Naməlum İran vətəndaşından uşağa narkotik maddə satışı ilə bağlı mesaj gəlib - FOTO

Son dövrlər sosial şəbəkələrdə vətəndaşlar tərəfindən xarici nömrələrdən gələn şübhəli və təhlükəli mesajlarla bağlı şikayətlər artır. İnsanların tanımadıqları nömrələrdən müxtəlif təkliflər, linklər və ya zərərli məzmun alması artıq ciddi təhlükəsizlik problemi kimi qiymətləndirilir. Bu kimi halların bir qismi dələduzluq məqsədi daşısa da, bəzən daha təhlükəli mahiyyət kəsb edən mesajlara da rast gəlinir. Xüsusilə xarici platformalardan və nömrələrdən gələn yazışmaların artması müəyyən sosial və hüquqi narahatlıqlar yaradıb.
Süni intellektlə yaradılan musiqi əsərləri müəllifin hüquqlarını pozurmu? – MÜTƏXƏSSİS RƏYİ
Məhz belə hallardan biri ictimaiyyətdə ciddi rezonans doğurur. İran nömrəsindən Azərbaycan vətəndaşına, özü də azyaşlı bir şəxsə mesaj göndərilərək narkotik maddələrin satışı ilə bağlı təkliflər edilib. Azyaşlının valideyinin sözlərinə görə, mesajda övladına narkotik maddə satmaqla bağlı yönləndirici ifadələr yer alıb. Mesajı görən valideyn dərhal müdaxilə edib.
Valideyn baş verənləri sosial şəbəkədə paylaşdıqdan sonra məsələ geniş müzakirələrə səbəb olub. İctimaiyyət belə bir təklifin azyaşlıya göndərilməsini həm təhlükəli, həm də ciddi hüquqi məsələ kimi qiymətləndirərək qınayıb. Hadisə bir daha göstərib ki, xarici nömrələrdən gələn mesajlar təkcə dələduzluq yox, həm də daha ağır cinayət xarakterli təkliflər də ehtiva edə bilər. Bəs görəsən, istər dələduzluq, istərsə də cinayət xarakterli təkliflərin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə Avtosfer.az-a bildirib ki, bu cür yazışmaların texniki olaraq mümkün olmasının əsas səbəbi “WhatsApp” və oxşar tətbiqlərin mobil operatorların deyil, internet infrastrukturu üzərində çalışmasıdır:
“Son vaxtlar sosial şəbəkələrdə yayılan məlumatlara əsasən xarici nömrələrdən “WhatsApp” vasitəsilə uşaqlara və yeniyetmələrə narkotik maddə təklif edilməsi ilə bağlı hallar müşahidə olunur. Hər kəs yalnız internet bağlantısı ilə istənilən nömrəyə yaza bilir. Bu səbəbdən operatorlar bu tip mesajları bloklaya bilmir. Belə fəaliyyətlərin arxasında çox vaxt avtomatlaşdırılmış sistemlər, toplu mesaj göndərən skriptlər və ya bot şəbəkələr dayanır. Nömrələrin müxtəlif ölkələrdən olması, profil məlumatlarının tez-tez dəyişməsi, çox saylı istifadəçilərə eyni məzmulu mesajların göndərilməsi bu şəbəkələrin avtomatik işlədiyinin göstəricisidir”.
Mütəxəssisin sözlərinə görə, bu üsulla cinayətkarlar təsadüfi nömrələri seçərək uşaqları və həssas qrupları hədəf almağa çalışırlar:
“Texniki səviyyədə bələ mesajların gəlməsinin qarşısına almaq, tam bağlamaq mümkün olmasa da, riskləri əhəmiyyətli dərəcədə azaltmaq üçün bir sıra qoruyucu mexanizmlər tətbiq edilə bilər. Uşaqların cihazlarında yad kontaktlarından gələn mesajların məhdudlaşdırılması, tənzimlənmiş gizlilik parametrlərindən, yəni “yalnız kontakt” seçimindən istifadə etmək, cihazda valideyn nəzərarəti, parental kontrol tətbiqlərindən davamlı istifadə edilməsi və bu tip funksiyaların aktiv edilməsi tövsiyə olunur. Əlavə olaraq, həm “Android”, həm də “iOS” sistemlərdə uşağın kontakt siyasında olmayan şəxslərdən gələn mesajlara qarşı xəbərdarlıq edən xüsusi təhlükəsizlik tətbiqlərindən istifadə etmək mümkündür.
Əmrah Mövsümzadə valideynlərə və vətandaşlara diqqətli olmağı tövsiyyə edib:
“Valideynlər ilk növbədə uşaqların hansı platformadan istifadə etdiyini bilməli, onların telefonlarında gizlilik və təhlükəsizlik bölmələrinin düzgün qurulmalara nəzarət etmələri, şübhəli nömrələrdən gələn mesajları uşaqlardan gizlətməmələri üçün onlara açıq ünsiyyət saxlamalıdırlar. Hər hansı belə hal baş verdikdə nömrə dərhal bloklanmalı və müvafiq qurumlara məlumat verilməlidir. Vətəndaşlar ümumi qayda olaraq tanımadıqları xarici nömrələrdən gələn mesajlara cavab verməməli, linklərə keçməməli və şəxsi məlumat paylaşmamalıdırlar. Belə halların sayının artması bir daha göstərir ki, həm valideynlərin diqqəti, həm də cəmiyyətin ümumi məlumatlığı uşaqların onlayn təhlükələrdən qorumaqda əsas rol oynayır”.
Nurcan Babək














