On milyonun zirvəsində...

Ailəmizin, yaxınlarımızın xoş və acı xəbərlərini biz polislər xidmət başında eşidirik. Çoxumuz buna adətkar olmuşuq. Bəlkə də on milyonuncu vətəndaşımızın - Mehribanımızın atası Rauf Həsənovun: “Özüm polis serjantıyam. Xidmət başındayam. Dostlarım mənə xəbərləri göndərdilər. Oxudum, sevincimin həddi-hüdudu yoxdur” fikri sizlərə qəribə gələr. Onu, övladının dünyaya gəlişindən xəbər tutmayıb deyə, qınayanlar da tapılar.
Ancaq...
Polis olmaq ömrünü ömürlərə fəda etməkdir. Polis olmaq dünyaya gələn övladının “inqə” səsindən əvvəl “kömək edin”,-deyib can çəkişən, haqqı tapdanan, halal malına xain göz dikilən birinin dadına yetişməkdir. Polis olmaq onu həyatdan bircə göz qırpımında ayıran ölümlərə meydan oxumaqdır...
Sayımızın on milyona çatmasına dostlar sevindi, düşmənlər kədərləndi. Əslən işğal altındakı Ağdərədən olan cütlüyün Bakıda, özü də qələbə ayımız olan Apreldə övladının dünyaya gəlməsi çox da uzaqda olmayan qələbəmizdən soraq verir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda-Horadizdə, Cocuq Mərcanlıda dünyaya göz açanlar düşmənə göz dağıdırlar.
Biz çoxalırıq və güclənirik. Gücləndikcə isə bütöv bir can və daha qüdrətli Azərbayacn oluruq. Doqquz milyon doqquz yüz doxsan doqqouz min insanın arzusu on milyon olmaq idi və o sevinci Mehribanımız bizə yaşatdı.
On milyonuncumuz biləcək ki, bu Vətəni, bu xalqı əjdahaların ağzından alan, odlar arasından sağ və salamat çıxaran, dərin-dərin dəryalarda batmağa qoymayan, onun kimi yüzlərlə, minlərlə körpənin taleyini düşünərək ömrünü xalqına bağışlayan ulu öndər kim olub.
Mehriban balamız böyüyəndə biləcək ki, onun on milyonuncu vətəndaş kimi abad, azad və sabitlik adasında doğulması üçün atası kimi igid polislərimiz neçə-neçə ağır sınaqlardan keçib, gecəli-gündüzlü asayişin keşiyində mətin dayanıblar.
O böyüyəndə isə baxdığı, gördüyü, günü-gündən gözəlləşən və yeniləşən Azərbaycanın liderini tanıyacaq və sevəcək. Bunları ona deməyə ehtiyac qalmayacaq.
Bu məsum balamızın çöhrəsində tarixən itirilmiş torpaqlarımızı nuruna qərq edən işıq selini Vətən sevdalı hər kəs gördü. O baxışlarda həm də “Ey insanlar, bizlər atomlarından xofundan uzaq olan, zəhraları qanına bələyən qradların nəriltisindən lərzəyə gəlməyən, hər səhəri körpə gülüşü, körpə səsi ilə açılan bir dünya istəyirik” ifadəsini də oxuduq.
Əslində, Azərbaycanda on milyonuncu əsgər və on milyonuncu sülh carçısı doğuldu. Qədəmlərin mübarək, balaca. Qədəmlərin mübarək, polis övladı...
P.S. Bəlkə bu da bir təsadüfdür. Doqquz milyonuncu vətəndaşımız da polis övladı idi…
Hafiz Təmirov,
polis mayoru













