ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT

Gündəm 1 Sentyabr 2026 14:11
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
WhatsApp kanalımıza abunə olun

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dünya əhalisinin 40 faizindən çoxunu birləşdirməsi və qlobal ÜDM-in təxminən üçdə birini təmin etməsi təşkilatın beynəlxalq iqtisadi və geosiyasi mövqeyini göstərir. Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi ölkəmizin regional tranzit imkanlarına təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, ŞƏT-in Bişkekdə keçirilən sammitində təşkilat daxilində iqtisadi və nəqliyyat əməkdaşlığının gücləndirilməsi əsas məsələlərdən biri kimi diqqət mərkəzindədir. Bəs ŞƏT ölkələri ilə əlaqələrin genişlənməsi Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutlarındakı tranzit rolunu daha da gücləndirə bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, avqustun 31-də və sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci yubiley sammitinə Qırğızıstanın paytaxtı Bişkek ev sahibliyi edir:


"Nəzərə alaq ki, bu təşkilat 2001-ci ildə yaradılıb və hazırda 10 dövlət təşkilatda üzv kimi təmsil olunur. Bundan əlavə, 20-dən artıq dövlət müşahidəçi və ya dialoq tərəfdaşı statusuna malikdir. Azərbaycan isə 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusundadır. Keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çində keçirilən sammitdə iştirak edib. Yeri gəlmişkən, həmin sammitdə təşkilatın 2035-ci ilə qədər inkişaf strategiyası qəbul olunub. Bu dəfəki sammitdə də Azərbaycan dövlət başçısı dəvət alaraq iştirak edib. Artıq avqustun 31-dən etibarən Prezident İlham Əliyevin İran Prezidenti, Qazaxıstan Prezidenti, İranın Baş naziri ilə ikitərəfli görüşləri və danışıqları keçirilib, bununla bağlı bir sıra bəyanatlar da yayılıb. Eyni zamanda, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutub, Rusiya Prezidenti Vladimir Putinlə isə ayaqüstü söhbəti olub. Sentyabrın 1-də isə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının Şurasının iclası keçiriləcək və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı gözlənilir. Bu təşkilatda faktiki olaraq dünya əhalisinin yarısına yaxın hissəsi təmsil olunur. ŞƏT üzv dövlətləri dünya əhalisinin böyük hissəsini birləşdirir və bu baxımdan təşkilat qlobal miqyasda mühüm qurumlardan biridir". 

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu təşkilatla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır:
"Xüsusilə Azərbaycanın mövcud potensialı, enerji təhlükəsizliyi və nəqliyyat imkanları baxımından geniş perspektivləri var. Bu kontekstdə Orta Dəhlizin inkişafı perspektivləri Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran əsas amillərdən biridir. Nəzərə alsaq ki, Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir və mühüm nəqliyyat infrastrukturuna malikdir, ölkəmizin tranzit imkanları xüsusi əhəmiyyət daşıyır.  Çindən başlayan yüklərin Mərkəzi Asiya, oradan isə Azərbaycana, Azərbaycandan isə Gürcüstan vasitəsilə Türkiyə və Avropaya daşınması istiqamətində mühüm işlər görülür. Perspektivdə həmin yüklərin Orta Dəhlizin mühüm elementi olan Zəngəzur dəhlizi və digər layihələr çərçivəsində Avropa bazarlarına çatdırılması da hədəflər sırasındadır. Bu istiqamətdə çox ciddi işlər görülür. Keçən dəfə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin Azərbaycanın malik olduğu enerji, nəqliyyat, kommunikasiya və digər potensialı ŞƏT ölkələrinin dövlət başçılarına çatdırması olduqca əhəmiyyətlidir. Prezident hər zaman belə imkanlardan maksimum faydalanaraq həm Azərbaycan həqiqətlərini, həm də ölkəmizin malik olduğu böyük iqtisadi potensialı və müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu beynəlxalq ictimaiyyətə çatdırır.
Əslində, Azərbaycanın bu tədbirdə iştirakı milli maraqlarımıza tamamilə uyğundur və dövlətimizin strateji inkişaf məqsədlərindən irəli gəlir".

Fatimə Dadaşova

 

Oxunub : 170
ŞƏRH YAZ
Ad

E-mail

Şərh