Banner

Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA

Gündəm 21 Oktyabr 2026 17:16
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda əhalinin kredit borclarının artması və istehlak kreditlərinə tələbatın yüksəlməsi vətəndaşların maliyyə vəziyyəti və ailə büdcəsinin idarə olunması məsələlərini yenidən gündəmə gətirir. Kreditlər gündəlik ehtiyacların qarşılanmasına kömək etsə də, borc öhdəliklərinin artması ailələrin xərclərinə və maliyyə imkanlarına təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, bu baxımdan əhalinin borc yükünün artmasına səbəb olan amillərin araşdırılması, kredit ödənişlərinin ailə büdcəsinə təsirinin qiymətləndirilməsi və borclanma zamanı maliyyə risklərinin azaldılması vacibdir. 
Bəs kredit borclarının artmasının əsas səbəbləri hansılardır və vətəndaşlar borc yükünü azaltmaq üçün hansı addımları atmalıdırlar?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, borc yükü əhalinin sərəncamında qalan gəlirdən daha sürətlə artıb:

''Amma bu, vəziyyətin kritik olduğunu göstərmir, sadəcə borc yükünün artdığını ifadə edir. Hazırda vergilər və digər ödənişləri çıxıldıqdan sonra əlimizdə qalan hər 100 manatın təxminən 18 manat 70 qəpiyini borca ödəyirik. Əvvəllər bu məbləğ 18 manat 30 qəpik idi. Yəni, cüzi dəyişiklik baş verib. Bu, qlobal miqyasda təhlükəli bir dəyişiklik deyil, yüngül artımdır. Bu göstərici zamanla arta da, azala da bilər. Əhəmiyyətli artım olarsa, narahatlıq yarada bilər, amma hazırkı artım cüzidir. Əvvəllər hər 100 manatın 18 manat 30 qəpiyi kreditə gedirdisə, indi 18 manat 70 qəpiyi gedir. Burada əsas məsələ borclanmanın hansı istiqamətdə artmasıdır. Əgər sağlam borclanma artırsa, bu, o qədər də problem deyil. Amma riskli borclanma, yəni riskli təbəqənin borclanması və ya həddindən artıq riskli kreditlərin sayı artırsa, bu, gələcəkdə bank sektoru üçün də müəyyən problemlər yarada bilər. Borc artımının strukturu da vacibdir. Artım istehlak kreditləri, kart kreditləri və ya ipoteka kreditləri hesabına baş verə bilər. Məsələn, ipoteka kreditləri hesabına artım vətəndaşın mənzil şəraitini yaxşılaşdırırsa, buna o qədər də mənfi yanaşmamalıyıq. Düzdür, mənzil qiymətlərinin artması ipoteka kreditlərinə tələbatı da yüksəldə bilər''.
İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın statistikasına baxanda görürük ki, kreditlərin artımında istehlak kreditlərinin payı daha çox yüksəlir:
''Bu, əsasən, kart kreditlərinin və vətəndaşların istehlak məqsədilə götürdüyü digər kreditlərin artması ilə bağlıdır. Burada iki əsas məqam var. Birincisi, inflyasiya nəticəsində qiymət səviyyəsinin artmasıdır. İkincisi isə əhalinin istehlak kreditlərindən istifadəsinin genişlənməsidir. Hazırda onlayn və rəqəmsal kreditlər kimi imkanlar da mövcuddur. Mərkəzi Bank bu prosesləri izləyir və zaman-zaman müəyyən məhdudiyyətlər tətbiq edir. Məsələn, ötən il kredit kartları üzrə rəsmi gəlirin beş misli həcmində məhdudiyyət tətbiq edildi. Əvvəllər belə bir məhdudiyyət yox idi. Daha sonra istehlak kreditləri üzrə aylıq ödənişlərin gəlirə nisbətinə dair 45 faizlik məhdudiyyət müəyyənləşdirildi. Yəni, aylıq kredit ödənişləri gəlirin 45 faizindən çox olmamalıdır. Əgər aylıq gəliriniz 1000 manatdırsa, kredit üzrə aylıq ödənişiniz maksimum 450 manat ola bilər. Bundan başqa, yaxın vaxtlarda zaminliklə bağlı da məhdudiyyət tətbiq olundu. Zaminin borc yükünün gəlirinə nisbəti 70 faizə çatırsa, bu göstəricidən yuxarı öhdəlik götürməsinə icazə verilmir. Bütün bunlar Mərkəzi Bankın nəzarəti altında riskləri idarə etmək məqsədilə həyata keçirilir. Borc yükü artdıqda insanlar qazandıqları pulun daha böyük hissəsini banka ödəyirlər. Nəticədə gündəlik xərclər üçün daha az vəsait qalır. Eyni zamanda, yığıma yönəldilən pul da azalır. Məsələn, əvvəllər hər 100 manatın 40 manatını yığıma ayıra bilirdiksə, indi həmin vəsaitin bir hissəsini kredit ödənişinə yönəltməli oluruq. Bundan əlavə, gözlənilməz hallar zamanı — toy, yas və ya xəstəlik kimi vəziyyətlərdə — ailənin maliyyə dayanıqlığı zəifləyir. Çünki belə hallarda əlavə xərclər yaranır və borc öhdəlikləri ailənin vəziyyətini daha da çətinləşdirə bilər.
Hazırda borc yükünün gəlirə nisbəti 20 faizdən aşağı olduğu üçün mən ciddi risk görmürəm. Bu, idarəolunan vəziyyətdir. Borc yükünün gəlirə nisbəti müəyyən həddə olmalıdır. 20 faizdən aşağı göstərici daha az riskli hesab olunur, 20–30 faiz aralığı artıq müəyyən çətinliklər yarada bilər, 34 faizdən yuxarı göstəricilər isə riskli sayılır. Borc yükünün artmasının qarşısını almaq üçün Mərkəzi Bank istehlak kreditləri üzərində nəzarəti davam etdirir. Son günlərdə bank olmayan kredit təşkilatları tərəfindən verilən gündəlik kreditlərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq edilib. Vətəndaşın maliyyə vəziyyəti pisləşdikdə, borc qalığının 20 faizinin ödənilməsi ilə bağlı 45 günlük cəriməsiz və faizsiz restrukturizasiya müddəti nəzərdə tutulub. Bu qaydalar gündəlik və digər kiçik məbləğli kreditlərə də şamil olunur. Mərkəzi Bank riskləri idarə etmək üçün operativ addımlar atır''.

Fatimə

Oxunub : 240
ŞƏRH YAZ
Ad

E-mail

Şərh