Banner

Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO

Gündəm 4 Noyabr 2026 11:30
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
WhatsApp kanalımıza abunə olun

 

Bakının tarixi memarlıq irsinin qorunması ilə bağlı daha bir məsələ gündəmə gəlib. Paytaxtın Rəşid Behbudov və Xaqani küçələrinin kəsişməsində yerləşən, XIX əsrin sonlarına aid yaşayış binasının dövlət qeydiyyatına alınmaması sakinlərin narahatlığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, məsələ sosial şəbəkədə “Bakı Gündəliyi” səhifəsi tərəfindən paylaşılıb.

Məlumata görə, sözügedən ərazidə 1896-cı ildə inşa edilmiş və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan iki yaşayış binası yerləşir. Onlardan birinin inventar nömrəsi 3320, digərinin isə 3452-dir.

Lakin hər iki tarixi binanın arasında yerləşən, eyni dövrdə inşa edilmiş və onlarla vahid memarlıq ansamblı təşkil edən digər yaşayış evi indiyədək dövlət qeydiyyatına alınmayıb.

Paylaşımda qeyd olunur ki, binanın sakinləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edərək tikilinin tarixi abidə kimi qeydiyyata alınmasını istəyiblər. Lakin müvafiq Ekspert Şurası binanın abidə kimi qeydiyyata alınmasını məqsədəuyğun hesab etməyib.

Sakinlərin iddiasına görə, binanın hüquqi mühafizə statusunun olmaması onun daxilində qanunsuz təmir və tikinti-quraşdırma işlərinin aparılmasına şərait yaradır. Bu isə həm tikilinin tarixi görkəmi, həm də memarlıq baxımından ətrafdakı abidələrlə təşkil etdiyi bütövlük üçün narahatlıq doğurur.

Beləliklə, eyni ildə inşa edilmiş və bir-birinin davamı olan iki bina dövlət tərəfindən qorunduğu halda, onların arasında yerləşən tikilinin bu siyahıdan kənarda qalması suallar yaradır. Məsələ ilə bağlı sakinlər binanın tarixi və memarlıq dəyərinin yenidən araşdırılmasını, abidə statusunun verilməsi məsələsinə təkrar baxılmasını istəyirlər.

Eltac Zülfüqaroğlu

FOTO QALEREYA
Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh