Banner

Tələbələr Bakının tıxacına səbəb olurlar? - Deputatlardan TƏKLİFLƏR - FOTO

Gündəm 24 Sentyabr 2026 14:03
Tələbələr Bakının tıxacına səbəb olurlar? - Deputatlardan TƏKLİFLƏR - FOTO
WhatsApp kanalımıza abunə olun

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində mövcud olan ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant formada təşkil olunacaq. Həmçinin, Bakıda metroda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının artması da paytaxt sakinlərinin gündəlik gediş-gəlişinə mənfi təsir göstərir. Əbəs deyil ki, bu gündən etibarən distant təhsilə müvəqqəti keçid belə, yollarda sıxlığın azalması ilə nəticələnib.

Bəs, tıxacın əsas səbəblərindən biri həqiqətən də universitetlərdirmi? Belə olan halda, ali təhsil müəssisələrinin regionlara köçürülməsi real görünürmü?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə, Bakıda universitetlərin distant təhsilə keçməsi fonunda yollardakı vəziyyət maraqlı bir mənzərə ortaya çıxarıb:

"Adətən ciddi tıxacların müşahidə olunduğu bir sıra istiqamətlərdə nəqliyyatın xeyli rahatlaşması göstərir ki, paytaxtdakı sıxlığın səbəblərindən biri də böyük tələbə axınıdır. Təbii ki, tıxacın bütün səbəbini universitetlərlə bağlamaq doğru olmaz. Amma bu amilin təsirini də görməmək mümkün deyil. Məsələyə daha geniş baxmaq lazımdır. Söhbət təkcə yollardakı avtomobillərin sayından getmir. Universitetlərin böyük hissəsinin Bakıda cəmləşməsi hər il onminlərlə gəncin paytaxta istiqamətlənməsi deməkdir. Tələbə Bakıya tək gəlmir - onun yaşayış, nəqliyyat, xidmət və digər sosial ehtiyacları da şəhərin mövcud infrastrukturuna əlavə yük yaradır. Bugünkü vəziyyət müəyyən mənada kiçik bir eksperiment oldu: tələbələrin gündəlik hərəkətliliyi azaldı və şəhərin nəqliyyat sistemində bunun təsiri dərhal hiss edildi. Bu, üzərində düşünülməli məsələdir".

"Ancaq bundan "universitetləri Bakından çıxaraq" kimi sadə nəticə çıxarmaq da düzgün olmazdı. Mövcud ali məktəblərin mexaniki şəkildə bölgələrə köçürülməsindən daha səmərəli yol regionlarda güclü, rəqabətqabiliyyətli universitet mərkəzlərinin yaradılması və mövcud universitetlərin imkanlarının genişləndirilməsidir. Gənc yalnız diplom üçün deyil, keyfiyyətli təhsil üçün regionda qalmağa maraqlı olmalıdır. Cənab Prezidentin ideyası ilə təsis edilən Qarabağ Universitetinin yaradılması bu baxımdan maraqlı modeldir. Eyni yanaşma ölkənin digər iqtisadi və regional mərkəzləri üçün də mərhələli şəkildə nəzərdən keçirilə bilər. Universitet olan yerdə tələbə, müəllim, elmi mühit, xidmət sektoru, kirayə bazarı, kiçik biznes və nəticədə yeni iqtisadi dinamika yaranır. Bu məsələ həm də regionların sosial iqtisadi inkişafı siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir. Biz Bakının yükünü azaltmaq istəyiriksə, insanlara sadəcə "paytaxta gəlməyin" deyə bilmərik. Alternativi regionlarda yaratmalıyıq. Güclü universitet, yaxşı iş yeri, müasir infrastruktur və normal sosial mühit varsa, gəncin Bakıya köçmək zərurəti də azalacaq", - deputat vurğulayıb.

Onun sözlərinə görə, müzakirə "universitetlər bölgələrə köçürülsünmü?" sualından daha geniş olmalıdır:

"Əsas sual budur: Azərbaycanın ali təhsil və tələbə coğrafiyasını necə daha balanslı qura bilərik? Bu balans həm Bakının nəqliyyat yükünü azalda, həm də regionların sosial-iqtisadi inkişafına yeni nəfəs verə bilər. Amma mərhələli şəkildə həm regionlara profil üzrə ali məktəblərin köçürülməsi, həm də universitetləri müasir infrastrukturla inşa edərək şəhərdən bir az kənara köçürmək olar. Amma təbii ki, bu, həm böyük maliyyə, həm də zaman məsələsidir".

Deputat Arzuxan Əlizadə vurğulayıb ki, Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri şəhərdə gün ərzində hərəkət edən insanların sayının həddindən artıq çox olmasıdır:

"Burada universitetlərin paytaxtda cəmləşməsi və hər gün minlərlə tələbənin müxtəlif istiqamətlərdən şəhərin mərkəzinə və digər ərazilərə hərəkət etməsi də nəzərə alınmalı amillərdəndir. Ötən günlərdə tıxac səbəbindən Milli Məclisin iclasına gecikməyimlə bağlı fikirlərimi bildirmişdim. Ali təhsil müəssisələrində bir neçə günlük onlayn təhsilə keçilməsi fonunda yolların nəzərəçarpacaq dərəcədə boşalması da göstərir ki, tələbə axını şəhər nəqliyyatına təsir edən amillərdən biridir. Lakin məsələyə yalnız universitetlərin bölgələrə köçürülməsi prizmasından yanaşmaq düzgün olmaz. İlk növbədə ali təhsil müəssisələrinin hansı istiqamətlər üzrə bölgələrdə yerləşdirilməsinin mümkünlüyü, həmin şəhərlərin infrastruktur imkanları, tələbə və müəllimlərin yerləşdirilməsi, nəqliyyat və sosial təminat məsələləri kompleks şəkildə araşdırılmalıdır. Eyni zamanda yeni ali təhsil müəssisələrinin bölgələrdə yaradılması və mövcud universitetlərin müəyyən fakültə və proqramlarının regionlara çıxarılması həm paytaxtın yükünün azalmasına, həm də bölgələrin inkişafına töhfə verə bilər".

"Ümumiyyətlə, Bakıdakı tıxac probleminin həlli üçün yalnız yol və nəqliyyat infrastrukturunun genişləndirilməsi kifayət deyil. Şəhərdə iş yerlərinin, təhsil müəssisələrinin və digər xidmətlərin həddindən artıq mərkəzləşməsinin qarşısının alınması da uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Universitetlərin və digər böyük institusional mərkəzlərin müəyyən hissəsinin bölgələrə yönəldilməsi bu baxımdan həm regional inkişaf, həm də paytaxtın nəqliyyat yükünün azaldılması baxımından müzakirə edilə biləcək məsələlərdəndir", - deyə deputat vurğulayıb.

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh