“Prezident tapşırıb, Bakıda təmirsiz, palçıqlı yol qalmayacaq...”

Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində məhəllədaxili yolların acınacaqlı vəziyyətdə olduğu məlumdur. Payız-qış aylarında bu kənd və qəsəbələrdə yaşayanlar, o cümlədən yeni salınmış (əsasən xaotik şəkildə) yaşayış məhəllələrinin sakinləri dərin gölməçələrdən, az qala dizə çıxan palçıqdan əziyyət çəkməli olur. O cümlədən hər gün bu cür yollarla dərsə gedib-gəlməli olan məktəblilər...
Avtosfer.az xəbər verir ki, virtualaz.org vaxtaşırı olaraq Bakının ətraf kənd və qəsəbələrindən daxil olan bu məzmunlu müraciətlərə yer verir, reportajlar hazırlayır. Xatırladaq ki, belə müraciətlərin tez-tez daxil olduğu ərazilər arasında Suraxanı rayonunun Bülbülə qəsəbəsində Samir Əliyev küçəsi, Binə qəsəbəsində “Atçılıq” yaşayış massivi, Biləcəri qəsəbəsində Yeni yaşayış massivi, 9-cu döngə və digərləri yer alır.

Lakin aylarda deyəsən bu sahədə vəziyyət dəyişməyə başlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhəllədaxili yolların abadlaşdırılması üçün işlər başlayıb, uzun müddət asfalt görməyən bəzi Bakıətrafı qəsəbələrin yolları təmir olunur. Belə yollardan biri də Binəqədi rayonu Biləcəri qəsəbəsinin əsas küçələrindən olan Ordubadi küçəsidir.
Ordubadi küçəsində təmir gedir...
Agentlik həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən başladığı təmir prosesini jurnalistlərə əyani şəkildə nümayiş etdirmək üçün bu gün martın 7-də bir qrup jurnalisti işlərin getdiyi əraziyə dəvət etmişdi.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli açıqlamasında deyir ki, hazırda təmir edilən Ordubadi küçəsi qəsəbənin başlanğıcından sonuna qədər böyük bir ərazidən keçir: “Azadlıq prospekti ilə kəsişmədən başlanan küçə Bakı-Sumqayıt yoluna birləşir, 5,2 km uzunluğundadır. Yolun hərəkət hissəsinin eni 16 metrdir. Uzun müddət istismar olunduğundan yolun bəzi hissələrində deformasiyalar əmələ gəlmişdi. Həmin hissələr qazılaraq çıxarılacaq, yol profilə salınacaq, asfaltlanma işləri aparılacaq. Bundan başqa, mövcud piyada səkiləri bərpa olunacaq, müasir yol infrastrukturu yaradılacaq”.

Bu il Binəqədidə 15 küçə təmir olunub
Binəqədi rayonunda uzun müddət əsaslı təmir olunmadan istismar olunan, hərəkət hissəsində vəziyyət qənaətbəxş olmayan, torpaq və çınqıl örtüklü yollarda da təmir həyata keçirilir. Hazırda Binəqədi rayonu üzrə Biləcəri, Binəqədi, Rəsulzadə, 28 May, Sulutəpə qəsəbələri, o cümlədən, “Vorovski” yaşayış massivində vətəndaşların ümumi istifadəsində olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət etdiyi və əsas sosial obyektlərin olduğu küçə və yollar bərpa edilir.
A.Nəcəfli bildirir ki, ilin əvvəlindən indiyə qədər Binəqədi rayonu ərazisində 7 km-dən çox 15 küçədə 50 kv metr sahədə aparılıb. Bu işlər çərçivəsində yolun yararsız qrunt hissələri, deformasiyaya uğramış yol yatağı qazılaraq çıxardılıb. Ardınca isə asfaltlanma işləri görülür.

“Hazırda Binəqədi qəsəbəsinin 1-ci və 2-ci mədən küçələrində, Biləcəri qəsəbəsinin Ordubadi küçəsində, Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsi və ona paralel küçələrində təmir işləri aparılır. Bu həm gediş-gəlişin rahatlaşmasına, həm də sərnişindaşımanın yaxşılaşmasına gətirib çıxaracaq. Bu işlər yekunlaşdıqca, ardıcıl olaraq digər küçələrdə də təmir işləri görüləcək”, -A. Nəcəfli bildirib.
Prezident göstəriş verib, bütün torpaq, çınqıl yollar asfaltlanacaq
Bəs Bakı ərazisində təmir olunacaq nə qədər məhəllədaxili küçə var? Təmir işləri hansısa plana uyğun aparılırmı? Bu suallara gəlincə isə, A. Nəcəfli bildirdi ki, dövlət başçısının göstərişi ilə hazırda Bakı şəhərində yolların təmiri ilə bağlı tədbirlər planı hazırlanır: “Dövlət başçısının tapşırığı ilə paytaxtda nə qədər torpaq, çınqıl örtüklü, o cümlədən təmirsiz, pis vəziyyətdə olan yol varsa, hamısı müəyyənləşdirilir. Bu tədbirlər planı “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramına” daxil ediləcək. Bu 5 illik dövlət proqramı olacaq və Bakının 12 rayonu üzrə bütün qəsəbələri əhatə edəcək”.

Agentlik rəsmisi bildirdi ki, ilkin etapda pis vəziyyətdə olan yolların təmir edilir. Amma buna baxmayaraq, daxil olan müraciətlər əsasında Agentliyin özünün müəyyənləşdirdiyi yerlər var ki, orada artıq təmir işlərinə başlanılıb. Bunlar ən çox istifadə olunan, avtobusların daha çox işlədiyi, məktəb, xəstəxana və digər sosial obyektlərin olduğu yollardır.

Yeri gəlmişkən bu günlərdə Bülbülə qəsəbəsinin S.Əliyev küçəsindən yolların bərbad vəziyyətdə olması haqda növbəti müraciətlər almışdıq. Belə ki, həmin ərazidə qəsəbə daxilindən keçən əsas yol çoxsaylı ağırtonnajlı yük avtomobillərinin intensiv hərəkəti üzündən dağılıb sıradan çıxıb. Üstəlik məhəllədaxili yollar uzun illərdir bərbad vəziyyətdə olaraq qalır.
Fürsətdən istifadə edib həmin küçənin sakinləri adından redaksiyamıza daxil olan növbəti müraciəti də A.Nəcəfliyə çatdırdıq. Sakinlərin adından xahiş etdik ki, müraciəti Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova şəxsən çatdırsın. A.Nəcəfli sakinlərin bu xahişini yerinə yetirəcəyinə söz verdi...














