Banner

İnsan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən şəxs məhkəmədə dindirilib

Gündəm 5 Aprel 2019 12:05 Oxunub 827
İnsan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən şəxs məhkəmədə dindirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

V.Xudadatov özünü təqsirli bilmədiyini deyib.

O, sərbəst ifadəsində günahsız olduğunu, iş üzrə zərərçəkmişləri həkimlə tanış etdiyini söyləyib: "Mən taksi sürücüsü kimi həmin şəxsləri İrana və Gürcüstana aparıb, sonra gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb. Könüllü şəkildə orqanlarını satıblar və pullarını da alıblar. Bəhram Məmmədov əməliyyata girməmişdən əvvəl 13 min manat Bakıda sayılıb qardaşına verilmişdi. Özü əməliyyatdan əvvəl deyib ki, “mənə “iPhone" telefonu almasanız girməyəcəm”. Hətta təzə pal-paltar da istəyib. Bundan başqa, Sarvan 2 il gedib-gəlib məndən pul tələb edirdi. Buna görə 10 minə danışılmışdı, 20 minə qədər pul aldı”.

V.Xudadatovun sözlərinə görə, qızı Gülər 2007-ci ildən böyrək çatışmazlığından əziyyət çəkib, 2015-ci ildə qızı və həyat yoldaşı ilə yerli telekanalların birinə çıxaraq, donor tapılmasını və övladının müalicəsinə maddi yardım istəyib: "Müxtəlif adamların köməyi ilə 24 min pul toplandı. Beyləqandan olan Elman Ağayev zəng edib, 10 min manata böyrəyini qızıma verə biləcəyini dedi. Razılaşdıq və birlikdə İrana həkim Mohsen Tahirinin işlədiyi xəstəxayana getdik. Lakin İranda xarici ölkə vətəndaşlarının orqanlarının köçürülməsinə icazə verilmədiyindən Tahiri bu işi 10 min dollara Gürcüstanda edə biləcəyini söylədi. Çünki orada belə əməliyyatlara qadağa yoxdur. Tbilisidə Fərman Ceyranlı adlı azərbaycanlının rəhbərlik etdiyi klinika olduğunu öyrəndik. O, rəhbərlik etdiyi müəssisədə bu əməliyyatın həyata keçirilməsi üçün 8 min dollar pul istədi. 2015-ci ilin fevralında iranlı həkim “Lanseti”də gəlib Elman Ağayevin böyrəyini qızıma köçürdü. Bundan bir müddət sonra Möhsen Tahiri mənə zəng edib, Yaşar adlı şəxsin koordinatlarını verdi. Dedi ki, onu və ona böyrəyini verəcək şəxsləri İrana gətirim. Eyni qaydada Yaşara da Gürcüstanda böyrək köçürülüb. Yol və digər xərclər qarşılanmaqla yanaşı, mənə 250 manat pul verildi. Bundan sonra intensiv şəkildə bu işlə məşğul olmağa başladım".

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.

Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh