Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA

Gündəm 6 Aprel 2026 14:41
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərlə müqayisədə yağıntıların intensivliyi mövzusu həm iqlim dəyişiklikləri, həm də yerli ekoloji şərait baxımından müzakirə olunan əsas məsələlərdən biridir. Xüsusilə son dövrlərdə paytaxt və bəzi regionlarda qısa müddətdə daha çox yağıntının düşməsi halları diqqət çəkir. Bəs görəsən bu il yağıntılar keçən ilə nisbətən artıbmı və güclü yağışlar və onların yaratdığı fəsadlar hansı faktorlarla əlaqələndirilir?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, son illərlə müqayisədə yağıntılarda və intensivliyində də heç bir artım yoxdur. Bu, dövri xarakter daşıyan yağıntılarla bağlıdır, yəni hazırda sadəcə çox yağıntılı dövrə düşmüşük:


“Bu il qış mövsümü də pis keçmədi, qar yağıntısı müşahidə olundu. Hal-hazırda isə mülayim subtropik qurşaqda bahar fəslinə daxil olmuşuq və bu fəslin əsas xüsusiyyəti yağıntılı, yağışlı keçməsidir. Mart, aprel və may aylarında coğrafiyamızda yağıntının olması tam normal haldır. Havaların kəskin soyumaması və qarın az olması əlverişli hesab olunur. Bununla yanaşı, dağ ətəyi və yüksək dağlıq ərazilərdə qar yağması da normaldır və bunun təbiətə heç bir ziyanı yoxdur. Əksinə, bütün ekosistemlər üçün, o cümlədən insanlar üçün faydalıdır. Bakı və Abşeron yarımadasında hava çirkliliyi və tozlanma səviyyəsi yüksəkdir. Bu baxımdan, yağıntının artması müsbət hal kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Bakı yarımsəhra iqliminə malikdir və burada yağıntılar adətən çox olmur. Hazırda müşahidə olunan yağıntılar Bakının yağışlı şəhərə çevriləcəyi və ya musson tipli yağışların baş verəcəyi anlamına gəlmir. Digər tərəfdən, şəhərdə yaranan problemlərin əsas səbəbi iqlim deyil, infrastrukturla bağlıdır. Kanalizasiya sistemlərinin zəifliyi, yol qovşaqlarının və estakadaların düzgün layihələndirilməməsi nəticəsində yolları su basır, bəzi hallarda isə çökmə və dağıntılar baş verir. Bu kimi hallar iqlim dəyişiklikləri ilə deyil, idarəetmə və planlaşdırma problemləri ilə əlaqədardır”.
Bir sıra vətəndaşlar tərəfindən sosial şəbəkələrdə yayılan iddialarda bildirilib ki, son həftələrdə yağan yağışlar 2025-ci ilin sentyabr ayında həyata keçirilməsi nəzərdə tutulan süni ayğış texnologiyası layihəsi ilə əlaqədardır. Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, hazırda bu layihə ilə bağlı sınaq keçirilməyib və son həftələrdə aramsız yağışları bu layihə ilə əlaqələndirmək olmaz.
Nurcan Babək

Oxunub : 360
ŞƏRH YAZ
Ad

E-mail

Şərh