Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI

Gündəm 8 Sentyabr 2026 16:30
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

Fermerlər üçün əkin subsidiyasının 30 faizinin əvvəlcədən ödənilməsinə imkan verən yeni mexanizm kənd təsərrüfatı sahəsində maliyyələşmə imkanlarının genişləndirilməsinə yönəlib.

Avtosfer.az xəbər verir ki, yeni mexanizmə əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər. Bu imkanın fermerlərin əkinə hazırlıq mərhələsində maliyyə yükünün azaldılmasına və istehsal imkanlarının genişləndirilməsinə necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, subsidiyanın 30 faizinin əvvəlcədən ödənilməsi, təbii ki, fermer üçün dəstəkdir:


''Bu halda fermer həmin vəsaiti dövriyyə kapitalına çevirə bilir. Fermer əvvəlcə xərcləri özü qarşılayır, daha sonra aldığı subsidiya həmin xərclərin müəyyən hissəsini kompensasiya edir. Kənd təsərrüfatı riskli sahə olduğu üçün bir çox fermerin maliyyə imkanları geniş deyil. Ona görə də subsidiyanın 30 faizinin əvvəlcədən ödənilməsi fermerin dövriyyə kapitalına dövlət tərəfindən qabaqcadan dəstək verilməsi deməkdir. Məsələn, müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün bir hektara 400 manat, adi suvarma sistemindən istifadə edənlər üçün isə 200 manat subsidiya müəyyənləşdirilibsə, həmin məbləğin 30 faizi əvvəlcədən ödəniləcək. Yəni 400 manatlıq subsidiyanın 30 faizi 120 manat, 200 manatlıq subsidiyanın isə 30 faizi 60 manat edir. Bu vəsait fermerin maliyyə yükünü müəyyən qədər azaldacaq və ona əkinə daha sürətlə başlamaq imkanı verəcək. Əkin sahələrinin və ərzaq istehsalının artırılmasına da bunun müsbət təsiri olacaq. Subsidiyalarla bağlı dəyişikliklər uzunmüddətli təcrübənin nəticəsində həyata keçirilir və qərarlar qəbul edilməzdən əvvəl proses öyrənilir, aidiyyəti qurumların və fermerlərin fikirləri nəzərə alınır. Eyni zamanda, 2026–2030-cu illər üzrə kənd təsərrüfatının inkişaf proqramı qəbul edilib və subsidiya sistemi də həmin proqramın məqsədlərinə uyğunlaşdırılır''.
İqtisadçı qeyd edib ki, yeni subsidiya sistemində müasir suvarma üsullarından istifadə edən fermerlərə daha çox dəstəyin göstərilməsi nəzərdə tutulur:
''Bununla yanaşı, paxlalı bitkilərin və digər kənd təsərrüfatı məhsullarının istehsalına, həmçinin heyvandarlıq sahəsinə də subsidiyaların verilməsi planlaşdırılır. Ət istehsalının artırılması məqsədilə müəyyən çəkiyə çatdırılan heyvanlara çəki subsidiyasının verilməsi də nəzərdə tutulur. Bu dəyişikliklərin əsas məqsədi kənd təsərrüfatının inkişaf proqramının təmin edilməsidir və subsidiya sistemi də buna uyğunlaşdırılır. Subsidiyanın əvvəlcədən ödənilməsi fermerlərin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına imkan verə bilər. Lakin subsidiya özü-özlüyündə avtomatik olaraq əlavə dəyər yaratmır. Sistemdə dəyişikliklər edilə bilər, amma subsidiyaların effektivliyi mütləq şəkildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölçülməlidir. Uzun müddət ərzində kənd təsərrüfatına subsidiyalar ayrılsa da, gözəçarpan və əhəmiyyətli istehsal artımı hər zaman müşahidə olunmayıb. Kənd təsərrüfatının inkişafı üçün problemlər kompleks şəkildə həll edilməlidir. Təkcə maliyyə dəstəyi hesabına kənd təsərrüfatında istehsalı əhəmiyyətli dərəcədə artırmaq mümkün deyil. Burada elmi yanaşmaların inkişaf etdirilməsi, suvarma sistemlərinin yaxşılaşdırılması və fermerlərin digər problemlərinin həlli də vacibdir''.

Fatimə

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh