İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA

Yaxın Şərqdə İran və İsrail arasında gərginliyin yenidən artması dünya enerji bazarlarında narahatlığı gücləndirib.
Avtosfer.az xəbər verir ki, mümkün hərbi əməliyyatların genişlənəcəyi halda neft qiymətləri yenidən yüksələ bilər. Belə olan halda isə təkcə yanacaq qiymətləri yox, həm də logistik xərclər və dolayı yolla ərzaq qiymətləri də arta bilər.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, yanacaq qiymətlərində artım inflyasiyanı sürətləndirə bilər. Yanacaq qiymətlərində baş verən dəyişikliklər bazarda ümumi inflyasiyanın artmasına təsir göstərən əsas amillərdən biridir:

"Yanacağın bahalaşması ilk növbədə nəqliyyat və logistika xərclərini artırır. Bu isə həm xammal və materialların istehsal müəssisələrinə çatdırılması, həm də hazır məhsulların istehlakçılara daşınması xərclərinin yüksəlməsinə səbəb olur. Daşıma xərcləri artdıqda məhsulların maya dəyəri də yüksəlir. Nəticədə, bu artım son qiymətlərdə öz əksini tapır və inflyasiya təzyiqi güclənir."
Xalid Kərimli vurğulayıb ki, yanacaq qiymətlərindəki artım istehsal xərclərinə də birbaşa təsir göstərir. Xüsusilə kənd təsərrüfatı sektorunda bu təsir daha qabarıq hiss olunur.
“Belə ki, yanacaqla yanaşı enerji daşıyıcılarının qiymətinin yüksəlməsi istixanaların isitmə və işıqlandırma xərclərini artırır, bu da məhsulun maya dəyərinin yüksəlməsinə gətirib çıxarır. Yanacaq bahalaşmasından ən çox təsirlənən sahələr kənd təsərrüfatı, nəqliyyat, tikinti və neft-kimya sənayesidir. Çünki bu sahələrdə daşınma və logistika xərcləri ümumi maya dəyərində böyük paya malikdir. Qumun, sementin, tikinti materiallarının, eləcə də kənd təsərrüfatı məhsullarının daşınmasında yanacaq əsas xərc elementlərindən biridir. Bəzi hallarda daşınma xərcləri məhsulun ümumi maya dəyərinin 40-50 faizini təşkil edir”.
İqtisadçı əlavə edib ki, yanacaq qiymətlərindəki artım nəticə etibarilə gündəlik istehlak mallarının qiymətlərinə də təsir göstərir və əhalinin xərclərinin artmasına səbəb olur. Buna görə də enerji bazarlarında baş verən dəyişikliklər ölkə iqtisadiyyatı və istehlak bazarı üçün xüsusi əhəmiyyət daşıyır.
Fatimə Dadaşova
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












