Banner

Dünən “heç bir fərqi yoxdur” deyənlər bu gün orijinal ehtiyat hissəsi alır - EKSPERT - VİDEO

Avtosfer TV 29 Dekabr 2025 18:36 Oxunub 374
Dünən “heç bir fərqi yoxdur” deyənlər bu gün orijinal ehtiyat hissəsi alır - EKSPERT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər ölkə bazarına daxil olan qeyri-orijinal ehtiyat hissələri həm yol infrastrukturuna, həm də sürücülərə maddi cəhətdən ciddi ziyan vurur. Məsələnin maddiyyat tərəfi bir yana, insan itkisi daha önəmli hala çevrilib.

Avtosfer.az xəbər verir ki, dəfələrlə həm mütəxəssislərin, həm də tanınmış avtomobil ustalarının, eləcə də dövlət qurumlarının etdiyi çağırışlara baxmayaraq, hələ də orijinal olmayan hissələrdən istifadə edənlər var. Bu şəxslər bəzi hallarda ehtiyat hissələrinin saxta və orijinallığını ayırd edə bilmədiyi üçün aldadılır və onlara orijinal adı altında saxta məhsullar satılır.

Nəqliyyat eksperti Elməddin Muradlı “Toyota” mərkəzlərindən birində olub və burada saxta və orijinal ehtiyat hissəsini ayırd etmək üçün yerləşdirilən nümunələrlə tanış olub. O, saxta və orijinal ehtiyat hissələri arasındakı sadə görünüşlü, əllə hiss edilə bilən fərqləri izah edib. Ekspert bildirib ki, sürücülərə təqdim olunan ehtiyat hissələri bağlı qutuda olduğu üçün onların saxta və orijinalı müqayisə etmək şansları olmur:

“Qeyri-orijinal benzin filteri ilə orijinalı arasında çəki fərqi belə var. Qeyri-orijinal olan məhsul daha yüngül materialdan təşkil edilir. Başlıq qeyri-orijinalda qırmızı rəngdədir. Orijinal benzin filterində holoqram var, digərində yoxdur. Sürücülər isə haqlı olaraq sual verir ki, bəs istifadəçi ehtiyat hissəsinin orijinallığına necə əmin olsun, necə ayırd edə bilsin? Biz isə tövsiyə edirik ki, bunu ayırd etmək mümkün deyilsə, o zaman ehtiyat hissəsini yalnız rəsmi servisdən əldə edin. Çünki burada satılan bütün məhsullar orijinaldır. Üstəlik, rəsmi servislər satdıqları məhsullara zəmanət verir”.

Elməddin Muradlı qeyd edir ki, mağazalarda sürücülərin önünə bir neçə model ehtiyat hissəsi qoyulur və onların orijinal, qeyri-orijinal və orijinala bir az yaxın olduğu bildirilir. Sürücü isə ümumiyyətlə bu barədə məlumatsız olduğu üçün satıcıya inanmalı olur:

“Siz təsadüfən üzünüzü çevirib başqa məhsula baxsaz, o satıcı məhsulları qarışdırsa və sizə yenidən yerləri dəyişdirilmiş məhsulları eyni sıra ilə təklif etsə, heç nə başa düşməyəcəksiz. Çünki bu cür ehtiyat hissələri orijinal məhsulların qablaşdırma formasına bənzər, yaxud onunla eyni satışa çıxarılır. Baxın, bu əyləc qəliblərinin biri orijinaldır, digəri qeyri-orijinal. Qutunun üzərindəki kod eynidir, qablaşdırma eyni. Ancaq qutunun içində məhsulun üstünə baxanda fərqlər görünür. Qeyri-orijinal ehiyat hissəsinin üstündə heç bir işarə yoxdur. Orijinal qəlibdə isə yazılar var, qeydiyat işləri görülüb. Lakin məhsul qutuda sizin qarşınıza qoyulsa, baxa-baxa qalacaqsız və bilməyəcəksiz ki, söhbət nədən gedir. Bəzən deyirlər ki, nə fərqi var orijinal, yaxud qeyri-orijinal, əsas odur gedir. Amma bu detalın özü çox önəmlidir. Çünki onun tərkibində tormoz məsafəsinə təsir edəcək maddələr var. Əyləc qəlibinə görə alışıb yanan avtomobillər belə var”.

Ekspert vurğulayıb ki, bu günə qədər saxta ehtiyat hissələrinə görə zərər çəkən sürücülər özləri belə başqalarının eyni halı yaşamaması üçün çağırışlar ediblər. Yol polisi əməkdaşları, texniklər, avtomobil ekspertləri saxta ehtiyat hissələrinin vurduğu zərərlərlə bağlı dəfələrlə həyəcan təbili çalıb, xəbərdarlıq edib ki, bəlkə sürücülər arasında keyfiyyətə kəmiyyətdən önəm verənlərin sayı artar:

“Hətta indiyə kimi “əşi heç bir fərqi yoxdur” deyənlər də başa düşür ki, orijinal və qeyri-orijinal ehtiyat hissələri arasında maddi cəhətdən nə qədər fərq olsa da, əslində onun təhlükəsizlik, sağlamlıq baxımından əhəmiyyəti çox böyükdür. Ortadakı fərq puldakı fərqdən də böyükdür. Bunu biz də deyirik, mütəxəssislər də, sorğu keçirdiyimiz sürücülərin də bir çoxu təsdiqləyir ki, bəli, keyfiyyətli mala üstünlük verilməlidir. Bəlkə də sorğuda cavab xətrinə belə deyiblər, amma mən əminəm ki, hər biri səmimi şəkildə bu cür düşünür və düşündükləri kimi də addım atırlar”.

Bu materialda sizinlə həmçinin digər ekspertlərin, sürücülərin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirlinin fikirlərini təqdim edəcəyik. Çünki hər kəs ehiyat hissəsi alarkən onun orijinallığına diqqət etməyin vacibliyini vurğulayır və qəzalardan yan keçməyin əsas metodlarından birini məhz istehsalçının özündən alınan məhsullarda görür.

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh