Formula 1 üçün əyləncə proqramı açıqlandı
Bakı Şəhər Halqası 2016-cı il Formula 1 Avropa Qran Prisinin bilet sahiblərinə cümə axşamı 16 iyundan başlayacaq dörd günlük bir bayram əyləncəsi vəd edir. Avtosfer.az xəbər verir ki, 16 iyun cümə axşamı saat 14:00-da Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Bulvar boyu uzanan əyləncə zonaları fəaliyyətə başlayacaq. Bakı Şəhər Halqası isə 17-19 iyun tarixləri arası, yəni cümə günündən bazar gününədək saat 10:00-dan etibarən ictimaiyyətə açıq olacaq.
16 İyun tarixində Ferrari, Mercedes, Red Bull və Toro Rosso kimi Formula 1 komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçiriləcək. Formula 1 Şəhərciyinin Səhnəsində təşkil olunacaq bu avtoqraf sessiyaları saat 16:50-də başlayacaq. Qran Pri həftəsonunun hər bir günündə müxtəlif komandalar Formula 1 Şəhərciyinə baş çəkəcək. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür. Avtoqraf sessiyalarının dəqiq vaxtları ilə bağlı məlumatı Bakı Şəhər Halqasının rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.
16 İyun cümə axşamı istənilən tribunaya bileti olan azarkeşlər üçün təşkil olunacaq Pit Yolu Gəzintisi zamanı Formula 1 aləminə daha da yaxınlaşmaq mümkün olacaq. Saat 18:30-dan 20:30-dək davam edən gəzinti zamanı qonaqlar bütün Pit Yolunu keçərək komandaların yarışa hazırlığına şahidlik edəcək və pit-stop əməliyyatlarını öz gözləri ilə görə biləcəkdir. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.
Dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq.
Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bundan əlavə, Formula 1 bilet sahiblərini DJ Mansur, DJ Hazy, Roberto Kel Torres, Rilaya, Dilarə Kazımova, Kənan Qədimov, Çingiz Mustafayev və Rast qrupunun iştirakı ilə əyləncəvi konsert proqramları da gözləyir.
Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi kiçik sürücülük məktəbi təşkil ediləcək. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcək. Onlar həm də xüsusi uşaq kartinqində bir-biri ilə yarışa biləcəklər.
Qran Prinin hər bir qonağı yarış simulyatorlarında gücünü sınayaraq, özünü əsl Formula 1 pilotu kimi hiss edə biləcək. Bundan əlavə, fəal istirahəti sevənlər Hava Turbini, Dırmanma Divarı və Batut kimi attraksionlarda əylənə biləcək və eyni zamanda burada peşəkar idmançıların məharətli çıxışlarını izləyə biləcəklər.
Yarış günləri ərzində əyləncə məkanlarında Güzgü Adamlar, Spandy Andy, Ağacayaq, Titan Robot kimi müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə rəng qatacaq. Küçə rəssamları isə tamaşaçıları asfalt üzərində çəkdikləri üçölçülü illüziya incəsənət nümunələri ilə heyrətləndirəcək.
Ekstremal idman növləri sevənlər üçün də bir neçə sürpriz nəzərdə tutulub. Belə ki, təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr göstərəcəklər. Bundan əlavə, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.
Fidan