“Tankın lüləsi birbaşa bizə çevrildi” – 20 Yanvar şahidinin dəhşətli XATİRƏLƏRİ

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… Sərt qış gecəsi Bakının üzərinə qara kabus kimi çökdü. Həmin gecə baş verənlər nə Solmaz Həsənovanın, nə də minlərlə azərbaycanlının ağlına belə gəlməzdi.
Solmaz Həsənova 20 Yanvar faciəsinin canlı şahidlərindəndir. O gecəni xatırlayarkən deyir ki, şəhər bir anda qaynamağa başladı. Atəş səsləri, tankların gurultusu, insanların qışqırtısı, ah-nalə və fəryad səsləri sanki göylərə qalxmışdı.
“Hamı evində sakit oturduğu bir vaxtda şəhərdən gələn səslər bizi dəhşətə saldı. Yoldaşım Daxili İşlər Nazirliyində işləyirdi. Nazirliyin bəzi rəhbər vəzifəli şəxsləri ilə əlaqə saxlayırdı. Onlar bizi sakitləşdirirdilər ki, evdən çıxmayın, hər şey keçəcək. Heç ağlımıza gəlməzdi ki, sovet ordusu öz vətəndaşına atəş açacaq”, – deyə o xatırlayır.
Solmaz Həsənova həmin vaxt Ayna Sultanova heykəlinin yaxınlığında, indiki Ziya Bünyadov prospektində yerləşən binada yaşayırdı. Qonşularla birlikdə eyvana çıxaraq küçədə baş verənlərə baxmaq istəyəndə dəhşətli mənzərə ilə üzləşiblər.
“Tanklar prospektlə şütüyürdü. Qonşu binadan kimsə bir butulka atdı. Tank dərhal lüləsini bizim binaya tərəf çevirdi və atəş açmağa başladı. Güllələr divarları deşirdi. Biz tez eyvanda yerə uzandıq. O an başa düşdük ki, artıq bu, çox ciddi bir faciədir. Bir an içində şəhid ola bilərdim”, – deyə Solmaz Həsənova bildirir.
Səhəri gün – yanvarın 20-si və 21-də şəhərə çıxmaq belə mümkün deyildi. Qarın üzərində qırmızı qan izləri, ətrafa səpələnmiş qərənfillər dinc əhaliyə qarşı törədilən qırğının miqyasını açıq göstərirdi.

Solmaz Həsənova deyir ki, həmin gecə ailəsi də ağır itkilər yaşayıb. Yaxın qohumlarından biri yaralıların daşınmasında iştirak edib, əmisi kürəkəni isə “Semaşko” xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri olub. Gecə boyu gətirilən yaralıların dəhşətli vəziyyəti onun ürəyinə ağır təsir edib.
“O qədər sarsıldı ki, güclü infarkt keçirdi və cəmi 39 yaşında dünyasını dəyişdi. Bu da bizim ailəmizin 20 Yanvar itkisi oldu”, – deyə o vurğulayır.
Solmaz Həsənovanın qardaşı da şəhidlik zirvəsinə ucalanlardan olub. O, 1992-ci ilin avqustunda Füzuli rayonunun Qacar kəndində şəhid olub.

“Qardaşım deyirdi ki, niyə evdə oturmusunuz? Bu torpaq bizimdir, vətəni özümüz qorumalıyıq. Onun 39 yaşı vardı. 40 yaşını artıq məzarında qarşıladı”, – deyə Solmaz Həsənova kövrək səslə danışır.
Şəhid qardaşının ölümündən sonra dünyaya gələn oğlu atasının adını daşıyır.
“20 Yanvar gecəsi mənim yaddaşımdan heç vaxt silinməyəcək. O, qanlı, dəhşətli və unudulmaz bir gecə idi”, – deyə Solmaz Həsənova sözlərini tamamlayır./redaktor.az
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












