Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər

Azərbaycana idxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edilib. Qərar bəzi vətəndaşlar arasında ət və digər heyvandarlıq məhsullarının qiymətinin bahalaşa biləcəyi ilə bağlı narahatlıq yaradıb. Lakin aidiyyəti qurum bildirir ki, yeni qaydalar yalnız xaricdən ölkəyə gətirilən heyvanlara şamil olunur və daxili daşınmalara təsir etməyəcək.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avtosfer.az-a verilən məlumatda bildirilib ki, heyvanların daşınması ilə bağlı yeni tələblər yalnız ölkəyə idxal olunan heyvanlara aiddir, daxili daşınmalarda tətbiq edilmir:
“Bu isə qiymətlərin bahalaşmasına və ya məhsullarla təminatın zəifləməsinə səbəb olacaq amil deyil. Son dövrlərdə ölkədə bioloji təhlükəsizliyin təmin olunması, xarici ölkələrdən keçə bilən xəstəliklərin qarşısının alınması məqsədilə sərhəd-baytarlıq nəzarəti tədbirləri gücləndirilib. Hazırda Gürcüstanla dövlət sərhədində, Qırmızı Körpü gömrük-sərhəd buraxılış məntəqəsinin ərazisində xüsusi baytarlıq nəzarət məntəqəsi fəaliyyət göstərir və gələcəkdə bu təcrübənin daha da genişləndirilməsi nəzərdə tutulur.

Həmin məntəqədə heyvanlar baytarlıq müayinəsindən keçirilir, zərurət yarandıqda laborator analizlər aparılır, xəstə heyvanlar kənarlaşdırılır və digər müvafiq tədbirlər həyata keçirilir. Bəzi hallarda xəstəlik aşkar edildiyinə görə ölkəmizə gətirilən heyvanların mənşə ölkəsinə geri qaytarılması faktları da qeydə alınıb. Təklif olunur ki, heyvanların daşınması yalnız standart nəqliyyat vasitələrində həyata keçirilsin. Onu da qeyd etmək yerinə düşər ki, bu təcrübə artıq tətbiq olunur və ölkəmizə idxal edilən heyvanların böyük əksəriyyəti standart nəqliyyat vasitələri ilə daşınır. Bununla belə, hələ də qismən uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə hallarına rast gəlinir.
Sahibkarları çətin vəziyyətdə qoymamaq və onların yeni tələblərə uyğunlaşmasına şərait yaratmaq məqsədilə bu ilin sonunadək hazırlıq dövrünün müəyyən edilməsi, növbəti ildən etibarən isə heyvanların yalnız standart nəqliyyat vasitələri ilə daşınmasının məcburi qaydada tətbiq olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, AQTA ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib.

Xatırladaq ki, ötən il region ölkələrində epizootik vəziyyətin gərgin olması, xaricdən ölkəmizə dabaq xəstəliyinin keçərək yayılması, heyvanların tələf olması, xəstə heyvanların ağız boşluğunda yaranan yaralara görə qidadan və süddən kəsilməsi kimi hallar ciddi iqtisadi təsirlərə səbəb olub. Daşıma ilə bağlı yeni tələblər də məhz bu kimi halların qarşısını almaq məqsədi daşıyır. Dünyada bu təcrübə uzun illərdir tətbiq edilir”.
Qurum əlavə olaraq qeyd edib ki, qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək:

“Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, kənd təsərrüfatı sahəsi üçün maraqlı olan bu məsələ müəyyən çaşqınlıq yaradıb:
"Xaricdən gətirilən heyvanların xüsusi nəqliyyat vasitələri ilə daşınması lazım olduğunu hamı bilir. Son dövrlərdə bir çox zərərverici və xəstəliklər yayılıb ki, bunlara Azərbaycanda əvvəllər ya nadir hallarda rast gəlinirdi, ya da ümumiyyətlə müşahidə olunmurdu. Aparılan araşdırmalar da göstərir ki, bu hallar əsasən heyvanların xaricdən gətirilməsi zamanı baş verir.

Ona görə də xüsusi nəqliyyat vasitələri ilə daşınma qaydaları tətbiq olunur. Bu qaydalar gələn ildən qüvvəyə minəcək. Belə olan halda daxili daşınmalarda hər hansı problem yaşanmayacaq. Yəni heyvanların bir rayondan digər rayona, yaxud Bakıdan başqa bir əraziyə daşınmasına bu tələblərin heç bir təsiri olmayacaq.
Təəssüf ki, Azərbaycanda kiçik bir məsələ ortaya çıxan kimi, bütün ölkədə ajiotaj yaranır. Halbuki bu, yalnız xaricdən gətirilən heyvanlarla bağlı məsələdir. Daxili bazarda hər hansı qiymət artımının baş verməsi normal hal kimi qəbul oluna bilməz. İşbazlara da bundan sui-istifadə etmək imkanı verilməməlidir".
Ekspert əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi də qiymətlərdə hər hansı fərqin yaranmayacağını əsaslandırıb:
"Çünki xaricdən heyvan gətirənlərin indiyədək istifadə etdikləri nəqliyyat vasitələrinə çəkilən xərclə yeni xüsusi nəqliyyat vasitələrinə çəkilən xərclər təxminən eyni olacaq.
O baxımdan, fikrimcə, vətəndaşlar narahat olmamalı və 'ətin qiyməti qalxacaq' deyə boş yerə ajiotaj yaratmamalıdırlar."
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO











