Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA

Gündəm 4 Avqust 2026 13:41
Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

"Kartdan-karta" köçürmələrə tətbiq edilən yeni limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar dəyişikliklərin gündəlik ödənişlərə təsir edəcəyini düşünsə də, qərarın əsas məqsədinin qanunsuz maliyyə əməliyyatları və vergidən yayınmanın qarşısını almaq olduğu bildirilir.

Avtosfer.az xəbər verir ki, yeni qaydaların vətəndaşlara, sahibkarlara və nağdsız ödənişlərin inkişafına mümkün təsirləri ilə bağlı açıqlama verilib. "Kartdan-karta köçü"rmələrə tətbiq edilən yeni limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar dəyişikliklərin gündəlik ödənişlərə təsir edəcəyini düşünsə də, qərarın əsas məqsədinin qanunsuz maliyyə əməliyyatları və vergidən yayınmanın qarşısını almaq olduğu bildirilir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, banklar Assosiasiyasının Mərkəzi Bankla apardığı müzakirələrdən sonra bu qərarı qəbul etməsinin əsas məqsədi vergidən yayınmanın qarşısını almaqdır:

"Çünki Vergi Məcəlləsində bu qadağan olunsa da, xüsusilə mikro, kiçik və orta sahibkarlar, pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ödənişləri qəbul edərkən geniş şəkildə “kartdan-karta” köçürmələrdən istifadə edirdilər. Əslində hökumət və Mərkəzi Bank vətəndaşların “kartdan-karta” əməliyyatlarına mane olmaq niyyətində deyil. Bunu müəyyən edilən limitlər də göstərir. Belə ki, bir ödəniş vasitəsi üzrə aylıq maksimum limit 20 min manatdır. Vətəndaşların gəlirlərinə baxsaq, bu məhdudiyyətin adi istifadəçilərə təsir etməyəcəyi aydın görünür. Hazırda ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1100–1200 manat, adambaşına düşən orta aylıq nominal gəlir isə 800 manat civarındadır. Orta hesabla dörd nəfərlik ailədə iki işləyən şəxs nəzərə alınsa, ümumi aylıq gəlir 3000–3200 manatdan çox olmur. Belə olan halda aylıq 20 min manatlıq limit adi ailələrin gündəlik maliyyə əməliyyatlarına heç bir maneə yaratmır. Burada əsas məqsəd vergidən yayınmanın qarşısını almaqdır. Vergi nəzarətini Dövlət Vergi Xidməti həyata keçirsə də, bu cür limitlərin müəyyənləşdirilməsi sonradan yaranan mübahisələrin, hesabların dondurulması kimi halların qarşısını almağa kömək edir. Çünki əvvəlki dövrdə bəzən biznes fəaliyyəti ilə məşğul olmayan vətəndaşların da kartları və hesabları araşdırmalar zamanı dondurulurdu".

İqtisadçı qeyd edib ki, yeni qaydalara əsasən, bir ödəniş vasitəsi üzrə eyni bank və ya "fintex" platformasında gün ərzində 5 əməliyyat həyata keçirmək mümkündür:

"Bu da göstərir ki, məqsəd vətəndaşların nağdsız ödənişlərə marağını azaltmaq deyil. Əksinə, ailə üzvləri arasında, məsələn, valideyn və övlad arasında edilən gündəlik köçürmələr üçün heç bir problem yaranmır. Bir ödəniş vasitəsi üzrə gündə 5 əməliyyat və aylıq 20 min manat limit kifayət qədər yüksək həddir. Üstəlik, şəxsin bir neçə ödəniş vasitəsi olduqda bu imkan daha da genişlənir. Buna görə də bu dəyişiklik adi vətəndaşların və ailələrin maliyyə əməliyyatlarına təsir göstərməyəcək. Bu qərar nağdsız ödənişlərin inkişafına da mane olmayacaq. Müxtəlif populist fikirlər səsləndirilsə də, əsas məqsəd qanunsuz mərc ödənişlərinin və vergidən yayınmanın qarşısını almaqdır. Çünki bu sahələrdə “kartdan-karta” köçürmələrdən geniş istifadə olunurdu. Mərkəzi Bank və Banklar Assosiasiyasının əsas məqsədi məhz bu cür qanunsuz maliyyə əməliyyatlarını məhdudlaşdırmaqdır. Bu isə cəmiyyətin və vətəndaşların maraqlarına xidmət edir. Vergidən yayınanlar və qanunsuz mərc oyunları təşkil edənlər üçün əlavə maneələr yaranır. Onsuz da qanunsuz sahibkarlıq fəaliyyəti və vergidən yayınma qanunvericiliyə ziddir. Vergidən yayınma hallarında qanunvericilik maliyyə sanksiyalarını da nəzərdə tutur".

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə, əgər bu məhdudiyyətlər davamlı şəkildə olacaqsa, nağd pula dönüş artacaq:

"Yəni insanlar daha çox bankomatdan nağdlaşdıraraq nağd ödənişlərə keçəcəklər. İndi öyrəşmişdilər, insanlar bank kartı vasitəsilə alış-veriş edərkən və yaxud da kimsə pul göndərərkən bank kartı vasitəsilə, tətbiqi vasitəsilə həyata keçirirdilər. İndi nağd ödənişlərə geri dönüş  başlayacaq.
Yəni bu nöqtəyi-nəzərdən bu qərarın belə ciddi effekt doğuracağını düşünmürəm. Əgər bu vergidən yayınmanın qarşısını almaq üçündürsə, əks-effekt doğura bilər hətta. Məsələn, obyektlər nağd ödənişdə müəyyən güzəştlər etməklə vətəndaşlara cəlbedicilik təklif eləyə bilərlər. Mən bunu Avropada da görmüşəm. Avropada istənilən restoranda oturursan, kartla ödəniş edərkən bir qiymətdir, deyir nağd ödəyirsənsə 10% güzəştdir, məsələn. Yəni bax belə bir situasiya yaranacaq əslində. Ona görə də mən düşünürəm ki, bu məhdudiyyətlər ümumiyyətlə tətbiqi o qədər də, belə deyək də, effektiv olmayacaq".

Fatimə

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh