“Texnologiyanın inkişafı bizi özümüzdən uzaqlaşdırır” – SOSİOLOQDAN ƏHALİYƏ TÖVSİYƏ
Rəqəmsallaşma dövrü insan əlaqələrini köklü şəkildə dəyişdirir. Texnologiya isə bu əlaqələrin daha sürətli və daha əlçatan olmasına şərait yaradır.
Bu vəziyyət sosial media və onlayn platformaların real həyatda münasibətlərə olan təsirini daha da gücləndirir. Bəs texnologiya insanları daha da yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?
İKT üzrə mütəxəssis Elvin Abbasov texnologiyanın iş həyatına və insan münasibətlərinə olan təsirini geniş şəkildə izah edib. O, bildirib ki, dövrün çağırışları insan əməyini beyin kapitalına yönəltməyi tələb edir:
"Süni intellekt və avtomatlaşma artıq bir çox münasibətləri yenidən formalaşdırır. Bu texnologiyalar iş imkanlarına ciddi təsir göstərir. Robot texnologiyası artıq iş dünyasında yerini tapıb, amma süni intellektlə birləşməsi peşə və iş yanaşmalarını tamamilə dəyişdirəcək".
Elvin Abbasov əlavə edib ki, növbəti 5 il ərzində iş münasibətlərində ciddi dəyişikliklər gözlənilir və bəziləri artıq süni intellekt tərəfindən idarə olunacaq:
“Mütəxəssis həmçinin qeyd edib ki, artıq bir çox proses sosial və biznes əlaqələri rəqəmsal müstəvidə həyata keçiririk. Hətta dövlətlə olan münasibətlər də rəqəmsallaşır. Gələcəkdə dövlət qurumları ilə əlaqələr tamamilə rəqəmsal ola bilər. Həmçinin sosial mediada qlobal müstəvidə münasibətlər qurmaq artıq adi hala gəlib".
Sosioloq Lalə Mehralı isə internetin, xüsusilə sosial şəbəkələrin həyatımıza girmədiyi dövrləri xatırlayaraq, bu dəyişikliklərin insanların ünsiyyətinə necə təsir etdiyini vurğulayıb:
"Rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün daha çox zamanımız var idi. İndi isə virtual ünsiyyət vasitələri hər şeyi sürətləndirdi. İnsan təbiəti sosiallaşmaq istəyir və söhbət etmək ruhi sağlamlığımız üçün vacibdir. Lakin texnologiya inkişaf etdikcə, real ünsiyyətin yerini heç nə tuta bilmir".
Lalə Mehralı sonda əlavə edib ki, texnoloji inkişafların hər zaman müsbət təsir etmədiyini anlamaq vacibdir:
"Virtual münasibətlər real ünsiyyətin verdiyi enerji və səmimiyyəti əvəz etmir. Texnologiya bizi biz olmaqdan uzaqlaşdıra bilər, buna görə də yeniliklərə qarşı bir qədər mühafizəkar yanaşmaq lazımdır".
Bu fikirlər texnologiyanın insan münasibətlərinə olan təsirini daha dərindən anlamağımıza kömək edir. Rəqəmsal dövrün imkanları və təhlükələri arasında tarazlıq tapmaq həm şəxsi, həm də peşəkar həyatda uğurlu münasibətlər qurmağın açarıdır.
Eltac Zülfüqaroğlu