Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti 2030-cu ilə qədər əməkhaqlarını artırmamaq və dünya üzrə əlavə 50 min iş yerini ixtisar etmək planı ilə gündəmə gəlib. Almaniyanın ən böyük həmkarlar ittifaqı IG Metall şirkətin bu qərarına qarşı sərt mübarizə aparacağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, IG Metall-ın məlumatına görə, “Volkswagen” rəhbərliyi insan resursları bölmələrinə əməkhaqqı artımlarının dayandırılması ilə bağlı göstəriş verib. Oktyabrın əvvəlindən qüvvəyə mindiyi bildirilən bu qərar çərçivəsində mövcud kollektiv müqavilələr üzrə əməkhaqqı səviyyələrinin qorunması və yeni artımların dayandırılması nəzərdə tutulur.
Həmkarlar ittifaqı xəbərdarlıq edib ki, əməkhaqlarının 2030-cu ilə qədər dondurulması işçilərin alıcılıq qabiliyyətinin ən azı 10 faiz azalmasına səbəb ola bilər.
IG Metall şirkət rəhbərliyinin bu addımını qeyri-real hesab edir. Təşkilatın mövqeyinə görə, avtomobil və metal sənayesindəki struktur problemlərini əməkhaqlarının dondurulması ilə həll etmək mümkün deyil. Həmkarlar ittifaqı həmçinin əməkhaqqı xərclərinin ümumi satış xərclərində nisbətən kiçik paya malik olduğunu vurğulayır.
“Volkswagen” qrupunun dünya üzrə 660 mindən çox əməkdaşı var. Onların təxminən 275 mini Almaniyada çalışır. Almaniyadakı işçilərdən 130 mini birbaşa şirkətdaxili kollektiv əmək müqaviləsinin əhatə dairəsinə daxildir.
IG Metall metal və elektrik sənayesində çalışan təxminən 3,7 milyon işçi ilə yanaşı, “Volkswagen” əməkdaşları üçün də 7 faizlik maaş artımı tələb edir.
Həmkarlar ittifaqının nümayəndələri şirkətin rəsmi təklifini hələ təqdim etmədiyini bildiriblər. Bununla belə, əməkhaqlarının dondurulması planının gələcək danışıqların çətin keçəcəyindən xəbər verdiyi qeyd olunur.
Yeni kollektiv əmək müqaviləsi üzrə danışıqların noyabrın sonunda başlanması gözlənilir. Bu müzakirələrin “Audi”, “MAN” və “Porsche” kimi qrup şirkətlərinə də təsir edəcəyi bildirilir.
“Volkswagen” rəhbərliyi mövcud ixtisar planlarına əlavə olaraq qarşıdakı illərdə dünya üzrə daha 50 min iş yerini ləğv etməyi hədəfləyir. Şirkətin yenidənqurma prosesi çərçivəsində ixtisar proqramının detalları ilə bağlı işçi nümayəndələri ilə danışıqlar davam edir.
Bununla yanaşı, Almaniyanın Emden, Hannover və Tsviakkau şəhərlərində yerləşən “Volkswagen” zavodlarının, eləcə də “Audi”nin Nekkarzulm müəssisəsinin 2031–2034-cü illərdən sonrakı fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik qalır.
Beləliklə, əməkhaqlarının dondurulması və yeni ixtisar planları “Volkswagen”də qarşıdakı dövrdə həm işçilər, həm də şirkət rəhbərliyi üçün ciddi müzakirə mövzusuna çevrilə bilər.
Eltac
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












