"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı

“Porsche” və Hindistanın texnologiya şirkəti “Tata Consultancy Services” (TCS) süni intellekt və rəqəmsal transformasiya sahəsində 5 illik, 1,25 milyard avro (təxminən 2 milyard 477 milyon manat) dəyərində strateji əməkdaşlıq elan ediblər.
Avtosfer.az xəbər verir ki, razılaşma çərçivəsində TCS “Porsche”nin mühəndislik, istehsal, əməliyyatlar və müştəri təcrübəsi sahələrində süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək. Şirkətlər avtomobil texnologiyaları və proqram təminatı ilə idarə olunan avtomobillər üçün yeni platformaların hazırlanması üzərində də çalışacaqlar.
TCS “Porsche” üçün xüsusi “AI Mobility Centre of Excellence” yaradacaq. Mərkəzin əsas məqsədi süni intellekt layihələrini real və genişmiqyaslı həllərə çevirmək olacaq. Bununla yanaşı, TCS “Porsche”nin Almaniyada yerləşən idarəetmə və IT konsaltinq şirkəti MHP-ni 320 milyon avroya (təxminən 634 milyon manat) satın alacaq.
MHP avtomobil sənayesi və istehsal sektorunda biznes konsaltinqi, IT və proqram təminatı üzrə ixtisaslaşıb.
Şirkətin TCS tərəfindən alınması ilə bağlı müqavilənin tənzimləyici qurumların təsdiqindən sonra, təxminən 3–4 ay ərzində tamamlanması gözlənilir. “Porsche” rəsmiləri bildirir ki, MHP TCS-in tərkibinə keçdikdən sonra da “Porsche” üçün rəqəmsallaşma və süni intellekt layihələrində mühüm tərəfdaş olaraq qalacaq. “Porsche” bu addımla diqqətini əsas biznesinə — idman avtomobillərinin istehsalına daha çox yönəltmək istəyir.
Şirkət hazırda Çinli avtomobil istehsalçılarının artan rəqabəti, tariflər və elektromobillərin yüksək xərcləri ilə üzləşir. “Porsche” son dövrdə xərcləri azaltmaq və strukturunu optimallaşdırmaq məqsədilə bir sıra aktivlərini və bizneslərini yenidən nəzərdən keçirir.
Bu əməkdaşlıq “Porsche”nin süni intellektdən istifadəni bütün dəyər zəncirinə yaymaq və avtomobillərin inkişafı, istehsalı və müştəri xidmətlərini daha rəqəmsal hala gətirmək strategiyasının bir hissəsidir.
Səfər
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












