Bakıda "protiv" getməyə vərdiş edən avtobusların TƏHLÜKƏSİ – VİDEO
Avtoreyd 9 Avqust 2017 13:22 Oxunub 860
Bakıda "protiv" getməyə vərdiş edən avtobusların TƏHLÜKƏSİ – VİDEO
Xətai prospektində acınacaqlı vəziyyət var

Avtobus sürücüləri ilə bağlı problemlər vaxtaşırı mətbuatda qabardılır. Bu istiqamətdə nə qədər işlər görülsə də problemlər hələ də qalmaqdadır. Sərnişindaşıma qaydalarının pozulmasndan tutmuş, yol hərəkəti qaydalarının çeynənməsinə qədər problemlər mövcuddur. Hər gün istifadə etdiyim Xətai prospektində axşam saatlarında sıxlıq yaranır. Səbəb isə Təbriz küçəsindən sağa dönüb gələn avtomobillər üçün qoyulmuş işıqforlardır. Təhsil nazirliyinə çatmamış sonuncu işıqforda isə daimi tıxac var. Belə ki, Təbriz küçəsindən Əhməd bəy Ağaoğlu küçəsi ilə dönüb gələn avtomobillər üzü Heydər Əliyev prospektinə tərəf dönür. Eyni zamanda Şah İsmayıl Xətai prospekti ilə hərəkət edən avtomobillər də həmin istiqamətə gedir. İki işıqfor arasındakı məsafə isə cəmi 200 metrdir. Təbii ki, isti istiqamətdən 200 metrlik yerə daxil olan avtomobillər sıxlıq yaradır. Çünki qarşıdakı işıqforda da saniyələr azdır. Həmin ərazinin 3 yol kəsişməsi və bir neçə istiqamət olması da nəzərə alınmalıdır. Məhz belə bir şəraitdə daha çox təhlükə yaradan avtobus sürücüləridir. 

Belə ki, bu istiqamətdə hərəkət edən 11 nömrəli (digər avtobuslar da)  avtobusun sürücüləri tıxacda gözləməmək üçün qarşı yola çıxırlar. Həmçinin Təbriz küçəsi istiqamətinə yəni sola dönərək geriyə dönmə edirlər. Burada qoşa xəttin tələblərinin pozulması bir yana qalsın konkret olaraq həm Xətai prospekti ilə üzü 28 may tərəfə gələn, həm də Təbriz küçəsindən dönüb gələn sürücülərin qarşısını kəsirlər. Bir sözlə onsuz da mövcud olan tıxacı daha da artırırlar. Əslində işıqfordan Əhməd bəy Ağaoğlu küçəsi istiqamətinə sola dönmək qadağan olsa da bu avtobus sürücülərinə “aid deyil.” Maraqlıdır ki, bu proses hər gün baş verir. Yaxınlıqda olan YPX əməkdaşları isə bu hala göz yumurlar.

Gündəlik olaraq həmin yoldan istifadə edirəm. Hər gün eyni hal yaşanır və bəzən sol zolaqda olan avtomobillər də təhlükədə qalırlar. Belə ki, əks yola çıxan avtobusun qarşısına öz yolu ilə gələn avtomobil çıxanda sağa manevr edir. Bu isə böyük təhlükəyə yol açır. Ərazidə kifayət qədər kamera var. Görünür ki, artıq kamera qarşısında oturanlar da bu hala vərdiş ediblər. Lakin sürücülərin, sərnişinlərin həyatını təhlükəyə atan bu halın qarşısı alınmalıdır. Aidiyyəti orqanlardan məsələyə müdaxilə etməsini xahiş edirik.

P.S. Təqdim olunan video dünən çəkilib. Amma oradakı müahidə kameralarına baxılsa kifayət qədər görüntülər var.

 

Orxan Əli

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh