Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA

Avtodünya 17 Aprel 2026 14:41
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son dövrlər motosiklet və mopedlərin istifadəsinin artması bu nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı qaydaların daha da aktuallaşmasına səbəb olub. Xüsusilə şəhər daxilində hərəkətin intensiv olduğu yerlərdə bu vasitələrin düzgün idarə olunması həm təhlükəsizlik, həm də yol hərəkətinin nizamlı təşkili baxımından vacibdir. Buna görə də sürücülük bacarıqlarının formalaşdırılması ilə yanaşı ümumi yol mədəniyyətinin aşılanması da ön plana çıxır. Moped və motosiklet sürücülərinin hazırlığı üçün nəzərdə tutulan təlimlərin keyfiyyəti və əlçatanlığı da mühüm məsələlərdən biridir. Təcrübəli təlimçilərin mövcudluğu, praktiki məşğələlərin düzgün təşkili və real yol şəraitinə uyğun tədris proqramları bu sahədə əsas rol oynayır. 

Bəs motosiklet və moped sürücülərinə ilkin sürücülük vərdişləri necə ötürülür?

Məsələ ilə bağlı Azərbaycan Motosiklet İdmanı Federasiyanın prezidentı Fuad Bağırov Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə bu sahə üzrə təlim infrastrukturu tam formalaşmayıb və ixtisaslaşmış təlimçi sayı məhduddur:

“Azərbaycanda moped və motosiklet sürücüləri üçün sürücülük vəsiqəsinin məcburi tətbiqi ilə bağlı yeni tələblərin qüvvəyə minməsi təhlükəsizlik baxımından mühüm və düzgün addımdır. Bu gün üçün motosiklet və moped sürücülərinin peşəkar hazırlanması üzrə federasiya tərəfindən rəsmi şəkildə tanınan iki motoməktəb fəaliyyət göstərir. Bu qurumlar federasiya tərəfindən tanınmış və təhlükəsizlik standartlarına uyğun, sistemli və keyfiyyətli təlim keçmək imkanına malik olan yeganə motoməktəblərdir. Təəssüf ki, hazırda fəaliyyət göstərən digər təlim mərkəzləri federasiya tərəfindən tanınmır, müvafiq sertifikatlaşdırmadan keçməyib və standartlaşdırılmış təlim proqramlarına malik deyil. Bu səbəbdən belə qurumlarda təlim keçmək təhlükəsizlik baxımından risk yaradır və tövsiyə olunmur. Motosiklet və moped sürücülərinin düzgün hazırlanması yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, eyni zamanda praktik bacarıqların, balans, manevr, tormozlama və real yol şəraitində sürüş vərdişlərinin sistemli şəkildə formalaşdırılmasını əhatə etməlidir. Nəticə olaraq vətəndaşlara tövsiyə edirəm ki, öz təhlükəsizliklərini təmin etmək üçün yalnız rəsmi şəkildə tanınmış və sertifikatlaşdırılmış motoməktəblərə müraciət etsinlər”.

Hüquqşünas Ərşad Hüseynov isə deyib ki, moped və motosiklet sürücüləri yol hərəkətinin bütün qaydalarına riayət etməlidirlər:

“O cümlədən səkidə hərəkət etməməli, səkidə parklanma yeri yoxdursa və belə yer yaradılmayıbsa, səkidə dayanmamalıdırlar. Səkilərdə yalnız xüsusi olaraq ayrılmış və nişanlarla işarələnmiş parklanma yerləri mövcuddursa, həmin yerlərdə moped və motosikletlərin park edilməsinə icazə verilir. Bəzi hallarda səkilərdə parklanma yerlərinin təşkil edilməsi mümkündür və qanunvericilik buna müəyyən çərçivədə icazə verir. Lakin bu cür yerlər xüsusi nişanlarla işarələnməlidir. Əgər belə işarələnmə yoxdursa səkidə park etmək qadağandır. 
Ümumilikdə götürsək, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Buraya işıqforların tələbləri, yol nişanları və digər bütün hərəkət qaydaları daxildir. Moped sürücüləri yol hərəkətinin tamhüquqlu iştirakçılarıdır və onların da bütün qaydalara riayət etməsi vacibdir. Bu, ilk növbədə təhlükəsizlik üçündür. Qaydaların pozulması həm sürücünün özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yarada bilər. Xüsusilə qəza zamanı motosiklet və moped sürücüləri daha ağır xəsarət alma ehtimalı ilə qarşılaşırlar. Buna görə də bütün qaydaların öyrənilməsi və düzgün tətbiqi vacibdir. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər həm nəzəri, həm də praktiki imtahanlara hazırlaşmalıdırlar. Mövcud qanunvericiliyə görə, namizədlər imtahanlara həm müstəqil şəkildə, həm də tədris mərkəzlərində hazırlıq keçərək qoşula bilərlər. Hazırlıq prosesi zamanı yol hərəkəti qaydaları, mopedin təhlükəsiz idarə olunması, texniki biliklər, manevretmə bacarıqları, dəbilqədən istifadə, sərnişin və yük daşınması qaydaları kimi bütün mövzular öyrədilir. Eyni zamanda, parklanma qaydaları da daxil olmaqla, dayanma və durma şərtləri ətraflı şəkildə izah olunur. Beləliklə, sürücü imtahana tam hazırlıqlı şəkildə qatılır və yol hərəkətində təhlükəsiz iştirak etmə bacarığı əldə edir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək

Oxunub : 262
ŞƏRH YAZ
Ad

E-mail

Şərh