Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO

Gündəm 1 İyul 2026 11:11
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə olun

Son günlər sosial şəbəkələrdə taksi xidmətində qiymət artımı ilə bağlı iddialar yayılıb. Vətəndaşlar taksi sifariş edərkən təklif edilən qiymətin əvvəlkindən xeyli baha olduğunu bildirir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı şirkətin verdiyi açıqlamanı izləyicilərə çatdırıb. O bildirib ki, “Bolt” platformasında qiymət siyasətinə fundamental dəyişiklik edilməyib. Platformada tariflər dinamik şəkildə formalaşır və konkret marşrut üzrə gedişhaqqı sifariş zamanı mövcud bazar şəraiti əsasında hesablanır.

“Gedişhaqqının formalaşmasına təsir edən əsas amillər sırasında tələb və təklif nisbəti, günün saatı, yol hərəkətinin intensivliyi, marşrutun uzunluğu və digər əməliyyat göstəriciləri yer alır. Tələbatın artdığı dövrlərdə qiymətlərdə müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.

Qiymətləndirmə mexanizmi şəhərdən və xidmət kateqoriyasından asılı olaraq fərqlənə bilər. Buna görə də hər hansı dəyişiklik bütün şəhərlərə və ya bütün xidmət kateqoriyalarına eyni şəkildə şamil olunmur.

İstifadəçilərin qiymətlərlə bağlı rəylərini diqqətlə izləyirik. Bununla yanaşı qeyd etmək istərdik ki, artan tələb fonunda müəyyən qiymət yüksəlişləri istisna olmaqla, xüsusilə hərəkətin intensiv olmadığı saatlarda əhəmiyyətli qiymət artımı müşahidə edilmir”.

Ekspert bildirib ki, “Bolt” tərəfindən hansısa qiymət artımı, yaxud qiymət siyasətində dəyişiklikdən söhbət gedə bilməz. Məsələnin kökündə dinamik qiymət siyasəti dayanır. Günün pik saatlarında artan qiymətlər daha sonra stabilləşir və aşağı düşə bilir.

Elməddin Muradlının sözlərinə görə, sərnişinlərin taksi ilə bağlı narazılıqlarından biri də məhz taksi sürücülərinin sifarişdən imtina məsələsidir:

“Bəzən sərnişinlər taksi sifariş verərkən, sücülərin uzaq məsafələrə gedişləri ləğv etmələrinin və ya müştəridən gedişi ləğv etdiklərinin şahidi olur. Buna səbəb nədir? Hətta bəzən uzaq məsafə olduğunu biləndən sonra sürücü zəng edib əlavə ödəniş veriləcəyi təqdirdə həmin yolu gedəcəyini bildirirlər. Bununla bağlı zaman zaman sosial şəbəkələrdə də paylaşımlar olur.

Bolt şirkətinin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir. Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir.

Əgər sürücü sifarişi qəbul etdikdən sonra əsassız səbəbdən ləğv edirsə, sərnişindən sifarişi ləğv etməsini xahiş edirsə və ya əlavə ödəniş tələb edirsə, bu, platformanın qaydalarına uyğun davranış hesab olunmur. Belə hallarla qarşılaşan sərnişinlərdən tətbiq vasitəsilə şikayət bildirmələri xahiş olunur.

Bolt-un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.

Şirkət açıqlamasında bildirib ki, “Bolt” sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır”.

Səfər

Oxunub : 362
ŞƏRH YAZ
Ad

E-mail

Şərh