Şuşada tıxac yaranır – Polad Bülbüloğlu buna sevinir

“Bütün hissləri və yaşananları bir neçə cümləyə sığdırmaq həqiqətən çətindir. Bəlkə də nadir insanlardanam ki, Şuşa işğal altında olarkən, 2007 və 2009-cu illərdə doğma şəhərimi ziyarət etmişəm. Doğma Şuşaya gedib onu viranə vəziyyətdə görmək, küçələrin sükutuna şahid olmaq, dağıdılmış ata evini və uşaqlığın keçdiyi məkanları seyr etmək çox ağır idi.
İşğaldan sonra isə Şuşaya ilk səfərim 2021-ci ilin fevralında oldu. Həmin dövrdə şəhərdə əsasən hərbçilər xidmət edirdi, hələ rəsmi nümayəndəlik fəaliyyətə başlamamışdı. Küçələrdə qəhrəman əsgərlərimizi görəndə onları qucaqlayır, sevinc və qürur hissimizi gizlədə bilmirdik. O anların duyğusunu sözlə ifadə etmək mümkün deyil, bu, həm qələbənin sevincini, həm də illərin həsrətini özündə birləşdirən unudulmaz hiss idi”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri WUF13 forumunda Şuşa ilə bağlı təəssüratlarını Modern.az-a bölüşən sabiq diplomat, Xalq artisti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Şuşadan olan deputat Polad Bülbüloğlu səsləndirib.
O bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq forumlar ölkənin nüfuzunun göstəricisidir: “Bu, çox böyük hadisədir. Azərbaycan indi bütün dünyada söz sahibi olan ölkəyə çevrilib. Dövlətimizin səsi hər yerdə eşidilir. Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük nüfuz qazanmış liderlərdən biridir. Belə mötəbər tədbirlərin yüksək səviyyədə təşkili həm ölkəmizin imici, həm də tariximiz üçün mühüm hadisədir. BMT-nin tarixində də bu qalır. Forum iştirakçıları Azərbaycandakı inkişafı öz gözləri ilə görürlər. Qonaqlar Bakını, insanlarımızın qonaqpərvərliyini hiss edirlər. Hər kəs şəkillər çəkir, ölkələrinə qayıdanda bu barədə qohumlarına, tanışlarına danışacaqlar.Bu da Azərbaycanın tanıdılması baxımından çox önəmlidir”.
Müsahibimiz Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə də toxunub: “Şuşada, Xankəndidə, Xocalıda böyük işlər görülür. Azad edilmiş kəndlərimizdə minlərlə insan yaşayır. Keçmiş məcburi köçkünlər üçün yeni evlər tikilib, yollar salınır. Şuşaya üç müxtəlif istiqamətdən yol çəkilib. Tunellər dünya standartlarına uyğun inşa olunub. Mən çox ölkədə olmuşam, İsveçrədə tunellər görmüşəm, amma burada tətbiq olunan texnologiyalar da ən yüksək səviyyədədir.
Sonuncu dəfə Ağdamın Xıdırlı kəndində seçicilərlə görüşdüm. Bu, çox sevindiricidir. Ailələrə 2,3 və 4 otaqlı evlər verirlər. Təsəvvür edirsiniz, şənbə və bazar günləri Şuşada tıxac yaranır. Avtobuslar, avtomobillər şəhərə axışır. İnsanlar böyük maraqla Şuşaya gəlirlər”.
Xalq artisti Xarıbülbül festivalından da danışaraq, tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“2021-ci ilin mayında, işğaldan azad olunandan dərhal sonra Şuşada Xarıbülbül festivalı keçirildi. Bu il artıq festivalın doqquzuncusudur. İşğaldan əvvəl üç, azad edildikdən sonra isə altı festival təşkil olunub. Bu işlərin hər biri böyük zəhmət hesabına ərsəyə gəlib”.
Komitə sədri əlavə edib ki, artıq xarici ölkə rəhbərlərinin də Şuşaya səfərləri ənənə halını alıb:
“Şuşada bir çox beynəlxalq görüşlər keçirilir. Bülbülün ev muzeyində konsertlər təşkil olunur. Qısa müddətdə görülən işlər doğrudan da böyük zəhmətin nəticəsidir. Bu prosesdə əməyi olan hər kəsə təşəkkür edirəm. Xüsusilə də, cənab Prezidentə Şuşa azad edildikdən sonra festivalı bərpa etdiyi üçün minnətdaram”.
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO










