Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ

Gündəm 18 Mart 2026 14:48
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırkı təhsil sistemi şagirdlərin gündəlik həyatında mühüm rol oynayır və onların gələcək karyera imkanlarını formalaşdırır. Lakin, təhsil prosesi böyük ölçüdə imtahan nəticələrinə fokuslanır ki, bu da şagirdlərin yalnız akademik biliklərinin yoxlanılmasına yönəlməsinə səbəb olur. Bu tip müzakirələr cəmiyyətdə narazılıqlar yaradır. Cəmiyyət arasında geniş yayılan fikir ondan ibarətdir ki, həm müəllimlər, həm də valideynlər şagirdlərdən yalnız yüksək ballar əldə etməyi gözləyir və bu gözləntilər imtahan mərkəzli bir sistem üzərində formalaşır. Bu məsələ uşaqlar erkən yaşlardan etibarən psixoloji gərginlik yaşamasına, dərslərə və öyrənməyə qarşı maraqların azalmasına, təhsilə baxışlarının dəyişməsinə səbəb olur. 

Mövzu ilə əlaqədar təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda bizdə elə bir sistem qurulub ki, imtahan yönümlüdür. Şagirdlərin də, müəllimlərin də başqa sahələrə və istiqamətlərə meyillənməsi çətinləşib:

“Bir çox ölkələrinə nəzər yetirsək, həmin ölkələrdə xüsusilə şagirdlərin düşünmə qabiliyyətinin, tənqidi yanaşmasının və problemlərin həlli istiqamətində subyektiv fikirlərini ifadə etmə bacarığının inkişaf etdirildiyini görərik. Amma bizdə bu, demək olar ki, yox səviyyəsindədir. Məsələn, hazırda Finlandiyada ali təhsil müəssisələrinə qəbul əsasən şagirdin məktəbdəki yekun imtahan nəticələrinə əsasən həyata keçirilir. Yəni şagird ayrıca qəbul imtahanı vermir. Onun məktəbdə göstərdiyi ümumi nəticələrin ortalaması və performansı qiymətləndirilir və buna uyğun olaraq universitetə qəbul olunur. Oradakı şagirdlərin əsas imtahan stressi yoxdur. Onlar daha çox məktəbdə keçirilən dərslərə və düşünmə qabiliyyətini inkişaf etdirən fəaliyyətlərə fokuslanırlar. Məsələn, şagirdlərə verilən ev tapşırıqları onların düşünmə qabiliyyətini inkişaf etdirməyə yönəlib. Onlara müəyyən mövzular verilir və bu mövzular üzərində araşdırma aparmaları, fərdi fikir bildirmələri tələb olunur. Məsələn, ailə münasibətləri, cəmiyyət qaydaları və ya yol hərəkəti qaydaları kimi mövzular üzrə şagirdlərdən həm araşdırma, həm də tənqidi yanaşma gözlənilir. Bu isə onların düşünmə və analiz bacarıqlarını formalaşdırır. Amma bizdə bu yanaşmalar hazırda geniş tətbiq olunmur. Bunun əsas səbəbi isə imtahan yönümlülüyün digər vacib bacarıqları kölgədə qoymasıdır. Şagird də, müəllim də, valideyn də imtahandan qorxur. Bu qorxu nəticəsində uşaqlar artıq erkən yaşlardan repetitor yanına yönləndirilir. Hətta bəzi hallarda bu proses 5-ci sinifdən başlayır”.

Ekspertin sözlərinə görə, bu cür yanaşma doğru deyil, imtahan yönümlülük uşaqların həm psixoloji gərginliyini artırır, həm də onların digər sahələr üzrə düşünmə qabiliyyətinin inkişafına mane olur:
“Bu baxımdan, sistemdə ciddi problemlərin və çatışmazlıqların olduğu aydın görünür. Qəbul imtahanları, daha sonra universitetdə də davam edən imtahan prosesi nəticəsində şagirdlərin həyatı demək olar ki, imtahan üzərində qurulur. Bu isə onların fərdi düşünmə və ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olur. Hazırda gənclərin psixoloji vəziyyətinə baxdıqda da bunun müəyyən təsirlərini görmək mümkündür. Bu problemi aradan qaldırmaq üçün imtahan yönümlü yanaşmadan qismən uzaqlaşmaq vacibdir. Məsələn, məktəb daxili performans qiymətləndirilməsinin qəbul sisteminə daxil edilməsi bir həll yolu ola bilər. Bu zaman şagirdlərin yalnız test nəticələri deyil, ümumi inkişafı da nəzərə alınar. Hazırda bir çox gənc öz analitik düşünmə qabiliyyətini tam şəkildə ortaya qoya bilmir, fərdi fikirlərini ifadə etməkdə çətinlik çəkir. Bu isə onların gələcək karyerasına da mənfi təsir göstərir”.
Nurcan Babək

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh