Dəmir yolları ətrafında yaşayanların keçidlərdən istifadə etməməsi nələrə səbəb olur? - AÇIQLAMA

Azərbaycanda dəmir yolu keçidlərinin ətrafında yaşayan əhali üçün nəzərdə tutulmuş infrastrukturun olmasına baxmayaraq, bir çox hallarda vətəndaşlar müəyyən edilmiş keçidlərdən istifadə etmir. Bunun əvəzinə, qısa yol axtararaq qaydaları kobud şəkildə pozur və relsləri hardan gəldi keçməyə üstünlük verirlər. Bu isə həm şəxsi təhlükəsizlik baxımından ciddi risklər yaradır, həm də dəmir yolu nəqliyyatının fasiləsiz və təhlükəsiz hərəkətinə mənfi təsir göstərir.
Belə halların artması qurumların nəzarət və maarifləndirmə fəaliyyətini daha da çətinləşdirir, çünki dəmiryolu xətlərində baş verə biləcək qəza və insidentlərin qarşısının alınması yalnız texniki tədbirlərlə deyil, eyni zamanda ictimai davranışın dəyişdirilməsi ilə mümkündür.
Problemin həlli istiqamətində əsas çətinliklərdən biri ondan ibarətdir ki, bəzi ərazilərdə keçidlər və piyada körpüləri mövcud olsa da, insanlar onları məsafə və vaxt baxımından əlverişsiz hesab edərək istifadə etmirlər. Nəticədə, qeyri-qanuni keçidlər yaranır və onlar təhlükəsizlik risklərini artırır, dəmir yolu istismar edən qurumların əlavə nəzarət resursları ayırmasına səbəb olur. Həmçinin, bu vəziyyət texniki təhlükəsizlik sistemlərinin effektivliyini də tam təmin etmir, çünki insan faktoru hər zaman gözlənilməz risk yaradır.
Qurum bu problemlərin tənzimlənməsi üçün əsasən bir neçə istiqamətdə fəaliyyət göstərir. İlk növbədə, dəmir yolu xətlərinin ətrafında fiziki baryerlərin qurulması, hasarlama işlərinin aparılması və təhlükəli keçidlərin bağlanması həyata keçirilir. Eyni zamanda, maarifləndirmə kampaniyaları vasitəsilə əhalinin təhlükəsiz keçidlərdən istifadə etməsi təşviq olunur. Bundan əlavə, nəzarət mexanizmləri gücləndirilir və riskli ərazilərdə monitorinq artırılır. Bəzi hallarda isə yerli icra orqanları ilə birgə alternativ keçidlərin yaradılması və infrastrukturun optimallaşdırılması istiqamətində işlər görülür.
Dəmir yolu keçidlərinin ətrafında yaşayan insanların keçidlərdən istifadə etməməsi qurumun fəaliyyətində hansı çətinliklər yaradır? Aidiyyəti dövlət qurumları bu problemləri necə tənzimləyir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumilikdə, dəmir yolu keçidlərində həm mikro, həm də makro səviyyədə ciddi təftiş aparılmalıdır:

“Bu, həm keçidlərin səmərəliliyi, həm də onlara doğru uzanan səkili yolların vəziyyəti, rəvanlığı, baryerlərin olub-olmaması və işıqlandırma sistemləri ilə bağlı olmalıdır. Keçidlərin sayının artırılmasına ciddi ehtiyac var, çünki dəmir yolumuzun 145 yaşı var, qərb istiqamətində isə 143 ildir fəaliyyət göstərir və bu illər ərzində yaşayış məntəqələri böyüyüb, əhali sayı artıb.
Bu baxımdan, piyada, heyvan və avtomobil üçün keçidlərin, həmçinin heyvanların miqrasiyasını nəzərə alaraq ekodukların qurulmasına ehtiyac var. Bunların hamısı təşkil olunmalıdır ki, həm sürət rejimi təmin olunsun, yəni qatarın önünə heç bir maneə çıxmasın və ölümlə nəticələnən qəzalar olmasın, digər tərəfdən də insanlar rahat hərəkət edə bilsinlər”.

Ekspert əlavə olaraq qeyd edib ki, yalnız insanların xaos hərəkətlərinə köklənməli deyilik, bu hərəkətlərin səbəblərinə, yəni insanların niyə belə qısa yollar axtardığına da varmaq lazımdır:
“Sadəcə çəpərləmələr və cərimə sanksiyaları burada tam işlək olmayacaq. Buna görə də infrastrukturun təkmilləşdirilməsinə, ciddi təftiş olunub təhlil edilməsinə və mövcud reallıqların tələbinə uyğun təşkilinə ehtiyac var”.
“Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəmir yolu keçidlərində təhlükəsizlik mövzusu xüsusilə aktualdır. Dəmir yolu keçidlərində baş verən hadisələrin əksəriyyəti sürücülərin və piyadaların qaydalara əməl etməməsi səbəbindən baş verir.

“ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır.
“Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir, həmçinin bir sıra ərazilərdə çəpərləmələr həyata keçirilib.
Bundan başqa, dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni tikililərin mövcudluğu həm sərnişinlər, həm də həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir. Dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş qanunsuz tikililər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında da bir sıra çətinliklər törədir.

Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə sıx məskunlaşma sakinlərin həyatını da riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir. Belə məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir.
“Azərbaycan Dəmir Yolları” qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir və müvafiq qurumların qərarı əsasında, qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" adlı layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Eltac Zülfüqaroğlu
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL
Azərbaycandan ixrac edilən nərə balığı niyə ucuz olub? – Ekspert AÇIQLADI - VİDEO
Dövlət qurumları üçün xidməti parkinq yerləri necə müəyyənləşdirilir? – Ekspert AÇIQLADI
Avtobus dayanacaqlarındakı məlumat çatışmazlığı ilə bağlı AYNA-nın açıqlaması - VİDEO










