Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT

Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpa ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumatda bildirilib ki, "Gürcüstan Dəmir Yolları" SC ilə əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.
Koordinasiya Şurasının Protokolu həmçinin müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün "BTKI Dəmir Yolları" MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır. Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək. Pandemiya dövründə dayandırılmış Bakı–Tbilisi–Bakı qatar reysinin yenidən bərpa olunması yalnız nəqliyyat əlaqələrinin bərpası deyil, eyni zamanda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimadın və regional əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm addımdır.
Qatarların bərpası ilə bağlı Milli Məclisin deputatı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Məmmədli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan uzun illərdir enerji, nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq sahələrində region üçün nümunə hesab olunan münasibətlər formalaşdırıblar.

"Bakı–Tbilisi–Qars dəmir yolu, enerji layihələri və Orta Dəhlizin inkişafı iki ölkənin tərəfdaşlığının strateji xarakter daşıdığını göstərir. Bu baxımdan sərnişin qatar reyslərinin yenidən fəaliyyətə başlaması münasibətlərin humanitar və sosial aspektlərini də gücləndirəcək. Xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız üçün bu qərarın böyük əhəmiyyəti var. İllərdir insanlar ailə əlaqələri, təhsil, müalicə, işgüzar səfərlər və digər sosial ehtiyaclarla bağlı daha əlçatan nəqliyyat imkanlarını gözləyirdilər. Qatar reysinin bərpası onların Azərbaycana gediş-gəlişini asanlaşdıracaq, ailə bağlarının möhkəmlənməsinə və sosial inteqrasiyanın genişlənməsinə müsbət təsir göstərəcək.
Digər tərəfdən, bu addım turizm sektorunun canlanmasına, qarşılıqlı səfərlərin artmasına, kiçik və orta sahibkarlıq əlaqələrinin genişlənməsinə, ümumilikdə iqtisadi aktivliyin yüksəlməsinə əlavə töhfə verə bilər. Nəqliyyat əlaqələrinin genişlənməsi hər zaman regionlar arasında iqtisadi və mədəni yaxınlaşmanı sürətləndirən amillərdən biri olub.
Mən hesab edirəm ki, bu qərar həm də Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarına göstərdiyi diqqətin növbəti təzahürüdür. Xaricdə yaşayan azərbaycanlıların vətənlə əlaqələrinin möhkəmləndirilməsi milli həmrəyliyin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, Bakı–Tbilisi–Bakı qatar reysinin bərpası təkcə nəqliyyat məsələsi deyil, regional əməkdaşlığın dərinləşməsinə, insanlar arasında münasibətlərin genişlənməsinə və Azərbaycan–Gürcüstan dostluğunun daha da möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilməlidir".
Millət vəkili İlham Məmmədov Avtosfer.az-a müsahibəsində vurğulayıb ki, qatarların bərpasını da əhatə edən imzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

“6 illik fasilədən sonra quru yolu ilə iki ölkə arasında səfərlərin yenidən təşkili iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq. Logistik yeni bir marşrutun uzun fasilədən sonra açılması, həm Gürcüstanda yaşayan soydaşlarımıza, həm də Azərbaycandan Gürcüstana səfərlər etmək istəyən vətəndaşlarımızın dərin qohumluq əlaqələrinin yeni müstəvidə inkişafına kömək edəcək.
Təbii ki, bu gün artıq biz qeyd edə bilərik ki, Qarabağdakı mütləq qələbəmizdən sonra Cənubi Qafqazın siyasi xərtəsi tamamilə dəyişib və Azərbaycanın əldə etdiyi zəfərdən sonra regionda əlaqələrin bərpası istiqamətində ən böyük naliyyətlərdən biri də məhz Bakı-Tbilisi-Bakı qatarının bərpasıdır. Sülh özünü həm də o vaxt göstərir ki, qonşu ölkələr arasındakı münasibətlər müsbətə doğru irəliləyir, kommunikasiya xətlərinin bərpası ilə iqtisadiyyat və turizm regionda yalnız inkişaf edir. Gürcüstanla Azərbaycan arasında uzun illərə dayanan həm mənəvi, həm də siyasi əlaqələr var. Cənubi Qafqazın ən böyük potensiala sahib iki ölkəsinin arasındakı kommunikasiya xətlərinin inkişafı bütövlükdə regiona öz müsbət təsirini həmişə göstərib. Digər tərəfdən dünyanın bir sıra ölkələrində baş verən siyasi hadisələrin fonunda Gürcüstan və Azərbaycan vətəndaşlarının istirahətinin də düşünülməsi olduqca əhəmiyyətlidir. Bu təkcə turizm cəhətdən deyil, eyni zamanda logistik yolların təhlükəsizliyi baxımından da çox önəmlidir və Azərbaycanla Gürcüstan arasındakı təchizat zəncirinin uzun illərə dayanan tarixi əməkdaşlığında da özünü göstərməsi şübhəsizdir.
Bu gün də məhz Cənab Prezident İlham Əliyevin həm strateji, həm də taktiki gedişi nəticəsində, COVID19 pandemiyası başlayandan bəri bağlanan Bakı-Tbilisi-Bakı qatarları artıq mayın 26-dan etibarən bərpa olunacaq”.
Milli Məclisin deputatı Jalə Əliyevanın sözlərinə görə, Bakı-Tbilisi-Bakı ürət qatarlarının fəaliyyətini bərpa etməsi çox sevindirici haldır, çoxdan bəri gözlədiyimiz bir hadisədir.

“Deməliyik ki, bu, uzun müddətdən bəri Azərbaycan dövlətinin, şəxsən, ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi intensiv görüşlərin, danışıqların bu istiqamətdə apardığı məqsədyönlü siyasətin birmənalı olaraq müsbət nəticəsidir. Bu istiqamətdə uzun müddətdən bəri iş gedirdi, bildiyimiz, aldığımız məlumatlar bundan ibarət idi və artıq düşünürük ki, açılışa biz tam hazırıq. Əlbəttə ki, artıq ölkə başçısının böyük səyləri və prinsipial mövqeyi bizi artıq bu açılışın eşiyinə gətirib, bu mərhələyə gətirib və eyni zamanda, əlbəttə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan tərəfi ilə apardığı intensiv görüşlər, həyata keçirdiyi siyasət, eyni zamanda “Azərbaycanın Dəmir Yolları”nın, onun rəhbərliyinin qarşıya qoyulan məqsədləri, hədəfləri düzgün qiymətləndirməsi və bu istiqamətdə perspektivli görüşlər keçirməsi bizə bu cür müsbət nəticə əldə etməyə gətirib çıxarır. Bu, sevincli bir xəbərdir. Azərbaycan üçün, Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycan insanı üçün əhəmiyyətli bir məqamdır. Bölgədə bir daha Azərbaycanın öz sözünü deməsinin, Azərbaycanın ard-arda həyata keçirdiyi, imza attığı layihələrdən biri kimi çox əhəmiyyətlidir. Eyni zamanda inanırıq ki, bu layihələrin davamı olacaq.
Bu günlərdə açılacaq olan Bakı-Tiblisi-Bakı qatarı, daha sonra digər stansiyalarda da, digər istiqamətlərdə də öz ardıcıllığını davam etdirəcək. Bütün həyata keçirilən işlərin arxasında birbaşa olaraq Azərbaycan dövlətinin ölkə rəhbərinin, onun əlaqədar qurumlarının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin çox böyük bir əməyi var”.
Səfər
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO










