Banner

Məktəblərdə dərs saatları DƏYİŞİR

Xəbərlər 25 Noyabr 2026 21:38
Məktəblərdə dərs saatları DƏYİŞİR
WhatsApp kanalımıza abunə olun

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün müxtəlif təkliflər müzakirə olunur. Bu təkliflərdən biri də məktəblərdə dərs saatlarının dəyişdirilməsi və şagirdlərin növbəli qrafiklə təhsil almasıdır. Səhər saatlarında məktəblilərin və işə gedən vətəndaşların eyni vaxtda yollara çıxması tıxacların yaranmasına təsir göstərdiyindən, belə bir modelin tətbiqinin nə dərəcədə səmərəli olacağı maraq doğurur.

Avtosfer.az xəbər verir ki, Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı belə bir yanaşma şəhərdəki nəqliyyat sıxlığına və tıxaclara müəyyən qədər təsir göstərə biləcəyini deyib.

Onun sözlərinə görə, bu, xüsusilə şəhər mərkəzində yerləşən məktəblərə və iş yerlərinə aiddir. Böyük sayda işçisi olan müəssisələrdə iş saatlarının mərhələli şəkildə tənzimlənməsi də faydalı ola bilər.

Ekspert qeyd edib ki, dövlətin balansında olan bəzi zavod və fabriklərdə iş saatlarının başlaması və başa çatması şəhərdə hərəkətliliyin artmasına, nəticədə isə tıxacların yaranmasına səbəb olur. Buna görə də həmin müəssisələrdə iş qrafikinin mərhələli şəkildə dəyişdirilməsi məqsədəuyğun ola bilər.

E.Muradlı məktəblərdə də belə bir yanaşmanın tətbiqini mümkün hesab edir. Lakin onun fikrincə, bu dəyişiklik bütün təhsil müəssisələrinə şamil edilməməlidir:

“Bütün məktəblərə bunu şamil etməyin heç bir ciddi təsiri olmayacaq. Məsələn, Suraxanıdakı məktəbdə dərs saatlarının dəyişdirilməsinin şəhər mərkəzindəki tıxaclara heç bir əhəmiyyəti yoxdur. Amma elə məktəblər var ki, orada bu addım müəyyən təsir göstərə bilər. Görürsünüz ki, imkanlı ailələrin uşaqları daha çox həmin məktəblərə gəlir. Həm aşağı, həm də yuxarı sinif şagirdlərinin hər birinin arxasınca avtomobillə gəlib-gedirlər”.

Ekspert hesab edir ki, bu məsələdə Elm və Təhsil Nazirliyi tərəfindən ciddi təhlillər aparılmalıdır. Onun sözlərinə görə, qərarların elmi yanaşma və mütəxəssislərin iştirakı ilə hazırlanması daha məqsədəuyğundur.

“Elm və Təhsil Nazirliyi burada təhlil aparmalıdır. Buna elmi yanaşmaq daha məntiqli olardı. Bunun üçün ciddi təhlillərə ehtiyac var. Ekspertlərlə işləmək lazımdır. Otaqda oturub qərar verməklə iş düzəlməyəcək. Dərs saatlarının dəyişdirilməsi, eyni zamanda iş saatlarına fərqli yanaşılması müəyyən təsir göstərə bilər. Bu məsələ araşdırılaraq müvafiq addımlar atılsa, yaxşı olar”, – deyə o bildirib.

E.Muradlı əlavə edib ki, belə bir qərar qəbul edilərkən valideynlərin münasibəti və gündəlik iş qrafikləri də nəzərə alınmalıdır. Çünki dərs saatlarının dəyişdirilməsi uşaqların məktəbə aparılıb-gətirilməsinə və valideynlərin iş rejiminə təsir göstərə bilər.

“Burada başqa fəsadlar da ortaya çıxa bilər. Valideynlərin bu məsələyə münasibəti necə olacaq? Onlar buna hazırdırmı? İş qrafikləri uşaqları məktəbə aparıb-gətirməyə uyğundurmu? Belə yanaşmalar var ki, əvvəlcədən ciddi araşdırma aparılmadan qərar verilməsi ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də məsələyə elmi cəhətdən yanaşılmalı, elmi əsası olan bir model tətbiq edilməlidir ki, heç kim bundan zərər görməsin”, – deyə ekspert vurğulayıb.

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh