Banner

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini necə inkişaf etdirir?

Gündəm 15 Oktyabr 2025 23:15 Oxunub 448
Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini necə inkişaf etdirir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşü “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşması istiqamətində atılan addımlara yeni təkan verdi. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu fikir Rusiyanın “News.ru” saytında dərc olunan analitik materialda əks olub.

Qeyd olunub ki, oktyabrın 13-də Bakıda Rusiya, Azərbaycan və İran nümayəndələri görüşərək dəhlizin fəaliyyətinin artırılması və digər texniki məsələləri müzakirə ediblər. Müzakirələrin nəticəsində hər 3 ölkənin gömrük, sərhəd və nəqliyyat orqanlarının təmsilçilərindən ibarət işçi qruplarının yaradılması qərara alınıb ki, bu da dəhlizin inkişafında müsbət rol oynayacaq.

Müəllif “ŞCBND iştirakçı dövlətlər üçün niyə bu qədər əhəmiyyətlidir?” - sualına cavab verərək bildirir ki, hər 3 ölkədə uyğun nəqliyyat infrastrukturu qurmalı və tərəflər üçün eyni imkanlar yaradılmalıdır. Dəhliz hər 3 ölkənin ixracatçısı, idxalçısı, istehsalçısı, istehlakçısı üçün geniş inkişaf imkanları yaradır.

Materialda nəzərə çatdırılıb ki, ŞCBND-nin inkişafı istiqamətində Azərbaycan digər dövlətlərdən daha səmərəli addımlar ataraq irəliləyib: “Astara trans-sərhəd dəmir yolunun modernləşdirilməsi yaxın zamanda başa çatacaq. Azərbaycanda logistik hab yaradılır, 2027-ci ildə Azərbaycan dəmir yolları tamamilə modern vəziyyətə gətiriləcək”.

Məsafəsi 160 kilometr olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması İran və Rusiyanın dəmir yollarını Azərbaycan dəmir yolu vasitəsilə birləşdirəcək ki, bu da Rusiyaya Körfəz ölkələrinə çıxış əldə etməsi üçün imkan verəcək.

“РусИранЭкспо” şirkətinin direktoru Aleksandr Şarov bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisi 2032-ci ilədək başa çatdırılacaq: “Özəl mülkiyyətdə olan torpaq sahələrini almaq və bu ərazilərdə geoloji kəşfiyyat işləri aparıb ərazinin çökmə səviyyəsini yoxlamaq vaxt aparacaq. Hazırda ŞCBN dəhlizi ilə avtonəqliyyat vasitələrilə 5 milyon ton yük daşınır ki, bunun da əksəriyyəti Azərbaycandan tranzit keçir. Yüklər Moskvadan avtomobillərlə İranla yanaşı Qətərə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və İraqa 10-12 günə çatdırılır. Geri qayıdarkən isə İrandan Rusiyaya meyvə, tərəvəz gətirirlər. Hələlik dəmir yolu ilə Azərbaycandan tranzit olaraq İrana 1 milyon ton yük ixrac edilir. Rəşt-Astara dəmir yolu hazır olandan sonra yükdaşımaların artacağı şübhəsizdir”.

Asiyanın İnkişafı Fondunun direktoru, hərbi ekspert Aleksandr Sobyanin bildirib ki, ŞCBND min il əvvəl mövcud olan ticarət yoludur: “Bu dəhliz Körfəz ölkələrinə və Hindistana yüklərin ən ucuz çatdırılmasını təmin edir ki, bu da çox vacibdir. Əgər qədim zamanlarda bu yolla Rusiya dəri və gümüş ticarətini həyata keçirirdisə, indi strateji əhəmiyyətli yüklər daşınır. Ona görə də Moskva ilə Bakı yalnız özlərinin deyil, bütün iştirakçı dövlətlərin strateji yüklərinin daşınmasına yardım göstərir”.

Ekspert nəzərə çatdırıb ki, Prezident İlham Əliyev oktyabrın 13-də Şərm əl-Şeyxdə Qəzzada atəşkəs məsələsinin müzakirəsi üçün keçirilən Sammitdə Pakistan və İndoneziya prezidentləri ilə görüşməsi təsadüfi deyil.

Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Cəmaləddin Həsənov sayta bildirib ki, ŞCBND sadəcə ticarət yolu deyil: “Bu gün dünyada baş verən geosiyasi vəziyyəti nəzərə alaraq dəhlizin Rusiya və Azərbaycan üçün mahiyyətini görürük. Ticarət yollarının diversifikasiyası, nəqliyyat əlaqələrinin genişləndirilməsi və artırılması təhlükəsizlik üçün vacib amillərdir”.

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini necə inkişaf etdirir?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh