Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!

Dərslərin başlaması ilə Bakıda səhər və axşam saatlarında tıxaclar daha da uzanıb. Bəzi sürücülər mənzil başına çatmaq üçün saatlarla yolda qalır. Bu isə təkcə vaxt itkisi deyil, avtomobil sahibləri üçün əlavə yanacaq və texniki xərc də deməkdir.
Bəs maşın tıxacda hərəkətsiz qaldığı halda belə yanacaq sərf edirmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, yanacaq sərfiyyatı avtomobilin modelindən, mühərrikindən və sürücünün idarəetmə tərzindən asılıdır:
“Avtomobilin yanacaq sərfiyyatı konkret olaraq onun modelindən, mühərrikindən və sürücünün idarəetmə davranışından asılıdır. Buna görə də tıxac zamanı bütün avtomobillər üçün eyni sərfiyyat göstəricisi demək mümkün deyil.
Müasir avtomobillərin əksəriyyətində “Start-Stop” sistemi mövcuddur. Bu sistem avtomobil dayandıqda mühərriki avtomatik söndürür və hərəkətə başlayarkən yenidən işə salır. Sistem həm yanacaq sərfiyyatının, həm də atmosferə atılan tullantıların azaldılması məqsədilə tətbiq edilir. Lakin bəzi sürücülər bu funksiyanı özləri söndürürlər”.

Ekspert qeyd edib ki, tıxacda tez-tez dayanıb-hərəkət etmək həm yanacaq sərfiyyatını, həm də tullantıları artırır:
“Tıxacda avtomobilin mühərrikinin işlək vəziyyətdə qalması yanacaq sərfiyyatını artırır. Çünki avtomobil dayansa da, mühərrik işləməyə davam edir və yanacaq sərf olunur. Üstəlik, sürücü hər dəfə bir neçə metr irəliləmək üçün qaz verdikdə, daha sonra yenidən əyləclədikdə sərfiyyat daha da artır. Mühərrik üçün də tez-tez işə düşüb-sönmək müəyyən yük yaradır. Mühərrikin ən ağır rejimlərindən biri işə salınma anıdır. Digər tərəfdən, mühərrik boş gedişdə işlədikdə də yanacaq sərf edir və atmosferə tullantı atır.
Xüsusilə uzunmüddətli tıxaclarda avtomobilin tez-tez dayanması və qısa məsafələr üzrə hərəkət etməsi yanacaq sərfiyyatının artmasına səbəb olur. Məsələn, avtomobil bir neçə metr irəliləyir, yenidən dayanır və sürücü təkrar qaz verir. Bu proses davam etdikcə sərfiyyat da artır.
Məsələ yalnız yanacaq sərfiyyatı ilə məhdudlaşmır. Tıxaclarda avtomobillərin uzun müddət işlək vəziyyətdə qalması atmosferə atılan zərərli tullantıların miqdarını da artırır. Bu isə həm ətraf mühit, həm də insanların sağlamlığı baxımından əlavə risk yaradır.
Avtomobil parkının yenilənməsi və daha müasir, ekoloji standartlara cavab verən nəqliyyat vasitələrinin sayının artması müsbət haldır. Lakin köhnə avtomobillərin də yollarda qalması və uzunmüddətli tıxacların davam etməsi ümumi tullantıların azalmasını çətinləşdirir”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da saytımıza açıqlamasında bildirib ki, maşın yerində dayansa da, mühərrik işləyirsə, yanacaq sərf olunur:
“Avtomobil işlək vəziyyətdə, hərəkətsiz halda yerində dayanırsa, yenə də yanacaq sərfiyyatı olur. Təbii ki, bu sərfiyyat avtomobil hərəkətdə olduğu zamankından daha azdır. Hər avtomobilin mühərrik həcmi və yanacaq sərfiyyatı fərqli olduğu üçün konkret rəqəm demək mümkün deyil. Lakin orta hesabla hərəkətdə olan avtomobilin sərf etdiyi yanacağın təxminən 15-20 faizi mühərrik yerində işləyərkən sərf olunur. Avtomobildə soyutma və ya isitmə sistemlərindən istifadə edilərkən bu miqdar daha da arta bilər. Bu baxımdan hər avtomobil üçün dəqiq yanacaq sərfiyyatı müəyyənləşdirmək mümkün deyil.

Ümumilikdə, bu, ciddi ekoloji problemdir. Avtomobil hərəkət etmədən, sadəcə yerində işlədiyi zaman da ətrafa zərərli tullantılar buraxır. Tıxacların ölkəyə və ümumilikdə dünya iqtisadiyyatına vurduğu zərər də kifayət qədər böyükdür.
Tıxaclar insanların gündəlik iş prosesinin pozulmasına, əmək qabiliyyətinin zəifləməsinə, əsəb sisteminə mənfi təsir göstərməsinə, müxtəlif xəstəliklərin yaranmasına və digər problemlərə səbəb ola bilər. Bu, normal və arzuolunan hal deyil və məsələyə ciddi yanaşılmalıdır.
Bütün dünya bu problemlə üzləşir və onun həlli yollarını axtarır. Bəzi ölkələr artıq bu istiqamətdə müəyyən nəticələr əldə ediblər. Azərbaycan da bu problemin həlli üçün müxtəlif addımlar atır, sənədlər və proqramlar qəbul edir. Hesab edirəm ki, həmin sənədlərin və proqramların icrası müəyyən nəticələr verə bilər. Çünki digər ölkələrdə də oxşar yanaşmalar sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub”.
O, deyib ki, maşın tez-tez dayanıb hərəkət edirsə, mühərriki hər dəfə söndürüb-yandırmaq düzgün deyil:
“Avtomobili tez-tez söndürüb-yandırmağın isə hər zaman faydası yoxdur. Əksinə, mühərriki qısa fasilələrlə davamlı şəkildə söndürüb-yandırmaq mühərrikə və digər mexanizmlərə zərər verə bilər. Ona görə də normal hərəkətlilik varsa, mühərriki söndürməyə ehtiyac yoxdur.
Təbii ki, avtomobil uzun müddət tamamilə hərəkətsiz qalacaqsa, mühərriki söndürmək daha məqsədəuyğundur. Məsələn, tıxac tam dayanıbsa və avtomobilin uzun müddət hərəkət etməyəcəyi məlumdursa, mühərriki söndürmək olar. Yerində işləyən mühərrikin ətraf mühitə əlavə tullantı buraxmasındansa, avtomobili söndürmək daha yaxşıdır.
Amma avtomobil bir neçə metr hərəkət edib yenidən dayanırsa, hər dəfə mühərriki söndürüb-yandırmaq düzgün deyil. Hərəkətlilik varsa, mühərriki söndürməyə ehtiyac yoxdur. Əgər hərəkət tamamilə dayanıbsa və uzun müddət davam edəcəksə, mühərriki söndürmək olar.
Bu səbəbdən tıxacda qalmaq avtomobil sahibinə yalnız vaxt itkisi yaratmır. Uzun müddət davam edən dayanma-hərəkət rejimi həm yanacaq sərfiyyatını artırır, həm avtomobilin istismarına təsir edir, həm də atmosferə daha çox tullantı atılmasına səbəb olur”.
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə












