Rəqəmlər də bu ictimai münasibətin satışlara birbaşa təsir etdiyini göstərir. Məlumata görə, “Tesla”nın Almaniyadakı satışları ötən il 62 faiz azalıb. Mütəxəssislər hesab edir ki, bu geriləmənin səbəbi texnologiya, qiymət və ya rəqabət deyil, birbaşa siyasi faktordur.
Məsələ ilə bağlı fikirlərini bölüşən ekspert Matthias Dirmier vəziyyəti belə şərh edib:
“Elon Mask hədəf auditoriyasını faktiki olaraq öz əlləri ilə uzaqlaşdırdı”.
Ekspertlərin vurğuladığı əsas məqam Elon Maskın siyasi mövqeyidir. O, ABŞ-də Donald Trampı, Almaniyada isə ifrat sağçı AfD partiyasını açıq şəkildə dəstəkləyib. Bu mövqe “Tesla” üçün Almaniya bazarında ciddi dilemma yaradıb.
Sorğu nəticələri göstərir ki, Almaniyada ekoloji baxımdan daha həssas olan və elektrikli avtomobillərə müsbət yanaşan “yaşıllar” “Tesla” üçün əsas potensial alıcı qrupudur. Bu qrupun 64%-i elektrikli nəqliyyat vasitələrini dəstəklədiyini bildirir. Lakin eyni zamanda, Maskın sağçı siyasi çıxışlarına görə “Tesla”ya qarşı kəskin mənfi münasibət bəsləyirlər. Nəticədə bu qrupda “Tesla” almağa hazır olanların sayı cəmi 10 %-i civarındadır.
Digər tərəfdə isə Elon Maskın siyasi baxışlarını dəstəkləyən sağçı elektorat dayanır. Lakin paradoks ondadır ki, bu qrup elektrikli avtomobillərə ümumiyyətlə maraq göstərmir. Sorğuya əsasən, bu kateqoriyada “Tesla” almaq istəyi 15 %-dən də aşağıdır.
Beləliklə, ortaya maraqlı, amma “Tesla” üçün təhlükəli bir mənzərə çıxır: Mask elektrikli avtomobil almağa meyilli auditoriyanı siyasi mövqeyi ilə itirib, onu dəstəkləyən siyasi çevrələrə isə məhsul sata bilmir. Almaniyada avtomobil seçimi artıq texniki və iqtisadi məsələ olmaqdan çıxaraq siyasi mövqenin ifadəsinə çevrilib.
Mövcud vəziyyət göstərir ki, “Tesla” Almaniya bazarında təkcə rəqiblərlə deyil, həm də ictimai rəy və siyasi münasibətlərlə mübarizə aparmalı olacaq. Hazırkı mənzərədə isə bu mübarizədə uduzan tərəf məhz Elon Maskın rəhbərlik etdiyi şirkətdir.
Eltac Zülfüqaroğlu
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar











