“Pobeda”: çürüməyən avtomobil, yoxsa kolxozsayağı istehsal? - FOTOLAR

Avtodünya 28 May 2026 18:00
“Pobeda”: çürüməyən avtomobil, yoxsa kolxozsayağı istehsal? - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

İctimai Televiziyanın (İTV) Səməd Vurğuna məxsus olmuş avtomobillə bağlı süjetindən sonra “Pobeda” avtomobilinə maraq artıb.

Bəs ümumilikdə “Pobeda” necə avtomobildir? O dövrün Qərb avtomobilləri ilə yarışa bilirdimi?

Avtosfer.az xəbər verir ki, “Pobeda” (rəsmi texniki adı QAZ M-20) hələ müharibədən əvvəl layihələndirilməyə başlasa da, müharibə bu prosesin ləngiməsinə səbəb olub. 1944-cü ildə isə iş yenidən canlanıb və həmin il ilk prototiplər sınaqdan çıxarılıb. 19 iyun 1945-ci ildə dövlət sınaqlarından sonra maşın İosif Stalinə göstərilib. Stalin maşınla bağlı razılıq verdikdən sonra istehsala başlamaq qərara alınıb.

Əvvəl avtomobil üçün “Dodge” modeli altı silindrli mühərrik nəzərdə tutulsa da, sonradan dörd silindrli versiya saxlanılıb. Elə Stalinə də bu versiyada maşın təqdim edilib. 28 iyun 1946-cı ildə ilk avtomobil konveyerdən çıxır. Həmin il cəmi 23 maşın istehsal olunur.

Avtomobil müvafiq şəxslərə paylandıqdan sonra, demək mümkünsə, zavod “reklamasiya atəşinə tutulur”. Səbəb istehsal qüsurları idi. Bunun da kökündə sovet müəssisələrinin aşağı keyfiyyətli ştamp və dəzgahları dururdu. Əsas şikayətçilər isə generallar idi. Salon alçaq olduğundan onlar arxada əyləşərkən papaqlarını çıxarmağa məcbur idilər.

1948-ci il sentyabrın 1-də isə qüsurları aradan qaldırmaq üçün konveyer dayandırılır. Bu tarixədək cəmi 1700 avtomobil istehsal edilir. Bu tarixədək istehsal edilmiş modellər “1-ci seriya” adlanır.

İstehsal prosesi ciddi şəkildə yeniləndikdən sonra növbəti variant Stalinə təqdim edilir və razılıq alınır. Eyni ildə istehsal başlanır və 1955-ci ilədək davam edir. Bu modellər isə “2-ci seriya” adlanır.

1955-ci ilin ortalarında avtomobil cüzi yenilənməyə məruz qalır və “3-cü seriya” kimi az miqdarda 1958-ci ilədək konveyerdə qalır. Sonuncu maşın mayın 30-da istehsal edilən kimi zavodun muzeyinə göndərilir. 1946–1958-ci illərdə müxtəlif modifikasiyalardan 235 999 “Pobeda” istehsal edilib. Onlardan 37 942 ədədi taksidə işləyib.

Avtomobilin orijinallığı məsələsi də şübhəlidir. Avtomobil tarixçilərinin fikrincə, avtomobilin kuzovu müharibədən əvvəlki “Opel Kapitan” və “Renault 4”dən götürülüb. Mühərrik isə QAZ ənənəsinə uyğun olaraq “Dodge”un sovet şəraitinə uyğunlaşdırılmış versiyasıdır.

“Pobeda”nın çürüməməsi barədə dolaşan əfsanələrə gəlincə: bunu çox adam Stalin dövrünün keyfiyyəti ilə izah etsə də, reallıq başqadır. Aşağı istehsal mədəniyyəti və qeyri-dəqiq hazırlanmış detallara görə istehsal prosesində çox sayda qeyri-dəqiqlik yaranırdı. Məsələn, uzun detallar döyülüb qısaldılır, nahamar yerlər isə qalayla örtülürdü. Qalaydan həm də qaynaq yerlərini örtmək üçün istifadə edilirdi. Müasir təmirçilər deyirlər ki, bəzi sahələrdə qalay örtüyü 2 santimetrə çatır. Bir maşına 10-20 kiloqram arası qalay-qurğuşun qarışığı istifadə edilirdi. İstehsalın son illərində insan həyatı üçün zərərli olan bu üsuldan imtina edildi, əvəzinə sintetik yaxma tətbiq olundu.

Qalaylı maşınlar korroziyaya dözümlü olsa da, bu, texniki avanqardın deyil, aşağı istehsal mədəniyyətinin göstəricisidir.

Vüqar

FOTO QALEREYA
Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh