Universitetlər paytaxtdan köçürülür? – Bakının BAŞ PLANI BÖLGƏLƏRİ İNKİŞAF ETDİRƏ BİLƏR

Şəhər planlaması hər bir meqapolis üçün vacib məsələlərdən biridir. Bakı kimi sürətlə inkişaf edən bir şəhərdə əhalinin sıxlığı, nəqliyyat axını və sosial infrastrukturun idarə olunması mühüm əhəmiyyət kəsb edir.
Bakının Baş planına uyğun olaraq universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi təklif olunur. Bu addımın əsas məqsədi tıxacların azalması, şəhər infrastrukturunun daha effektiv idarə olunması və tələbələr üçün daha geniş, müasir kampus şəraitinin yaradılması ola bilər.
Bəs bu addım Bakının gələcək inkişafı üçün nə dərəcədə effektiv ola bilər? Universitetlərin şəhər kənarlarına köçürülməsi tələbələr və sakinləri üçün hansı çətinlikləri yarada bilər?
Təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onun sözlərinə görə, xüsusilə paytaxtda yerləşən və tələbə kontingenti çox olan universitetlər şəhərin mərkəzində yerləşdiyindən nəqliyyat sıxlığına səbəb olur:

"BDU, AZMİU, AZTU, ADU və ADNSU kimi universitetlər şəhərin mərkəzində yerləşir və burada daha çox tələbə hazırlığı həyata keçirilir. Bundan əlavə, ADPU-nun əsas binasının da şəhərin mərkəzində yerləşməsi yol hərəkəti sıxlığının artmasına təsir edir. Düşünürəm ki, baş plan hazırlanarkən böyük universitetlər, xüsusilə tələbə sayı çox olanlar şəhərdən kənara köçürülməlidir. Hətta bəzi universitetlərin regionlara köçürülməsi ölkənin iqtisadi inkişafına da töhfə verə bilər. Məsələn, AzMİU və AzTU paytaxtdan kənara çıxarıla bilər. Digər universitetlər isə Abşeron rayonu, Günəşli, Hövsan, Sabunçu və Suraxanı kimi ərazilərə köçürülə bilər. Hazırda BMU Xırdalan şəhərində yerləşir və bu ərazidə əlavə bir kampusun yaradılması ilə digər universitetlər də ora köçürülə bilər".
Elçin Əfəndi əlavə edib ki, universitetlərin şəhərdən kənara köçürülməsi heç bir ciddi problem yaratmayacaq, əksinə, yol infrastrukturundakı yüklənməni azaldacaq:
"Paytaxt universitetlərinin qarşısında tələbələrin avtomobilləri sıxlıq yaradır. Bu da tıxacların artmasına təsir edən faktorlardan biridir. Bundan əlavə, paytaxt ətrafında yaşayan vətəndaşlar da övladlarını şəhərin mərkəzindəki məktəblərə gətirmək üçün uzun məsafə qət edirlər ki, bu da nəqliyyat sıxlığını artırır. Halbuki qanunvericiliyə əsasən, uşaqlar yaşadıqları ərazi üzrə məktəblərə qeydiyyata alınmalıdır. Universitetlərin şəhərdən kənara köçürülməsi bu problemin qarşısını ala bilər".
Ekspert qeyd edib ki, universitetlər kənara köçürüldükdə orada tələbələr üçün tam şərait yaradılmalıdır:
"Yeni kampuslarda yataqxanalar, kitabxanalar, laboratoriyalar, idman meydançaları və əyləncə mərkəzləri qurulmalıdır. Belə olan halda, tələbələr həmin universitet ərazisində daha çox elm və təhsilə yönələcəklər. Bu da təhsilin keyfiyyətinə müsbət təsir edəcək".
Sonda ekspert bəzi xüsusi təyinatlı ali təhsil müəssisələrinin artıq şəhərdən kənarda yerləşdiyini xatırladıb.
"Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və FHN Akademiyası şəhərdən bir qədər kənarda yerləşir və bu baxımdan böyük sıxlıq yaratmırlar. Çünki həmin tələbələr həftənin 6 günü akademiya daxilində olurlar. Ancaq digər dövlət və özəl universitetlər ciddi sıxlıq yaradır. Düşünürəm ki, dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar məqsədəuyğundur və yaxın gələcəkdə bu sahədə müvafiq addımlar atılacaq".
Eltac Zülfüqaroğlu
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










