Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF

Gündəm 31 Avqust 2026 12:00
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
WhatsApp kanalımıza abunə olun

Heyvanların avtomobil yollarına çıxması həm onların həyatı üçün təhlükə yaradır, həm də sürücülər və sərnişinlər üçün yol-nəqliyyat hadisəsi riskini artırır. Xüsusilə magistral yolların heyvanların təbii yaşayış areallarını, miqrasiya marşrutlarını və heyvandarlıq təsərrüfatlarının yerləşdiyi əraziləri kəsməsi bu problemin daha ciddi şəkildə nəzərə alınmasını zəruri edir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) heyvanların yola çıxması ilə bağlı paylaşımına münasibət bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın magistral yollarının bir hissəsi heyvanların təbii hərəkət və miqrasiya marşrutları ilə kəsişir. Onun sözlərinə görə, dünya təcrübəsində belə ərazilərdə heyvanların avtomobil yollarından təhlükəsiz keçidini təmin etmək üçün ekoduklardan və digər xüsusi keçidlərdən istifadə olunur.

“Ekoduk heyvanların avtomobil yollarını təhlükəsiz keçməsi üçün nəzərdə tutulmuş, körpüyə bənzər xüsusi qurğudur. Belə keçidlər həm vəhşi heyvanların, həm də kənd təsərrüfatı heyvanlarının təhlükəsiz hərəkətinə şərait yaradır. Eyni zamanda heyvanların yola qəfil çıxması nəticəsində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edir”, – deyə Rauf Ağamirzəyev bildirib.

Azərbaycanda geniş biomüxtəlifliyin və 421 min hektardan çox milli park ərazisinin mövcudluğu yol infrastrukturu layihələri zamanı ekoloji amillərin də nəzərə alınmasını vacib edir.

Ekspertin fikrincə, yeni magistral yolların tikintisi və mövcud yolların yenidən qurulması zamanı heyvanların miqrasiya marşrutları, ekoloji dəhlizlər, təbii yaşayış arealları və fermer təsərrüfatlarının yerləşdiyi ərazilər əvvəlcədən müəyyənləşdirilməlidir.

“Düşünürəm ki, Azərbaycanın magistrallarında, xüsusilə meşəlik, dağlıq, milli park və heyvandarlıq təsərrüfatlarına yaxın ərazilərdə ekodukların və xüsusi heyvan keçidlərinin inşasına ehtiyac var”, – ekspert qeyd edib.

Bu cür infrastrukturun yaradılması yalnız heyvanların qorunması baxımından deyil, həm də sürücülərin və sərnişinlərin təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

“Bu, təkcə heyvanların deyil, həm də sürücülərin və sərnişinlərin təhlükəsizliyi məsələsidir. Təhlükəsiz yol yalnız avtomobillər üçün deyil, təbiətlə birgə yaşamaq üçün də qurulmalıdır”, – deyə ekspert bildirib.

Eltac Zülfüqaroğlu

Oxunub : 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh