Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq

Son illərdə Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq nəzərəçarpacaq dərəcədə artsa da, bu maşınlardan narazı qalanların sayı da az deyil. Xüsusilə hibrid və elektromobil sahəsində bəzi sürücülər baha qiymətə aldıqları avtomobillərin gözləntiləri doğrultmadığını, hətta ən yeni modellərin qısa müddətdə texniki problemlərlə üzləşdiyini bildirirlər. Digər tərəfdən, Çin avtomobillərinin qiymətində davamlı artım müşahidə olunur. Alıcıları narahat edən əsas məsələlərdən biri isə kredit şərtləridir. Vətəndaşların sözlərinə görə, əvvəllər avtomobili 9-10 faizlə kreditə götürmək mümkün idisə, hazırda faiz dərəcələri 13-14 faizə qədər yüksəlib. Buna baxmayaraq, statistika göstərir ki, Çin markalarına maraq azalmır, əksinə, ölkənin avtomobil bazarında onların payı sürətlə artır.
Bəs Çin avtomobillərinin qiyməti və kredit faizləri niyə bahalaşır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycan bankları üç növ avtokredit təqdim edir:
“Elektromobillər üçün ilkin ödəniş adətən avtomobilin dəyərinin 10%-i, hibridlər üçün 20%-i, benzin mühərrikli avtomobillər üçün isə minimum 40%-i təşkil edir. Avtokreditlər illik faizlə hesablanır və ötən ilin sonlarından banklar bu faizləri artırmağa başlayıblar. Əvvəllər 9-10, bəzi hallarda 11% olan faiz dərəcələri indi 13-14%-ə çatıb. Nəticədə, hətta yüksək maaş alan vətəndaşlar belə kreditlə avtomobil almaqda çətinlik çəkir, banklar bir çox müraciətləri geri çevirirlər. Çin istehsalı avtomobillərin qiymət artımına gəlincə, burada hansı avtomobildən söhbət getdiyini dəqiqləşdirmək vacibdir. Azərbaycana Çindən həm rəsmi, həm də qeyri-rəsmi yollarla avtomobillər gətirilir. Qeyri-rəsmi kanallarla gətirilən bəzi avtomobillər Çin bazarı üçün istehsal olunur və ikinci əl kimi ixrac edilir. İstehsalçı bu maşınlara zəmanət vermir, onlar bir çox hallarda Avropa təhlükəsizlik və ekoloji standartlarına tam cavab vermir. Qiymət artımı da əsasən bu seqmentdə müşahidə olunur”.
Ekspert deyib ki, əvvəllər Çin qanunvericiliyində ikinci əl avtomobil ixracı zamanı tətbiq olunan vergi güzəştləri müəyyən hallarda yeni avtomobillərin formal olaraq ikinci əl kimi ixracına imkan yaradırdı. Bu da onların daha ucuz satılmasına şərait yaradırdı. Hazırda isə Çin bu istiqamətdə məhdudiyyətləri sərtləşdirib və nəticədə qiymətlər artıb.
Eldəniz Cəfərov vurğulayıb ki, rəsmi idxal olunan Çin avtomobilləri isə fərqlənir:
“Bu maşınlar istehsalçı zəmanəti ilə gətirilir, adətən minimum 5 il zəmanət verilir, ölkədə rəsmi diler və servis xidməti fəaliyyət göstərir. Çində istehsal olunsa da, Avropa bazarı üçün hazırlanır və Azərbaycanın texniki-ekoloji tələblərinə cavab verir. Hazırda ciddi qiymət artımı daha çox qeyri-rəsmi gətirilən avtomobillərdə müşahidə olunur”.
Ekspert vətəndaşlara da xəbərdarlıq edib:
“Narazılıqların əsas səbəbi odur ki, bəzən 40 min manatlıq avtomobillərdə belə qısa müddətdə defektlər ortaya çıxır. Əsas məsələ avtomobilin harada istehsal olunması deyil, hansı bazar və standartlar üçün hazırlanmasıdır. Bəzi alıcılar zəmanəti olmayan avtomobili ucuz qiymətə aldıqları üçün bunu sərfəli hesab edirlər. Lakin sonradan nasazlıq yarananda satıcı məsuliyyət daşımadığını, sadəcə vasitəçi olduğunu bildirir. Şifahi verilən “6 ay”, “1 il problem olsa gəl” kimi vədlər isə hüquqi təminat yaratmır. Halbuki ciddi nasazlıqlar minlərlə dollarlıq təmir xərci tələb edir və nəticədə vətəndaş zərər görür. Bu vəziyyət yalnız alıcılar üçün deyil, rəsmi avtomobil şirkətləri üçün də problem yaradır. Çünki rəsmi idxalçılar vergi ödəyir, servis və zəmanət xidməti təqdim edir, iş yerləri yaradırlar. Qeyri-rəsmi satışların artması isə həm onların fəaliyyətinə zərbə vurur, həm də dövlət büdcəsi üçün vergi itkisi riski yaradır. Təhlükəsizlik məsələsi isə ən ciddi tərəfdir. Mənşəyi və texniki vəziyyəti tam aydın olmayan avtomobillərdə qəza zamanı təhlükəsizlik sistemlərinin lazımi şəkildə işləməməsi ağır nəticələrə səbəb ola bilər. Maraqlıdır ki, bu məsələ ilə bağlı müvafiq qurumların fəaliyyəti görünmür. Artıq 5 ilə yaxındır ki, ölkəmizə mənşəyi tam bəlli olmayan, istehsalçı zəmanəti olmayan, qüsurlu və ya nasaz avtomobillər gətirilir və vətəndaşlara yeni avtomobil adı ilə satılır. Halbuki bu avtomobillər ölkəmizin təhlükəsizlik və ekoloji tələblərinə tam cavab vermədən bazara çıxarılır”.
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
“Pobeda”: çürüməyən avtomobil, yoxsa kolxozsayağı istehsal? - FOTOLAR
“Tesla”nın Hindistanda elektromobil istehsalı başlamadan bitdi - FOTO
“Lada”nın Almaniyada yarım əsrlik fəaliyyəti başa çatdı
Çin avtomobillərində elektronikanın “reanimasiyası”: SÖNDÜR-YANDIR DÜZƏLƏCƏK
2025-ci ildə dünyada elektromobil və hibrid alışına 60 milyard dollar dəstək verilib
ABŞ avtomobil nəhəngindən sensasiyalı qərar: Bu funksiya ləğv edildi - RƏSMİ
Avtomobil “mafiyası”: Kim hansı brendə sahibdir? - FOTO
İkinci əl avtomobil bazarında satışlar azalıb – RƏSMİ - FOTO
“Belarus” traktorların mühərrikində ciddi problem aşkarlandı - FOTO










