Rəisin avtobusları Bakıda qanunları tapdalayıb «fironluq» etdi - VİDEO

Avtoreyd 17 İyul 2016 01:01 Oxunub 8468
Rəisin avtobusları Bakıda qanunları tapdalayıb «fironluq» etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
88 nömrəli 5 marşrut avtobusu əks yolla hərəkət edərək qəza şəraiti yaradıb

İyulun 14-də, axşam saat 18:40-19:00 radələrində Bakıda fəaliyyət göstərən 88 saylı marşrut avtobuslarının sürücüləri kütləvi şəkildə qayda pozuntusuna yol veriblər. Avtosfer.az-a daxil olan videolardan da göründüyü kimi, 99 JK 271, 99 JK 270 və 99 JK 268, habelə daha iki sərnişin avtobusu Bayıl qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla kütləvi şəkildə həm sərnişinlərin, həm də ətrafdakı insanların həyatını təşlükəyə atıblar. Belə ki, marşrutlardan bir neçə Bayraq Meydanının qarşısında – Neftçilər prospektində tıxaca düşdüyü üçün üzü Azneft istiqamətində hərəkətdə ola-ola həmin yolda geriyə dönərək Səbail rayon Yanğınsöndürmə İdarəsinin qarşısından Bayraq Meydanına qədər hərəkətin əksinə gediblər. Onlar «Manqal» restoranın qarşısından girərək Neftçi Qurban küçəsinə çıxıblar. Video da həmin küçədə çəkilib. Göründüyü kimi, avtobuslar burada da hərəkətin tam əksinə gedərək qəza şəraiti yaradırlar. Avtosfer.az-a verilən məlumata görə, təxminən 20 dəqiqə ərzində 88 saylı marşrut üzrə hərəkət edən 5 avtobus bu cür hərəkətlərə yol verib.

Qeyd edək ki, 88 saylı marşrut Bakıda polis bölmələrindən birinin rəisinə məxsusdur və paytaxtda fəaliyyət göstərən ən bərbad, ipə-sapa yatmayan marşrut kimi tanınır. Bu hadisə baş verərkən həmin ərazidə başqa marşrutlar da olub. Lakin 88-in sürücülərindən başqa heç bir marşrut sürücüsü qayda pozmayıb.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsi bu məsələni diqqətdə saxlayacaq.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh