İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO

Gündəm 9 İyul 2026 18:47
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
WhatsApp kanalımıza abunə olun

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar vətəndaş qəbulu keçirib. Qəbulla bağlı yayılan şəkillər birmənalı qarşılanmayıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Şuşa Rayon İcra Hakimiyyəti sosial şəbəkə hesabında paylaşım edib. Sosial şəbəkələrdə yayılan görüş fotoları isə müzakirələrə səbəb olub. Belə ki, qəbulun açıq havada, sadə şəraitdə təşkil edilməsi istifadəçilər tərəfindən fərqli qiymətləndirilib. Bir qisim bunu vətəndaşlarla daha yaxın ünsiyyət forması kimi dəyərləndirsə də, digərləri görüşün keçirilmə formatını tənqid edib. Bəs icra başçısının belə şəraitdə görüş keçirməsi nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı hüquqşunas Sahib Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, burada qeyri-adi və ya tənqid olunacaq bir məqam yoxdur:


"Görüşün açıq havada keçirilməsi normal yanaşmadır. Görüşün hansı formatda təşkil olunacağını müəyyənləşdirmək icra başçısının səlahiyyətinə daxildir. Qanunvericilikdə belə görüşlərin mütləq qapalı zalda keçirilməsini tələb edən hər hansı norma yoxdur. Görüş müxtəlif formalarda təşkil oluna bilər – açıq havada, qapalı məkanda, ayaqüstə, oturaraq və ya digər uyğun formada. Əsas meyar görüşün formatı deyil, onun necə təşkil olunması və iştirakçılar üçün hansı şəraitin yaradılmasıdır. Burada vacib olan odur ki, bütün iştirakçılar üçün bərabər münasibət və eyni şərait təmin edilsin. Məsələn, icra başçısı rahat şəraitdə əyləşib, vətəndaşlar ayaqüstə saxlanılsaydı və ya özü kölgədə olduğu halda digərləri günəş altında qalsaydı, bu, etik baxımdan düzgün olmazdı və haqlı narazılıq yarada bilərdi. Əgər görüş zamanı hamı üçün eyni şərait yaradılıbsa, heç kimə üstünlük verilməyibsə və vətəndaşların müraciətlərini dinləmək üçün normal mühit təmin olunubsa, görüşün açıq havada keçirilməsini problem kimi qiymətləndirmək düzgün deyil. Əsas məqsəd vətəndaşların qəbulunun səmərəli təşkili və onların problemlərinin dinlənilməsidir. Bu məqsəd təmin olunursa, görüşün keçirildiyi məkan və ya format ikinci dərəcəli məsələdir".

Sosioloq Elçin Bayramlının fikrincə isə, məsələyə bu cür yanaşma və mahiyyəti formadan üstün tutmaq obyektiv və diqqətəlayiq baxışdır:


"Vətəndaşla məmur arasında yaranan rəsmiyyətin, “ütülü kabinet” mühitinin insanlarda yaratdığı psixoloji baryer düzgün ortaya qoyulan suallara baxdıqda düzgün qiymətləndirilib.
Həqiqətən də, vətəndaş qəbulunun mütləq şəkildə dəbdəbəli otaqlarda və ya rəsmi kabinetlərdə keçirilməsi vacib deyil. Əsas məsələ vətəndaşın dinlənilməsi, problemin mahiyyətinin düzgün başa düşülməsi və operativ həll olunmasıdır. Məmurların xalqın içində, sadə şəraitdə – parkda, kənddə, çayxanada və ya digər açıq məkanlarda vətəndaşlarla görüş keçirməsinin bir sıra üstünlükləri var.
Psixoloji rahatlıq: Vətəndaş rəsmi idarələrin yaratdığı gərginlikdən uzaq olduqda özünü daha sərbəst hiss edir, problemini çəkinmədən və səmimi şəkildə ifadə edə bilir.  Bürokratik maneələrin azalması. Kabinet mühiti bəzən məmurla vətəndaş arasında süni məsafə yaradır. Qeyri-rəsmi görüşlər isə bu məsafəni minimuma endirir.
Dövlətə inamın möhkəmlənməsi: Rəhbər şəxslərin sadə geyimdə, xüsusi təmtəraq olmadan küçələrdə və yaşayış məntəqələrində insanlarla birbaşa ünsiyyət qurması vətəndaşlarda “bizi dinləyən və problemlərimizlə maraqlanan var” düşüncəsini formalaşdırır və dövlət institutlarına etimadı artırır".

Sosioloq qeyd edib ki, tarixdə də “təbdili-libas” üsulu rəhbərlərin cəmiyyətin real vəziyyətini öyrənməsi üçün ən təsirli vasitələrdən biri hesab olunub:
"Çünki rəsmi yoxlamalar zamanı müəyyən çatışmazlıqlar gizlədilə bilər, lakin gözlənilməz və qeyri-rəsmi görüşlər mövcud vəziyyəti daha obyektiv şəkildə ortaya qoyur. Bu cür görüşlərin formatı və keçirilmə yeri yerli şəraitə uyğun müəyyən edilə bilər. Lakin əsas prinsip dəyişmir: xalqa xidmət edən hər bir məmurun insanlara yaxın olması, onları dinləməsi və problemlərlə yerində tanış olması idarəetmənin səmərəliliyini artırır, cəmiyyətlə dövlət arasında etimadı gücləndirir".
Fatimə Dadaşova

Oxunub : 170
ŞƏRH YAZ
Ad

E-mail

Şərh