Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA

Yay gəlsə də, bazarlarda gözlənilən ucuzluq müşahidə olunmur. Əksinə, bu il mövsüm meyvələrinin qiyməti alıcıları təəccübləndirir. Rəflərdə gilasın kiloqramı 18, alçanın 12, moruğun isə 18 manata qədər satılır.
Avtosfer.az xəbər verir ki, ənənəvi qış tədarükünə, xüsusən də mürəbbə hazırlığına başlayan ailələr bu il xərclərini yenidən hesablamaq məcburiyyətində qalıblar. Halbuki, hər il olduğu kimi, yerli məhsulların bazara kütləvi çıxışı ilə qiymətlərin enəcəyi gözlənilirdi. Bəs bolluq mövsümündə meyvələrin qiymətinin yüksək qalmasının səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, mövsümi meyvələrin bahalaşmasının əsas səbəblərindən biri hava şəraiti ilə bağlıdır:

"Hava şəraitinin qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib və nəticədə məhsulun həcmi azalıb. Bu da qiymətlərin artmasına səbəb olan əsas amillərdən biridir. İkinci səbəb Azərbaycanın daha çox ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalına üstünlük verməsidir. Dövlətin təşviq siyasəti də bu istiqamətdədir. İxrac artdıqca daxili bazarda məhsul təklifi azalır. Təklifin azalması isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Üçüncü səbəb isə ümumi qiymət artımıdır. Fermer görür ki, yanacağın, yemin və digər istehsal xərclərinin qiyməti bahalaşır. Bu səbəbdən o da öz məhsulunu daha yüksək qiymətə satmağa çalışır. Bu, bazar iqtisadiyyatı baxımından normal və gözlənilən haldır. Bütün bu amillər bir araya gəldikdə daxili bazarda mövsümi meyvələrin qiymətinin artması qaçılmaz olur".
İqtisadçı Xalid Kərimlinin fikrincə isə, meyvə-tərəvəzin qiymətinin formalaşmasında əsas amillərdən biri məhsuldarlıq və bazara çıxarılan məhsulun həcmidir:

"Meyvə-tərəvəzin məhsuldarlığı iqlim şəraitindən, yağıntının miqdarından və vegetasiya dövründə müşahidə olunan hava şəraitindən birbaşa asılıdır. Cari ilin qiymətlərini ötən illə müqayisə edərək qiymət fərqini izah etmək üçün bazara çıxarılan məhsulun həcminin təhlil edilməsi vacibdir. Əgər əvvəlki illə müqayisədə bu il bazara həmin meyvə və ya tərəvəzdən daha az məhsul çıxarılıbsa, qiymətlərin yüksək olması təbii haldır. Çünki meyvə-tərəvəz qiymətləri bazar tərəfindən tənzimlənir və bu sahədə birbaşa inzibati və ya iqtisadi müdaxilə yoxdur. İkinci mühüm amil istehsal xərclərinin artmasıdır. Ötən illə müqayisədə meyvə-tərəvəzin yetişdirilməsi və daşınması ilə bağlı xərclər yüksəlib. Məhsulun regionlardan Bakıya daşınması bahalaşıb, eyni zamanda işçi qüvvəsinə çəkilən xərclər və digər istehsal məsrəfləri də artıb".
İqtisadçının sözlərinə görə, bu səbəbdən həm istehsal xərclərinin yüksəlməsi, həm də inflyasiya fonunda istehsalçıların gəlir gözləntilərinin artması qiymətlərə təsir göstərir:
"Meyvənin növündən asılı olaraq vegetasiya dövründə yağıntı, dolu, şaxta, güclü külək və digər təbiət hadisələri məhsuldarlığa müxtəlif dərəcədə təsir edir. Nəticədə bəzi meyvələrin qiymətində kəskin bahalaşma, bəzilərində isə əksinə, ucuzlaşma müşahidə oluna bilər. Bütün bunları nəzərə aldıqda, əvvəlki illə müqayisədə meyvə-tərəvəz qiymətlərinin artmasının əsas səbəbləri bazara çıxarılan məhsulun həcminin azalması, istehsal və daşınma xərclərinin yüksəlməsi, inflyasiyanın təsiri və əlverişsiz hava şəraitidir".
Fatimə Dadaşova
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO










