Dünya Meteorologiya Təşkilatı: ABŞ-da anomal soyuqlar qlobal istiləşməni istisna etmir

Yanvar ayında dünyanın bir çox regionlarında ekstremal hava şəraiti qeydə alınıb. Şimali Amerikada şiddətli şaxtalar, Avstraliyada isə anomal istilər və yanğınlar baş verib. Latın Amerikasında bəzi yerlərdə leysan yağışları, Alp və Himalay dağlarında isə güclü qar uçqunları olub. Avtosfer.az Azərtac-a istinadla xəbər verir ki, Dünya Meteorologiya Təşkilatının (DMT) ekspertləri ABŞ-ın bir sıra regionlarında şiddətli şaxtaların planetimizin isinməsini istisna etmədiyini vurğulayıblar.
DMT-nin baş katibi Petteri Taalas bununla bağlı deyib: “Şübhəsiz ki, Birləşmiş Ştatların şərqində hökm sürən soyuq havalar iqlimin dəyişmədiyi anlamına gəlmir. ABŞ-ın şərqində, həmçinin Kanadanın bir hissəsində və Arktikanın böyük ərazisində rekord dərəcədə temperaturun olmasına rəğmən bu qış daha isti keçir. Ümumilikdə, planetimizdə son illər yeni rekord dərəcədə aşağı temperaturlar daha az qeydə alınır ki, bu da qlobal istiləşmə ilə əlaqədardır. Soyuqlar və qar əvvəlki kimi Şimal yarımkürəsi üçün tipik qış havasının bir hissəsi olacaq. Keçici hava şəraiti və uzaq perspektivdə iqlimin dəyişməsi ayrı-ayrı məfhumlardır”. DMT-nin rəhbəri əlavə edib ki, Arktika və Antarktidada buz təbəqələri əriyir. Onun sözlərinə görə, Arktikada isinmə dünya göstəricilərindən təxminən iki dəfə çoxdur.
P.Taalas daha sonra əlavə edib: “Bu dəyişikliklər Arktikanın hüdudlarından kənarda - Şimal yarımkürəsində də hava şəraitinə təsir edir. Daha aşağı enliklərdə anomal soyuq havalar Arktikadakı dramatik dəyişikliklərlə əlaqədardır. Qütblərdə baş verənlər yüz milyonlarla insanın yaşadığı daha cənubda yerləşən rayonlardakı iqlimə də təsir edir”.
DMT qeyd edib ki, Şimali Amerikanın bir çox hissələrində anomal soyuqlar bu qitəyə arktik hava kütlələrinin daxil olmasının nəticəsidir. Güclü küləklərlə müşayiət olunan bu axın ABŞ-da yuxarı orta-şərqdən şimal-şərqədək yerləşən rayonlarda temperaturun təhlükəli həddə enməsinə səbəb olub. Böyük göllərin ətraf ərazilərinə xas olan güclü qar yağması da bu məsələdə müəyyən rol oynayıb. ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, Missisipi çayının yuxarı vadisində, Böyük göllərdə və orta Atlantika regionunun şimalındakı bəzi rayonlarda havanın temperaturu orta həddən daha aşağı olacaq. Bu ölkədə ən aşağı temperatur isə mənfi 48,9 dərəcə Selsi olub.
Kanadanın bütün ərazisində güclü qar yağıb, bəzi yerlərdə isə yağıntılar üçaylıq normaya bərabər olub. Yanvarın 29-da Ottava hava limanında qarın qalınlığı 97 santimetrə çatıb ki, bu da rekord göstəricidir. 1999-cu ildə qeydə alınmış əvvəlki rekord 93 santimetr olub.
Avropada da qış sərt keçir. DMT-nin məlumatına görə, yanvar ayı ərzində Avropa Alplarına rekord səviyyədə qar yağıb. Tiroldakı Xoxfiltsenə yanvarın ilk 15 günü ərzində 451 santimetrdən çox qar yağıb. Bu cür hal yüz ildə bir dəfə baş verir. Tirolun digər kurortlarında da görünməmiş qar uçqunları qeydə alınıb. İsveçrənin şərqində əvvəlki illərə nisbətən iki dəfə çox qar yağıb.
Avstraliyada isə tarixinin ən isti havası hökm sürür. Yanvar ayı öz miqyasına və müddətinə görə ən isti hava dalğası ilə müşayiət olunub. Həmin ayın ortalarında Avstraliyanın ən cənub ştatı olan Tasmaniyanın mərkəzi və cənub-şərq hissəsində güclü yanğınlar baş verib. Tasmaniyanın yanğın xidmətinin yanvarın 28-dək olan məlumatında tüstüsünün Yeni Zelandiyada da göründüyü 44 yanğın hadisəsinin qeydə alındığı bildirilir.













