Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT

Gündəm 20 Avqust 2026 14:16
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda bank müştərilərinin eyni bank daxilində pul köçürmələri və bankomatlardan nağdlaşdırma zamanı tətbiq olunan komissiyalar müzakirə mövzusudur.

Avtosfer.az xəbər verir ki, bir sıra ölkələrdə eyni bankın müştəriləri arasında pul köçürmələri və həmin bankın bankomatlarından istifadə zamanı əlavə komissiya tətbiq olunmur. Bəs Azərbaycanda bankların bu sahədə tətbiq etdiyi daxili qaydalar hansı prinsiplərə əsaslanır və vətəndaş öz bankının bankomatından istifadə edərkən komissiya ödəməmək üçün nə etməlidir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, bir çox ölkələrdə belə qaydalar mövcuddur:


"Avropa İttifaqı ölkələrində isə bu məsələ ümumiyyətlə qanunvericilik səviyyəsində tənzimlənir. Bəzi ölkələrdə banklar arasında daxili pul köçürmələrinə və eyni bankın bankomatlarından istifadəyə görə komissiya tutulmaması ilə bağlı konkret qaydalar tətbiq olunur. Azərbaycanda da bu məsələnin ya qanunvericiliklə tənzimlənməsinə, yəni belə bir qanunun qəbul olunmasına ehtiyac var, yaxud da banklar öz aralarında razılaşma əldə etməlidirlər. Banklar razılaşmalıdırlar ki, ölkə daxilində, xüsusilə eyni bankın müştəriləri arasında həyata keçirilən pul köçürmələrindən komissiya alınmasın və ya müştəri öz bankının bankomatından istifadə etdikdə əlavə ödəniş tutulmasın. Çünki ölkədə sistem qurucu rolunu oynayan bir neçə böyük bank var və onların bankomat şəbəkəsi digər banklarla müqayisədə daha genişdir. Həmin bankomatların saxlanılması və fəaliyyətinin təmin edilməsi isə müəyyən xərclər tələb edir. Bankomatların təhlükəsizliyini təmin etmək, onları nağd pulla təmin etmək, texniki xidmət göstərmək və bütün bunların logistikasını təşkil etmək lazımdır".

İqtisadçı qeyd edib ki, digər tərəfdən, böyük banklar da istəmirlər ki, kiçik banklar heç bir əlavə yatırım etmədən onların yaratdığı infrastrukturdan istifadə etsinlər:
"Bu baxımdan, böyük bankların da maraqlarının nəzərə alınması və onların müəyyən formada stimullaşdırılması vacibdir. Bunun üçün müəyyən vergi güzəştləri tətbiq oluna və ya banklara başqa formada maliyyə və ödəniş güzəştləri verilə bilər. Amma ümumilikdə, məntiqlə yanaşdıqda, ölkə daxilində pul köçürmələrinin və bankomatlardan istifadənin mümkün qədər rüsumsuz və ödənişsiz olması kifayət qədər aktual məsələdir. Bunun reallaşdırılması üçün müxtəlif mexanizmlər mövcuddur. Burada həm qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi, həm banklar arasında razılaşmaların əldə olunması, həm də infrastruktur xərclərinin kompensasiya edilməsi üçün müəyyən stimullaşdırıcı mexanizmlərin yaradılması mümkündür".

İqtisadçı Xalid Kərimlinin fikrinə isə, Azərbaycanda bir çox banklarda, dediyiniz kimi, eyni bankın müştəriləri arasında köçürmələr komissiyasızdır:


"Cari hesablardan köçürmələrdə, kartdan-karta köçürmələrdə isə müəyyən limitlər var. Bu, bankların öz siyasətidir. Ümumiyyətlə, bir şeyi bilək ki, pulsuz heç nə yoxdur. Sadəcə, pulun xərcini başqası çəkə bilər. Banklar həmin xərclərin bir hissəsini öz üzərinə götürərək müştəridən almaya bilərlər. Amma bu da onların öz qərarıdır. Rəqabət onları sıxışdırıb belə bir vəziyyətə gətirə bilər, yəni məcburiyyət qarşısında qala bilərlər. Cari hesablar üzrə banklararası köçürmələrdə komissiya yoxdur. Amma kartlarda, kartdan-karta əməliyyatlarda müəyyən limitlər var. Həmin limitə qədər bəzilərində pulsuzdur, bəzilərində isə yoxdur. Banklar göstərdikləri xidmətlərə görə qiymətləri özləri müəyyənləşdirirlər. Neçə faiz olacaq, baha və ya ucuz olacaq – bunlar bankın öz işidir. Vətəndaş da özünə sərf edən bankı seçməlidir. Ən yaxşı şərti kim verirsə, ora getməlidir ki, digər banklar da məcbur olub qiymətlərinə yenidən baxsınlar. Vətəndaş baxmalıdır ki, hansı bank daha ucuzdur, daha yaxşı və daha geniş imkanlar təqdim edir və ona yönəlməlidir. Bank xidmət göstərirsə, həmin xidmətə görə qiyməti özü müəyyənləşdirə bilər. Bankomatın işləməsi, ora pul qoyulması, təhlükəsizliyin təmin edilməsi, bankomatın yerləşdiyi yer üçün icarə haqqının ödənilməsi və digər məsələlərin hamısı banka xərcə başa gəlir. Hər bankomat bank üçün bir xərcdir. Vətəndaş hansı bankın daha ucuz xidmət göstərdiyini müəyyənləşdirərək həmin banka yönələ bilər".

Fatimə

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh